Azərbaycan türklərinin qurultayı ilə bağlı qalmaqal

Nazim Ibrahimov tədbirin baş tutmaması üçün pul təklif edib, iştirakçılara təhdidlər yağdırıb

Mətbuatda Türkiyədə yaşayan Azərbaycan türklərinin I Qurultayı ilə bağlı ilginc məlumatlar yayılır. “Gündəm xəbər” qəzetinin yazdığına görə, Diaspora Komitəsinin rəhbəri ciddi-cəhdlə tədbirin baş tutmamasına çalışıb.
Qurultay iştirakçılarından birinin qəzetə verdiyi məlumata görə, toplantının başlanmasından bir neçə gün əvvəl Nazim Ibrahimov təşkilatçılarla görüşüb. Komitə sədri onlara təklif edib ki, qurultaya çəkilən bütün xərcləri ödəməyə hazırdır, təki tədbir təxirə salınsın. Təşkilatçıların imtinasından sonra N.Ibrahimov başqa taktika seçərək Dövlət Komitəsi ilə əməkdaşlıq edən və xaricdəki azərbaycanlılarla işləyən diaspora rəhbərlərini təhdid edib. Diaspora sədri deyib ki, əgər Azərbaycan hökuməti ilə işləyən kimsə bu tədbirdə iştirak etsə, o zaman yerli mətbuatda həmin adamların Irana işləməsi barədə yazılar yazdıracaq.
Maraqlıdır ki, tədbirin təşkilatçılarından olan Azərbaycan-Türkiyə Dostluq Dərnəyinin rəhbəri Ramiz Əsgər tədbirdə iştirak etməməklə yanaşı, həm də N.Ibrahimovun göstərişlərini yerinə yetirərək digər tanışlarına da müxtəlif təkliflər edib.
Söz verib tədbirə qatılmayanlar arasında millət vəkili Gülər Əhmədova da olub. Deyilənlərə görə, G.Əhmədova hətta təşkilatçılara biletlərini də aldırıb, lakin son anda  iştirakdan imtina edib. Qurultayda iştirakla bağlı rəsmən açıqlamalar verən millət vəkilləri Aqil Abbas, Sabir Rüstəmxanlı və xalq şairi Zəlimxan Yaqub da son anda imtina cavabı verənlər arasındadır. Dünyanın əksər dövlətlərində yaşayan azərbaycanlı diaspora mərkəzlərinin də ən son anda tədbirə qatılmaqdan vaz keçmələri qurultay iştirakçılarının sayının yarıbayarı azalmasına səbəb olub. Amma buna baxmayaraq tədbir baş tutub.
Dünən tədbirdə iştirakla bağlı öncədən söz verib sonra imtina etdikləri bildirilən şəxslərin ikisi ilə əlaqə saxladıq. Aqil Abbas təsdiqlədi ki, özü də, həyat yoldaşı da bu tədbirə dəvət olunub. Lakin maddi imkan olmadığı üçün qurultaya qatılmaqdan imtina ediblər. Sabir Rüstəmxanlı ilə bağlı məqama isə onun rəhbəri olduğu Vətəndaş Həmrəyliyi Partiyasının mətbuat katibi Anar Niftəliyev aydınlıq gətirdi. A.Niftəliyev bildirdi ki, həmin vaxt S.Rüstəmxanlı Tatarıstanda səfərdə olub. Bu səbəbdən də Türkiyədəki tədbirə qatıla bilməyib.