“Korrupsiyaya qarşı mübarizəni hələ görmürəm”

Sabiq baş prokuror Əli Ömərov “Azadlıq”ın suallarına cavab verir

«Tibb bacısı, ümumiyyətlə, hansısa sıravi işçi korrupsiyanın subyekti ola bilməz»

 

«Adamı təhqir etmək, onun haqqında olmayan sözlər demək olmaz, bütün bunlar əxlaqsızlıqdır»

Sabiq baş prokuror Əli Ömərovla təsadüfən keçmiş “Dzerjenski parkı”nda (indiki “Dədə Qorqud parkı”) rastlaşdıq. Fürsətdən istifadə edib müsahibə götürmək istədik. “Mən hava almağa çıxmışam, siz jurnalistlər imkan vermərsiniz də bir az istirahət edək, amma, eybi yox gedib bir çay da içərik” deyərək müsahibəyə razılaşdı. Əli Ömərovla çay süfrəsi arxasında söhbətimizə Idarə Heyətinin üzvü olduğu yenicə yaranmış Azərbaycan Deportasiya Qurbanları Mərkəzi ilə bağlı sualla başladıq.

– Əli müəllim, bu günlərdə yeni bir təşkilat yarandı. Söhbət Azərbaycan Deportasiya Qurbanları Mərkəzindən gedir. Siz də bu Mərkəzin Idarə Heyətinin üzvüsünüz. Hansı zərurətdən yarandı bu təşkilat?
– Bu barədə məlumat sizin qəzetdə də dərc olunmuşdu. Başlığı da qıcıqlandırıcı idi: “Qərbi azərbaycanlılar təşkilatlanır”. Məncə, bu doğru yanaşmı deyil. Qərbi azərbaycanlılar təşkilatlanır deyəndə belə çıxır ki, onlar hansısa korporativ bir məqsəd üçün bir araya gəlib. Lakin bu belə deyil. Bizim bir məqsədimiz var, bu da təşkilatın nizamnaməsində irəli sürdüyümüz məqsəddir. Uzun illərdir ki, Dağlıq Qarabağ və ətraf rayonlarımız işğal olunub. Son günlər isə mətbuatda indiyə qədər bizə məlum olmayan məsələ – ermənilərin bizim hakimiyyətdən Dağlıq Qarabağda keçirmək istədikləri referendumun vaxtının müəyyənləşdirilməsini  tələb etmələri – işıqlandırıldı. Bizim hakimiyyət də haqlı olaraq referendumun vaxtını təyin etmir. Çünki bu baş verərsə, Dağlıq Qarabağda yaşayan 120-140 min erməni səsvermədə iştirak edəcək və öz milli maraqlarına uyğun səs verəcəklər. Bununla da Dağlıq Qarabağ əbədi olaraq ermənilərin əlinə keçəcək. Biz buna qarşı mübarizə aparırıq. Azərbaycan Deportasiya Qurbanları Mərkəzi də bu məqsədlə yaradılıb. Biz ermənilərin bu tələbinə qarşı alternativ variantlar təklif edirik. Biz deyirik ki, referendum ümumxalq səsverməsidirsə, onda Azərbaycan xalqı da səsvermədə iştirak etməlidir. Belə olarsa, əlbəttə ki, ermənilər məqsədlərinə nail ola bilməyəcəklər. Əgər bu variant qəbul edilməzsə və ermənilər hər vəchlə Dağlıq Qarabağı Ermənistanın tərkibinə qatmaq niyyətindən geri çəkilməzsə, onda biz deportasiya olunduğumuz rayonların məsələsini qoyacağıq. Qərbi azərbaycanlılar 14 rayondan deportasiya olunub və onların sayı 250-300 mindir. Bu halda beynəlxalq təşkilatlara çağırış edəcəyik ki, məsələyə ikili standartla yanaşmasınlar. Bizim öz torpaqlarımızda referendum keçirmək hüququmuz tanınmalıdır. Necə ola bilər ki, 120-140 min erməni 2-3 rayonda referendum keçirə bilər, amma 250-300 min azərbaycanlı deportasiya olunduqları 14 rayonda referendum keçirə bilməz? Düşünürük ki, biz bu vasitə ilə ermənilərin Dağlıq Qarabağda keçirmək istədikləri referendumun qarşısını ala bilərik. Hər halda buna qarşı bir ciddi müqavimət təşkil etmək niyyətimiz var. Mənə elə gəlir ki, bu məsələdə haralı olmasından asılı olmayaraq, damarında azərbaycanlı qanı axan bütün soydaşlarımız bizə dəstək verəcək.

