Rusun və Əliyevlərin istilası

Məhəmməd Əmin Rəsulzadə “Əsrimizin Səyavuşu” əsərində azərbaycanlıların milli özünüdərki ilə bağlı maraqlı bir analiz var. Nə qədər paradoksal görünsə də, M.Ə.Rəsulzadə yazır ki, Çar Rusiyasının Azərbaycanı istilası milli özünütanımaya yol açıb. Axı ruslar gələnədək birgə yaşayan Azərbaycan türklərilə farslar demək olar ki, eyni mentalitet və inancda idi. Özəl cəhətləri və keyfiyyətləri görmək, qiymətləndirmək üçün müxtəliflik, müqayisə lazım idi ki, bunu da rus istilası gətirdi. Buna görə də Rəsulzadə yazırdı: “Rus istilasının xeyri bu oldu ki, azərbaycanlılar özlərinin ictimai bir vücud, xüsusi mədəniyyət toxumlarını daşıyan bir cəmiyyət, yəni ruslardan ayrı bir millət olduqlarını hiss etməyə başladılar”.

M.Ə.Rəsulzadənin dəqiq qeydlərinin altına təsdiq imzası atmamaq mümkünsüz. Ancaq bu gün onun fikirlərini genişləndirmək üçün münbit şərait var. Bu gün rus istilası (istila ərəb sözüdür, anlamı ələ keçirmə, alma, işğaldır) yoxdur, ancaq azərbaycanlılar daha amansız istila altındadır. Əliyevlər 18 ildir Azərbaycanı işğal ediblər. Bəli, bunun o yan-bu yanı yoxdur, hakimiyyətin qəsbi elə istilanın özüdür. Bizim Konstitusiyaya görə, hakimiyyətin mənbəyi xalqdır. Xalq isə, seçkilərin total şəkildə saxtalaşdırılması yoluyla hakimiyyətin formalaşdırılmasından kənarda saxlanılır. Xalqın iradəsinə hörmət qoyulmayan yer işğaldır. Işğalın başında buynuz-filan olmur.

Rus istilasının azərbaycanlılara özünü tanımaq üçün yaratdığı imkandan Əliyevlərin işğalı da yaradıb. Nədir bunlar?
Gec də olsa, anladıq ki, bizi idarə edənlərin bizdən olması heç də əsas şərt deyil. Yadınızdadırsa, rus istilasından təzə-təzə qurtardığımız vaxt belə bir fikir çox populyar idi:

“Öz millətimin diktatorunu başqa xalqın demokratından üstün tuturam”. Bu gün isə bizi Ivan idarə etmir, kənd icra nümayəndəmizdən birinci şəxsə qədər hamısının pasportunda “azərbaycanlı” yazılan məmmədlər, vəlilərdi…

Deməli, insan olmaq əsas şərtdir. Avtoritar təfəkkürlü rəhbər haqqında cinayətkarlar barədə deyilənləri (zatən tiranlar hamısı cinayətkardı) rahatlıqla təkrarlaya bilərik: “Tiranların, despotların vətəni, milləti yoxdur”.

1937-ci il repressiyalarına ölkəmizdə hələ də urapatriot yanaşma davam edir. Bunu repressiya illərinə həsr edilən və  yaxınlarda çap olunan bir neçə kitabı oxuyandan sonra təəssüflə qeyd edirəm.

Azərbaycanın hətta tədqiqatçı alimlərinə də elə gəlir ki, 37-ci il repressiyaları, ancaq bizim millət üçün düşünülmüş qanlı plan olub. Nə yaxşı ki, həmin vaxt 4-5 rus, erməni prokuror olub, rahatlıqla ölümləri də onların boynuna şəlləyib işi bitmiş sayırlar. Qalın-qalın kitabların bir küncünə qara hərflərlə nədən yazılmır ki, 37-ci il repressiya dalğası bütün sovetləri əhatə edib? Bütün millətlər bu qanlı illərdən öz nəsibini alıb. Azərbaycana qalanda isə, 37-də bizim ölkənin təkcə türklərini yox, ruslarını, yəhudilərini, ermənilərini də qırıb, Sibirə yollayıblar.

Nəsə, uzunçuluq etməyim, 1937-dən 2011-ə gələk. Bu gün xalqın mübariz və ləyaqətli oğulları, qızları dövlət aparatı, polis və prokurorluq, xüsusi xidmət orqanlarının əlilə repressiya olunur…

Xalqın xoş sabahı, ədaləti və rifah içində bir cəmiyyət üçün meydana çıxan insanları döyürlər, söyürlər, şərləyirlər, qurama ittihamlarla həbsə atırlar. Bunları Sumbatov-Tupurudze etmir ki…

Beləliklə zülmün sifəti birdir, onu kimin etməsinin heç bir fərqi yoxdur. Süleyman Nemətovun yumruğu bal, Mikoyanınkı zəhər dadmır.