Kişi necə yaltaq olur?

Bu sualı mənə bir oxucu yollamışdı. Konkret adlar da yazmışdı ki, bəs filan-filan kişilər hamının gözü qarşısında yaltaqlıq edir. “Onların bəziləri əvvəllər fərqli idi. Hətta kimlərsə haçansa dirəniş və ləyaqətləri ilə seçilib. Onlara cəmiyyətimizdə hörmət olub. Amma necə olur ki, insan birdən dönüb yaltaq olur?”.

Əvvəlcə mən bu mürəkkəb sualın qarşısında xeyli düşündüm,  sualın psixoloji, etik, sosial tərəflərini təxmin edib qərar verdim ki, lakonik bir cavabla ondan qurtulum. Təsəvvür edin ki, kimsə gedib yaltaqlıq edir, mənsə ilin-günün bu vaxtında onun bu halı üzərində bir traktat yazmalıyam. Asan və xoşagələn iş də deyil. Odur ki, belə bir qısa cavab yazdım: “Dəyərli dostum, bu xeyli mürəkkəb proses ola bilər. Daha çox insanın yaltaq olmasının ictimai tərəflərinə diqqət çəkə bilərəm. Fikrimcə, bu, sosial bir problemdir. Məncə, qadın hansı səbəbdən fahişə olursa, kişi də o səbəbdən yaltaq olur”.

Niyə bu cavabı verdim? Məqsədim yaltaqlığı fahişəliyə bənzətmək idi, yoxsa doğrudan da bu iki hal arasında oxşarlıq görürəm? Dərhal xatırladım ki, mən fahişələri daha çox zərərçəkən, yaltaqları isə daha çox ziyanverici sayıram. Amma insanın hər iki yolu seçməsinin eyni sosial səbəblərini görürəm. Üstəlik, onları öncə ictimai bəla sayıram, eyni sosial-siyasi səbəblərinin olduğunu qəbul edirəm.

Bəri başdan onu da deyim ki, şəxsi ləyaqət hissini bütün hallarda hər şeydən üstün tutan adamların olduğunu sizlər kimi mən də qəbul edirəm. Insanlığın dəyəri, insanın qiyməti də elə bundadır. Kimlərsə ən çətin səbəblər olduqda belə, ləyaqətsiz yolu tutmağı ölümdən betər sayır. Amma böyük bir qrup üçün belə deyil, onlar ictimai təlatümlər, sosial çətinliklər, siyasi basqılar altında ləyaqətsiz yolları seçirlər. Bunu izah etmək üçün Norveçdə rastlaşdığım bir hadisəni danışmalı olacağam.
Qadın niyə fahişə olur?

Iki il öncə bir neçə həmkarımla birlikdə Osloya getmişdik. Ölkənin zənginliyi, ədaləti, humanizmi bizi heyran qoymuşdu. Sanki cənnətə düşmüşdük. Səfər zamanı biz Milli Qalereyada maraqlı bir rəsm əsərinə rast gəldik. Rəsmdə qadınlar həkim qapısının önündə sıra ilə düzülüb, yanlarında da bir polis var. Maraq bizi götürdü. Öyrəndik ki, bu qadınlar fahişələrdir. Bu rəsmi məşhur rəssam Kristian Kroqe (1852-1925) çəkib, o zaman ölkədə problemlər çox ağır idi, ədalətsizlik və səfalət hökm sürürdü. Fahişəlik də çox yayılmışdı. Kroqe həm də jurnalist olub və öz dövründə qadağan olunmuş “Albertino” romanının müəllifidir. Roman da ölkədə fahişəliyin tüğyan etməsindən bəhs edirdi. Hakimiyyət kitaba qadağa qoymuşdu. Amma Kroqe dayanmadan işləyirdi, yolundan dönmürdü, sarayın lap yaxınlığında yaşasa da saray şairi, saray yazıçısı, deputat olmurdu. Ölkədəki real durumu, onun səbəblərini ifşa edirdi. Rəsmlərindən biri də fahişələrin məcburi şəkildə həkimdən keçməsinə həsr edilib. Biz də həmin əsərə baxırdıq. Elə oradaca bələdçilərə, bizi dəvət edən fondun işçilərinə sual verdik: “Indi də bu ölkədə fahişəlik varmı?” Cavab belə oldu: “Norveçli qadının buna ehtiyacı da yoxdur. Onun işi, qazancı, sosial güvəni və seçim azadlığı var. Belələri olsa da, ancaq gəlmələrdir”.

Yaltaqlığı, fahişəliyi yaşadan rejim

Avtoritar rejimlər cəmiyyətimizi hər bəlaya sürükləyir, biz isə daha çox Dubaya gedən qadınları qınayırıq. Belə düşünmək bədbəxtlikdir. Heç kim demir ki, fahişələrə haqq qazandırmalıyıq. Amma onların niyə bu yola düşdüyünü dərk etməli və azadlıqlarımızı qəsb edən, ölkəmizi talayan, inkişafdan saxlayan siyasi quldurluğu da tanımalıyıq. Normal işi, qazancı, azadlıqları olan professor yaltaqlıq edərmi? Onun yaltaqlıq etməsi hörmətə layiq deyil, amma onu bu hala salan ictimai səbəblər daha çox nifrətə layiqdir. Bu ölkədə qadını fahişəliyə sürükləyən ictimai səbəblər hansılardırsa, kişini də yaltaqlığa sürükləyən eyni bəlalardır. Baxmayaraq ki, kişinin də, qadının da bu bəlalara qarşı dirənmək haqqı var. Bu bəlalardan birlikdə qurtulmaq imkanı da var.