– Bu məsələdə siyasi partiyalarla əməkdaşlıq nəzərdə tutulurmu?
– Bəli. Biz görüşlər keçirmək və hər kəsi bu işə səfərbər etmək istəyirik. Bu, milli məsələdir. Məncə, hər kəs bu işdə iştirak etməlidir. Biz eyni zamanda beynəlxalq təşkilatlarla da işləyəcəyik. Məqsədimizi, məramımızı onların da diqqətinə çatdıracağıq. Bu işi tanınmış politoloq Eldar Namazova həvalə etmişik. Eldar müəllimin beynəlxalq təşkilatlara çıxışı var, hesab edirik ki, o bu işi daha yaxşı apara bilər.

– Kütləvi tədbirlər necə, nəzərdə tutulubmu?
– Xeyr, bizim kütləvi tədbirlər, mitinq keçirmək niyyətimiz yoxdur. Biz öz məqsədimizi cəmiyyətə mətbuat, yerlərdə keçirəcəyimiz görüşlər vasitəsilə çatdırmağı düşünürük. Amalımız Dağlıq Qarabağ məsələsində dövlətimizə dəstək olmaqdır. Kimlərsə qıcıq yaratmaq üçün təşkilatımız haqqında və ya onun adından hansısa fikirlər səsləndirəcəksə, buna inanmayın. Məni bir məsələ də narahat edir. Bir çox bölgələrin təşkilatı var. “Borçalı” Cəmiyyəti var, Qarabağ Azadlıq Təşkilatı var, Bakı Kəndlər Birliyi var və s. Amma nədənsə 2-3 qərbi azərbaycanlı bir yerə yığışan kimi bu, qıcıq doğurur. Dərhal deyirlər ki, qərbi azərbaycanlılar təşkilatlanır. Mən sizin qəzeti nəzərdə tutmuram, çoxu belə düşünür.

– Bəlkə bu, hakimiyyətdə qərbi azərbaycanlıların sıxışdırılması ilə bağlıdır…
– Biz axı hakimiyyətə qarşı mübarizə aparmırıq. Biz ermənilərə qarşı mübarizə aparmaq istəyirik. Biz Qarabağ məsələsində hakimiyyətə kömək etmək istəyirik. Bir də, qərbi azərbaycanlılar necə sıxışdırılıb ki?

– Sabiq səhiyyə naziri Əli İnsanovun həbsindən sonra belə məlumatlar yayıldı ki, hakimiyyət qərbi azərbaycanlılara qarşı total kampaniyaya başlayıb. Həmin vaxt bu bölgədən olan bir sıra məmurların işdən çıxarılması da məlumatların əsassız olmadığı qənaətini yaradırdı…
– Mən belə bir kampaniyanı hiss etmədim. Əli Insanovun adını çəkirsiniz. Əli Insanov hansısa cinayətdə ittiham olunurdu. Barəsində cinayət işi başlanıb, məhkəmə olub və s. Mən bilmirəm onu haqlı və ya haqsız tutublar. Bunu onun vəkili, bu işi aparan müstəntiq, prokuror bilər. Mən onun barəsində başlanan cinayət işi barədə məlumatlı deyiləm. Cinayət törədibsə, cəzasına çatıb. Bunun heç kimə dəxli yoxdur.
Əli Insanovun qərbi azərbaycanlılara nə dərəcədə aidiyyəti olmağına gəlincə, o da Əli Ömərov kimi torpağından deportasiya olunmuş bir nəfərdi. Bizim təşkilatın məqsədi belə məsələlərlə məşğul olmaq deyil. Bir daha deyirəm ki, biz ermənilərə qarşı mübarizə aparırıq və əgər bizə qarşı çıxan olacaqsa, ermənilərin dəyirmanına su tökmüş olacaq.

– Əli müəllim, hakimiyyət korrupsiyaya qarşı mübarizə apardığını bəyan edir. Necə qiymətləndirirsiniz bu mübarizəni?
– Mən hüquqşünasam, heç kimin barəsində fikir yürütmək istəmirəm. Hüquqşünas kimi ümumi qaydanı, yəni, necə mübarizə aparılmalıdır, onu sizə deyə bilərəm.

