Salehin gedişi razılaşdırıldı

Bu gün Yəmən iqtidarı və müxalifəti diktatorun hakimiyyətdən dinc yolla uzaqlaşdırılması planını imzalayacaq

 

Yəməndə 32 ildir ölkəni dəmir yumruqla idarə edən Əli Abdulla Salehin yola salınması prosesinə start verildiyini söyləmək olar. Çünki ölkə müxalifəti Körfəz Ölkələri Əməkdaşlıq Təşkilatının Yəməndə yaşanan siyasi böhranın başa çatdırılması üçün irəli sürdüyü “yol xəritəsi”ni qəbul etdiyini açıqlayıb. “Reuters” agentliyinin verdiyi məlumata görə, Yəmən müxalifəti “yol xəritəsi”ni tam qəbul edərək, keçid hökumətinin formalaşdırılmasında iştiraka hazır olduğunu bildirib.
Milli Xalq Konqresi partiyasının baş katibinin müavini Sultan Əl Bərəkani “yol xəritəsi”nin bu gün Ər-Riyadda imzalanması üçün Səudiyyə Ərəbistanından dəvət gəldiyini söyləyib. Müxalifət də bu gün plana Ər-Riyadda imza atılacağını təsdiqləyib. Qeyd edək ki, ötən həftə Yəmənin hakim Milli Xalq Konqresi partiyası sözügedən “yol xəritəsi”ni bəyəndiyini açıqlamışdı. Plana görə, Milli Birlik hökuməti formalaşdıqdan sonra prezident Əli Abdulla Saleh 30 gün ərzində istefa verməlidir. Hökumət təyin olunduqdan sonra prezident hakimiyyəti vitse-prezidentə verməli, müxalifət isə nümayişlərə son qoymalıdır.

 

İnformasiya şöbəsi