«Hüquq elmlərinin prioritet istiqamətləri və hüquqşünas alimlərin qarşısında duran vəzifələr» konfransının materialları üzərində gəzişmələr
Ənnağı Hacıbəyli
Ötən ilin sonlarında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 65 illik yubileyinə həsr olunmuş “Hüquq elmlərinin prioritet istiqamətləri və hüquqşünas alimlərin qarşısında duran vəzifələr” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirildi. Konfransın materialları “ELM” nəşriyyatında çap olunub və bu yazıda istinad olunun mənbələr də həmin kitabdan götürülüb. Konfransın materiallarında toplanmış yazıların əksəriyyəti elmi cəhətdən önəmi olmayan məmur yazıları və ya dissertasiya müdafiəsinə hesablanmış publikasiyalar olduğundan onlara vaxt itirməyə dəyməz. Amma bəzi yazılar özünü hüquq elminin aparıcı simaları sayan alimlərə məxsusdur və düşünürəm ki, bu yazılar diqqətdən kənarda qalmamalıdır. Üstəlik, Azərbaycan hüquq elminin çağdaş durumunu əks etdirdiyindən bu yazılar özəl maraq doğurur.
2010-cu ilin məlumatına görə, ölkədə 30-a yaxın hüquq elmləri doktoru, 100-ə yaxın elmlər namizədi var. Bu rəqəmlər bir ölkə üçün az sayıla bilər, amma önəmli olan təbii ki, kəmiyyət deyil, keyfiyyətdir. Məni daha çox bu rəqəmlərin arxasında dayanan elmi nailiyyətlər düşündürür. Ola bilərdi ki, ölkədə cəmi bir nəfər hüquq elmləri doktoru olardı, amma onu dünyada demirəm, heç olmasa qonşu ölkələrdə tanıyardılar. Bir çoxları müəllimim olmuş doktorlar yəqin ki, məndən inciməzlər – mən beləsini tanımıram.
Elmlər doktoru olmaq hansısa elm sahəsində fundamental elmi nəticələr əldə etmək, hansısa fundamental elmi problem qaldırmaq və ya başqasının qaldırdığı belə bir problemi həll etməkdir. Belədirsə, buyurun, göstərin görək hansı hüquq alimimiz bu işin öhdəsindən gəlib.
Konfransın materiallarının bir çoxunda sovet dövrünün qurultaylarının ruhu hiss olunur. Aşağıdakı sitatları oxuyanda siz də, əziz oxucu, özünüzü bir anlıq 70-ci illərdə hiss edəcəksiniz.
“Elmin inkişafı üzrə Milli Strategiyanın və Dövlət Proqramı”nın icrası ilə əlaqədar hüquqşünas alimlərdən ibarət işçi qrupunun rəhbəri, hüquq elmləri doktoru, professor Kamil Səlimov: “…biz konkret tədbirlər həyata keçirməliyik ki, akademik R.Ə.Mehdiyevin qeyd etdiyi problemləri (R.Ə.Mehdiyevin ”Ictimai və humanitar elmlər: zaman kontekstində baxış” adlı məqaləsində deyilmiş “hüquq təhsili, hüquq kadrlarının hazırlanması və elmi-tədqiqat işlərinin keyfiyyəti günün tələbləri səviyyəsində deyil” fikri nəzərdə tutulur – müəllif.) aradan qaldıraq”.
Sual yaranır: hüquq professoru nədən hüquq elminin və təhsilinin problemlərini bu sahəyə dəxli olmayan adamdan öyrənir? Prezident Administrasiyasının rəhbəri deməsəydi, bu problemlər mövcud deyildi, ya onlardan danışmaq olmazdı? Görünür, “Elmin inkişafı üzrə Milli Strategiyanın və Dövlət Proqramı”nın icrası ilə əlaqədar hüquqşünas alimlərdən ibarət işçi qrupunun rəhbəri olmaq üçün hüquq elminin problemlərini kimdən öyrənməyi yaxşı bilməlisən.
Hüquq elminin inkişaf tendensiyalarını müəyyən edəcək işçi qrupun rəhbəri yazır: “…Prezident fərmanına uyğun olaraq ölkənin milli təhlükəsizliyinin təmin edilməsi ilə bağlı mövzular elmi tədqiqatların prioritetinə çevrilməlidir”.
Yaxın gələcəkdə Azərbaycan hüquq elminin nailiyyətləri MTN-in Akademiyasında aparılan tədqiqatlarla müəyyən olunacaq. Bu, insan hüquq və azadlıqlarının təmin edilməsinə yönəlik tədqiqatlardan daha önəmlidir.