– Buyurun deyin.
– Korrupsiyaya qarşı mübarizə aparılıb-aparılmadığını bilmək üçün əvvəlcə korrupsiyanın nə olduğunu dəqiq bilmək lazımdır. Korrupsiya sözünün həm fəlsəfi, həm də hüquqi tərifi var. Korrupsiya ictimai-siyasi xadimlərin, məmurların vəzifəsindən sui-istifadə edərək cinayətkarlığa qurşanması, xəyanəti və rüşvətxorluğudur. Məsələn, tutaq ki, mən nazirəm. Rəhbərlik etdiyim nazirlikdə minlərlə iş yeri var. Bu iş yerinə lazımi qaydada, savadlı, peşəsi, səriştəsi olan insanlar götürülməlidir. Mən isə savadı, səriştəsi olan insanları qəbul etmirəm. Əvəzində özümün qohum-əqrəbalarımı, oğlumu, qızımı, bacımı, qudalıq münasibətdə olan adamları, bir sözlə, yaxınlarımı işə götürürəm. Bu halda təbii ki, mən fəaliyyətimdə qeyri-qanuni hərəkətlərə yol versəm, bu adamlar mənə qarşı çıxmayacaq, əksinə ört-basdır edəcəklər. Mənim kənarda saxladığım – qohum-əqrabalarım arasında bölüşdürdüyüm vəzifələrə daha çox haqqı, savadı, səriştəsi çatan adamlar isə dövlətdən narazı düşəcəklər. Bu dövlətə xəyanət deyilmi? Yaxud, rəhbərlik etdiyim nazirlik hər hansı bir iş görür. Mən bu işin dəyərini 100 dəfələrlə artırıramsa, bunu mənim tabeliyimdə olan adamlar da bilirsə və mən işin dəyərindən əlavə olan pulları mənimsəyirəmsə, öz adamlarım arasında bölürəmsə, bu korrupsiyadır. Indi mən bilmirəm korrupsiyaya qarşı mübarizə çərçivəsində belə bir hal olubmu ki, bir nazir, komitə sədri, yüksək vəzifəli şəxs məsuliyyətə alınsın?!

– Xeyr. Ancaq məsələn, tibb bacıları kimi sıravi işçilərdən məsuliyyətə cəlb olunan, yaxud işdən çıxarılanlar var…  
– Tibb bacısı, ümumiyyətlə, hansısa sıravi işçi korrupsiyanın subyekti ola bilməz. Korrupsiyanın subyekti ictimai-siyasi xadimlər, yüksək vəzifəli məmurlardır. Sıravi işçi, məsələn, tibb bacısı, adi həkim o zaman korrupsiyanın subyekti ola bilər ki, Səhiyyə Nazirliyi dərman preparatlarının dəyərindən dəfələrlə baha satılması, yaxud müalicə-müayinə üçün hamıdan pul alınması barədə göstəriş verir, yığılan pullar da bir mərkəzdə cəmlənir. Bu halda da məsuliyyətə cəlb olunma yuxarıdan başlamalıdır. Rüşvət isə tutaq ki, cinayət törətmiş şəxsin onun işini aparan müstəntiqə məsuliyyətdən azad edilməsi müqabilində verdiyi bəxşişdir. Yəni, kimsə cinayət törədir, müstəntiq də həmin şəxsdən 5 min alıb onu azad edir. Yox, əgər bütün müstəntiqlərə kütləvi şəkildə göstəriş verilsə ki, cinayət törədəndən də, törətməyəndən də pul alın, bu, artıq korrupsiyadır…

– Bir hüquqşünas kimi sizin izahatınız hakimiyyətin korrupsiyaya qarşı apardığı mübarizəni şou adlandıranların haqlı olduğunu göstərir…
– İndi mən izah elədim. Məsuliyyətə cəlb olunan yoxdusa, deməli, mübarizə aparılmır.

