Keçmiş daxili işlər naziri devrilmiş diktatoru ifşa etdi
Misirdə Hüsnü Mübarək rejiminin son günlərinin “qara qutusu” adlandırılan keçmiş daxili işlər naziri Həbib əl Ədliyyə məhkəmə qarşısına çıxarılıb. O, Hüsnü Mübarək hakimiyyətinə qarşı etiraz aksiyalarına sərt müdaxiləyə, o cümlədən nümayişçilərə odlu silahdan atəş açılması əmrinin verilməsinə görə mühakimə olunacaq. Keçmiş nazirlə birlikdə onun 6 müavini də məhkəmə qarşısına çıxarılacaq.
Həbib əl Ədliyyənin günahı sübuta yeririlərsə, o, edam olunacaq. Keçmiş nazir və 6 müavininin məhkəmə prosesi mayın 21-də başlayacaq. Onlar srağagün məhkəmə zalına gətirilərkən, Mübarək rejiminə qarşı mitinqlərdə həlak olmuş 848 nəfərin yaxınları məhkəmənin binası önündə aksiya keçirib. Onlar nazir, müavinləri və digər günahkarların edam olunmasını tələb edib.
Mübarəkin “qara qutusu” Həbib əl Ədliyyə isə hadisələrdə günahı olmadığını, sadəcə, devrilmiş diktatorun əmrlərini yerinə yetirdiyini bildirib. Hüsnü Mübarək də öz növbəsində bütün günahın Ədliyyədə olduğunu və etirazçılara qarşı silah işlədilməsi əmrini vermədiyini söyləyir.
Diktatorun yaxın dostu “ilişdi”
Bundan başqa, dünən Qahirədəki beynəlxalq hava limanında devrilmiş diktator Hüsnü Mübarəkə yaxınlığı ilə tanınan Hüseyn Saləmə məxsus qızıl və gümüş dolu 100 çemodanın ölkədən çıxarılmasının qarşısı alınıb. Çemodanlarda 4 min ədəd qızıl və gümüşdən düzəldilmiş qiymətli əşya aşkarlanıb.
Misirin rəsmi Nil televiziyası bildirib ki, Səudiyyə Ərəbistanına göndərilməsi planlaşdırılan qiymətli əşyalar Hüsnü Mübarəkin yaxın dostu və polisin axtardığı iş adamı Hüseyn Saləmə çatdırılmalıymış.
Xatırladaq ki, Hüseyn Saləm Misir qızılının Israilə ucuz qiymətə satılması ilə əlaqədar müqavilənin əsas müəlliflərindən biridir. O, korrupsiya və maliyyə fırıldaqlarında günahlandırılır.
Onu da əlavə edək ki, Hüsnü Mübarəkin devrilməsindən sonra bir çox iş adamı, siyasətçi və bürokratların pul, qızıl, tarixi əsər və digər qiymətli daşları xaricə qaçırdığı barədə xəbərlər yayılıb.