Bu ustanovkaları rəhbər tutan müəllif hüquqçu alimlər qarşısında duran vəzifəni belə müəyyən edir: “hüquqi tədqiqatların diaqnostikasının aparılması”. Əslində, Milli Strategiya və Dövlət Proqramı qəbul etmədən də bu vəzifəni yerinə yetirmək olardı. Məsələn, mən çox asanlıqla hüquq elminə diaqnoz qoya bilərəm: onu təcili reanimasiyaya yerləşdirmək lazımdır.
Başqa bir yazı hüquq elmləri doktoru Mirağa Cəfərquliyevin qələmindən çıxıb: “Hüquq elmlərinin gələcək inkişafını tam dərk etmək üçün Elmin inkişafı üzrə Milli Strategiyanın mahiyyətinin açıqlanması və təhlili artıq kifayət edir”.
Mirağa müəllim, “Hüquq elmlərinin gələcək inkişafını tam dərk etmək üçün” belə müvəqqəti, formal, deklarativ söz yığınını tərifləmək azdır, gerçək elmi araşdırmaları oxumaq, bir sözlə, gerçək elmlə məşğul olmaq gərəkdir. Çünki belə sənədlər dediyiniz kimi “kiminsə marağı ucbatından qeyri-mütəxəssis tərəfindən hazırlanmış Cinayət, Cinayət-prosessual, Mülki, Mülki-prosessual, Gömrük, Inzibati xətalar və digər məcəllələr”ə oxşayır. “Alimlər kitabları çap etdirənə qədər maneələr və iztirablara məruz qalırlar”sa, “müasir dövrdə ölkəmizdə elmin inkişafı dövlət siyasətinin ən vacib prioritetlərindən birinə çevrilib” demək olarmı? Hansı qənaətinizə inanaq? Bu bir-birinin ətini yeyən iddialar hansı metodologiyaya əsaslanan elmi araşdırmanın nəticəsidir?
Kitabdakı ən böyük yazılardan biri hüquq elmləri doktoru, AMEA-nın müxbir üzvü Məsumə Məlikovaya məxsusdur. Dövlət və hüquq nəzəriyyəsi sahəsində ölkədə ən böyük alim sayılan Məsumə xanım yazır: “Qəbul edilən sənəd (Elmin inkişafı üzrə ”Dövlət Proqramı” – müəllif.) iki amilin parlaq sübutudur”.
Kommunist Partiyasının sovet elminə atalıq qayğısını xatırladınızmı? Nostalji hisslər bu yazıda adamın burnunun ucunu göynədir. Daha bir sitat: “Hüquq elminin və hüququn inkişafının əsas istiqamətləri içərisində ilk növbədə onların ideoloji funksiyasını… qeyd etmək zəruridir”.
Hüquq elminin konkret sahələri ideoloji funksiyanı necə yerinə yetirəcək? Bu o deməkdirmi ki, hüquq elmi ancaq Prezident Administrasiyasının ustanovkasını rəhbər tutmalı, qanunvericilik və hüquq elmi ancaq onun sifarişləri yönündə inkişaf etməlidir? Məsələn, ölkə iqtisadiyyatını nizamlamalı olan Mülki Məcəllənin ideoloji funksiyası nədən ibarətdir? Bu o deməkdirmi ki, Konstitusiyada YAP-ın Azərbaycan xalqı və dövlətinin hərəkətverici qüvvəsi olması barədə xüsusi maddə olmalıdır?
Deyəsən bir az tələsdim. Sonrakı abzasda bu suallara konkret cavablar var: “Heydər Əliyevin əsərlərində və çıxışlarında əksini tapmış ümummilli ideologiyanın formalaşdırılmasında hüququn təsiredici rolu… şəhadət verir”.
Belə ustanovkalarla alimlər yetişdirmək fəaliyyəti elmi sovet ideologiyasından bu yana dəfələrlə dəyişmiş ideologiyalara şəhadət vermək deməkdir (Allah bu günahsız qurbanlara rəhmət eləsin). Məsumə xanımın BDU-nun “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasındakı az qala yarım əsrlik rəhbərliyi, onun yetirmələrinin Milli Məclisdə, Prezident Administrasiyasında Konstitusiya və qanunların başına açdığı oyunlar buna parlaq misal ola bilər.