– Yeri gəlmişkən, siz baş prokuror olanda o zamankı daxili işlər naziri Vaqif Novruzovla müdafiə naziri Məmmədrəfi Məmmədov barəsində cinayət işi başlamışdınız…
– Bəli. Vaqif Novruzov adamları vəzifəyə qoymaq üçün pul tələb etmişdi. Bu rüşvətdir. Məndə də ərizələr var idi, onları ümumiləşdirdim, təsdiq olundu və cinayət işi başladım. Məmmədrəfi Məmmədov isə bağında işlətmək üçün traktor aparmışdı və pulunu verməmişdi. Keçmiş şəhər polisinin rəisi Tofiq Hüseynovu da mən tutdum. Ona görə ki, uşaq bağçaları açdırmışdı, pulunu mənimsəyirdi. Bu artıq korrupsiya idi. Belə hallara qarşı özüm işlədiyim müddətdə ciddi mübarizə aparmışam. Indi necə aparılır, siz özünüz qiymət verin. Lakin onu deyim ki, mən bildiyim korrupsiyaya qarşı mübarizəni hələ görmürəm.

– Əli müəllim, bildiyimiz qədər övladlarınız işsizdir. Baxmayaraq ki, ali təhsilləri var. Özünüz də demişdiniz ki, iş tapa bilmirəm onlara. Sizə qarşı niyə belə münasibət sərgilənir?
– Mən bunu deyə bilmərəm. Bunu mənə qarşı belə münasibət göstərənlərin vicdanlarının öhdəsinə buraxıram. Mənim uşaqlarım hüquq fakültəsini bitiriblər. Bir mənim uşaqlarım deyil, çoxdu belə savadlı gənclərimiz. Ali təhsilləri var, savadları var amma işsizdirlər, alverlə məşğuldurlar. Belə hallar çoxdur. Amma mən özüm elə olmamışam. Mən baş prokuror olanda Bakı Dövlət Universitetində imtahan-buraxılış komissiyasının sədri idim, harada savadlı adam var idisə, işə götürürdüm.

– İndiki baş prokuror Zakir Qaralovu da siz işə bərpa eləmisiniz. Halbuki onu prokurorluq orqanlarından xaric etmişdilər…
– Bəli. Zakir Qaralovu savadlı işçi kimi tanıyırdım. Ümumi nəzarət qaydasında yoxlamaları həmişə savadlı aparırdı. Bir yoxlamamız var idi, onu dəvət etmək istədim, dedilər ki, işdən çıxarılıb. Mən də bərpa elədim. Bu gün də baş prokuror işləyir, bu yaxşılığımı ana südü kimi ona halal edirəm.

– O, baş prokuror işləyir amma sizin hüquq təhsilli övladlarınız işsizdir…
– Eybi yox. Azərbaycan reallığıdır, incimirəm.

– Müxalifət konstitusiyada nəzərdə tutulan sərbəst toplaşmaq hüququndan istifadə edərkən, hakimiyyət də ali qanuna istinad edərək vətəndaşların istirahət hüququnu əsas gətirir. Amma məsələn, Xalq Cəbhəsinin sədri Əli Kərimlinin evi qarşısında keçirilən aksiyalarda “istirahət hüququ” yada düşmür. Bu ikili standart deyilmi? Biz bilən siz həm də Əli Kərimli ilə eyni binada yaşayırsınız. Bu aksiyalar zamanı istirahət hüququnuz pozulmur?
– Bilirsiniz mən onların aksiyasını görəndə nifrət elədim. Heç kim kimsənin şərəf və ləyaqətini alçalda bilməz. Sözün varsa, kişi kimi söz denən. Adamı təhqir etmək, onun haqqında olmayan sözlər demək olmaz. Əlbəttə biz qonşular da narahat oluruq. Orada elə şüarlar yazırlar ki… Hamının ailəsi var, qızı var, gəlini var, uşağı var, olmaz axı  belə. Bütün bunlar əxlaqsızlıqdır. Buna qarşı ciddi tədbir görülməlidir. Hər iki halda. Istər iqtidar olsun, istərsə də müxalifət. Əgər müxalifətin icazəsiz aksiyası ilə bağlı tədbir görülürsə, onda digər tərəfin keçirdiyi aksiyalar barədə də tədbir görülməlidir. Qanunla belədir. Eyni zamanda insanın şərəf və ləyaqətini alçaldan, onun mənliyinə zərbə vuran hərəkətlərin özü qeyri-qanunidir və bu, cinayətdir. Buna qarşı tədbir görülməlidir. Kimin nə haqqı var ki, kimisə təhqir etsin. Qanuni şəkildə mübarizə aparmaq lazımdır.

Vidadi Məmmədov