Azərbaycan-Amerika hərbi təlimləri təxirə salınanda dalağım sancmışdı. ABŞ-ın ölkəmizdəki səfirliyi “təxirəsalma əməliyyatı”nın məsuliyyətini Azərbaycanın üzərinə qoyanda isə 18 ildir davam edən uzaqgörən siyasətin müdrikanə məntiqini tam anladım.
Məsələ ondadır ki, 20 ölkənin diplomatı Ictimai Palatanın liderləri ilə görüş keçirəndən sonra Azərbaycan hakimiyyəti dərhal operativ cavab tədbirlərinə başlayıb: əlinə qılınc götürüb, ölkədə qarışıqlıq yaratmaq istəyən beynəlxalq güclərin özünü də olmasa, kölgəsini doğram-doğram edir və əsas hədəf, təbii ki, ABŞ-dır. Zatən, bu ölkəni bir ildən çoxdur ki, “Azərbaycan” kimi dünya siyasətinə yön verən cahanşümal qəzetdə qapazaltı etmişik, ABŞ-ın dış siyasətini zəlil və zəbun günə qoymuşuq. Görünür, Vaşinqton hələ də ağlını başına cəm etməyib və bu səbəbdən daha sarsıdıcı, daha öldürücü, daha aqressiv zərbəni haqq edib.
Son geosiyasi proseslərin təhlili təsdiqləyir ki, ABŞ-Azərbaycan hərbi təlimlərinin təxirə salınmasından sonra Amerika ordusunun beli qırılıb. Obama Administrasiyası o günə qalıb ki, Liviyanı bombardman etməyə belə tərəddüd edir. Əlbəttə, zarafat deyil – Liviyanı tutandan sonra Azərbaycan öz ordusundan 70 nəfəri koalisiya qüvvələrinin tərkibinə qatmasa, NATO Tripolidə sabitliyi bərpa edə bilərmi? Amerika əsgərləri hər il Azərbaycanla hərbi təlimlər keçməsə, dünyanın ən aparıcı ordusu statusunu saxlaya bilərmi?
Əliyev iqtidarının xarici diplomatiyada misli görünməmiş bu uğurlu “hərbi-siyasi təxirəsalma” manevrindən sonra dövlət büdcəsinin özü yox, təkcə kəsiri (!) Azərbaycanın bütövlükdə dövlət büdcəsindən 1.500 dəfə çox olan, öz sərhədləri daxilində yox, sınırlarından kənarda, dünyanın müxtəlif yerində saxladığı hərbi gücü 300 min əsgərlə ölçülən və yatıb yuxumuzda görə bilməyəcəyimiz silahlarla təchiz edilən Amerika ordusunun evi yıxılmaq üzrədir. Bunu anladıqlarındandır ki, ABŞ yüksək çinli diplomatı Tina Kaydenaunu gözlənilmədən və təxirəsalmadan Bakıya səfərə göndərdi.
Ehtimal olunur ki, Dövlət Departamentinin müavin köməkçisi Kaydenau rəsmi Bakını inadından döndərməyə və ABŞ ordusunu çökdürən, sındıran, dağıdan, parçalayan, bölən Azərbaycan hakimiyyətindən xahişə gəlib. Ki, səni and verirəm Uca Şirvinin ruhuna, gəl, cahanşümal general, saysız qələbələr müəllifi, bir çox qlobal savaşları öz hökmü və xarizması ilə udan, adı gələndə Sərkisyanın zağ-zağ əsdiyi Səfər Əbiyevə de, bizim əsgərlərə bir az təlim keçsin. Yoxsa, batarıq, boğularıq, dünyanın qalan hissəsini tuta bilmərik.
Qoy, gəlsinlər yalvarmağa; qoy, ABŞ görsün ki, bu dünyanı kim idarə edir; qoy, möhtərəmimizin qabağında at oynatmağın nə demək olduğunu anlasınlar!
Hələ daha ciddi silahımıza əl atmamışıq – bir də gördün, Bakı-Ceyhanın krantını bağladıq. ABŞ və Qərb hələ dərk etmir ki, 21-ci əsrin siyasi palitrasına çalar qatanlar təkcə
Qəzzafi və Uqo Çaves deyil…
Tale Heydərovun ingilis səxavəti
Fövqəladə Hallar nazirinin oğlu Tale Heydərovun Azərbaycan hakimiyyətinə lobbiçilik üçün Ingiltərə siyasətçilərinə səxavətlə pul xərcləməsini Britaniya mətbuatı gündəmə gətirib. Maraqlı odur ki, müqayisə kimi Bəhreyn Krallığının bir müddət əvvəl eyni missiyalı fəaliyyəti önə çəkilib: Bəhreyn şeyxləri öz xalqını gülləbaran etməzdən az öncə ingilis siyasətçilərini satın almaq üçün külli miqdarda vəsait xərcləyiblərmiş.
Ağlagəlməz olaydır: öz əhalinin sərvətini tala, onu zəlil və miskin duruma sal, millətindən oğurladığın pulları Qərb siyasətçilərinə xərclə ki, onlar öz ölkəndə, öz xalqına zümlərinə göz yumsunlar.
Eyni yolu gedir Azərbaycan iqtidarı – bu xalqdan oğurladığı, taladığı sərvəti özgələrin cibinə dürtür, əcnəbinin ayağı altda payandaz olur ki, öz xalqına zillət çəkdirməkdə davam etsin.
Belə yağı, belə iblisanə, belə manqurt təfəkkürmü olar?