Məsumə xanım Milli Məclisdə Prezident Administrasiyasında olan tələbələrinin bənzərsiz əsərləri ilə fəxr etməkdə haqlıdır: “…40 min vətəndaşa qanunvericilik təşəbbüsü hüququnun verilməsini nəzərdə tutan Konstitusiya əlavəsi böyük əhəmiyyət kəsb edir”. Əlbəttə, məhz bu norma sayəsində son iki ildə Konstitusiyamıza demokratiya və insan haqlarını icra hakimiyyətinin, özəlliklə polisin müqəddəs vəzifəsi sayan onlarla əlavə və dəyişiklik edilib. Özəl həyatı, xalqın əmin-amanlığını müqəddəsləşdirən hökumətimiz paparatsilərə, mitinq həvəskarlarına müharibə elan etmək üçün referendumun son nailiyyətlərindən bacarıqla istifadə edib. Telefonlarımıza göstərilən diqqət və qayğıya isə dünyanın bütün demokratik dövlətləri həsəd aparır.
2009-cu il 18 mart Referendumunun bu “nailiyyətlərini” “insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli qorunması” kimi qiymətləndirmək üçün məsələyə ən azı Ziyafət Əsgərov təfəkkürü ilə yanaşmaq gərəkdir.
Amma Məsumə xanımın məqaləsində mübahisəsiz məqamlar da az deyil: “…dövlət siyasətinin dərk edilməsində hüquq elminin perspektiv istiqamətləri arasında mərkəzi mövqe, şübhəsiz ki, şəxsiyyətə… məxsusdur”.
Elmi və stilistik qüsurları nəzərə almasaq, bu fikirlə razılaşmamaq mümkün deyil. Gerçəkdən, dövlət siyasətinin, hüquq elminin perspektiv istiqamətlərinin dərk edilməsində şəxsiyyətin rolu əvəzsizdir. Bu baxımdan Azərbaycanda şəxsiyyət probleminin aktuallığı şübhə doğurmur.
“Eyni bir faktiki materiala müxtəlif yanaşma tərzini” aradan qaldırmaq üçün Redaksiya Şurası yaradılmasını təklif edən Məsumə xanıma Oljas Süleymanovun bir fikrini xatırlatmaq istərdim: “Tənqidçiləri, yəni əks ideyaları olmayan elmi kollektiv fəaliyyət qabiliyyətini itirir. Hamı ”hə” deyirsə, deməli, ya mövzu, ya da kollektivin imkanları tükənib”. Amma bu “hə” o “HƏ”dən deyil. Siyasətdə hamıya “HƏ” dedizdirmək mümkün olmayıbsa, elmdə bunu dedizdirmək heç mümkün olmayacaq.
Azərbaycan elminin mübtəla olduğu qısırlıq mərəzinin başlıca səbəblərindən biri də məhz başqa cür düşünənlərə inkvizisiya dövrünün qaydaları ilə yanaşılmasıdır. Azərbaycanda hüquq təhsili ocağı sayılan BDU-nun hüquq fakültəsində müstəqil düşünən və düşündüyünü deməyə cəsarət edən bir nəfər müəllim qalmayıb. Belə kollektivin fəaliyyət qabiliyyətindən danışmaq, onlardan keyfiyyətli hüquq kadrları və elmi gözləmək isə ciddi söhbət deyil.
Konfransdakı əksər çıxışlarda Qanunvericilik Institutunun yaradılmasının zəruriliyi dəfələrlə qeyd edilir. Hüquq elminə dövlət qayğısından qəşş edib özündən gedən alimlər yaxşı olar ki, özlərinə gəldikdən sonra Prezident Administrasiyasından soruşsunlar: nədən müstəqil dövlətin belə bir institutu yoxdur? Nazirliklərin yalançı akademiyalarına pul tapan hakimiyyət nədən belə bir instituta pul tapmır? Onu saxlamaq boş qalmış onlarla olimpiya komplekslərini saxlamaqdan, körpülər tikməkdən daha az gərəklidirmi?
Rusiyada və başqa ölkələrdə çap olunmuş hüquq ədəbiyyatını almaq hüquqçuların böyük əksəriyyətinin maddi imkanı xaricindədir. Satıcılardan bunun səbəbini soruşanda cavab verirlər ki, “gömrük və gömrükçü rüsumları, vergilər kitabları iki-üç dəfə bahalaşdırır. Onlar üçün fərqi yoxdur, istəyirsən kartof gətir, ya kitab”. Amma, hörmətli alimlər, ölkəni idarə edənlər üçün kartofla kitabın fərqi olmalıdır.
Məsumə xanımın bir fikri ilə qeyd-şərtsiz razıyam: “…əsl elm adamının intellekti zamanın qanunlarına tabe deyil…”.
Əsl elm adamının…