Ata Abdullayev ölməyibmiş

İqtidarın mitnqdağıdanı üzə çıxdı və “Azadlıq”a zəng etdi

 

 

 Ekspertlər onun ölümü barədə xəbərin məqsədli şəkildə dövriyyəyə buraxıldığını bildirir

Ictimai Palatanın 2 aprel aksiyasından sonra gündəmə gələn Ata Abdullayevin ölümü barədə xəbər təsdiqini tapmayıb. Bu məlumatı ilk olaraq “Qafqazinfo” xəbər portalı yaymışdı. Məlumatda deyilirdi ki, Ata Abdullayev aprelin 25-də avtomobil qəzası keçirərək həlak olub. Sonradan ölkənin əksər tanınmış media qurumları bu xəbəri yayıb. Dünən isə  Ata Abdullayevin ölmədiyi, yayılan xəbərlərin məqsədli şəkildə mətbuata ötürüldüyü haqda məlumatlar verilməyə başlayıb. “Qafqazinfo” bu xəbərin yayılmasında iştirak etdiyi üçün nələr baş verdiyini öyrənməyə çalışıb və dünən ölüm xəbəri yayılan Ata Abdullayevi tapıb ortaya çıxarıb.
“Qafqazinfo” xəbərin yayılması haqqında bunu bildirir ki, xəbər ilk olaraq sayta www.musavat.com-un redaktoru Xalid Kazımlı tərəfindən verilib. X.Kazımlı deyib ki, bu barədə “Yeni Müsavat”ın redaksiyasına zəng edən bir xanım məlumat verib. Sonra “Qafqazinfo” əməkdaşları xəbəri araşdırmaq üçün  Ata Abdullayevin mobil telefonu ilə əlaqə saxlayıblar. Onun 055 240- 91-91 nömrəli telefonuna zəng olunub. Telefona cavab verən şəxs həqiqətən belə bir hadisənin olduğunu, hazırda Ata Abdullayevin morqda saxlandığını, qəzanın isə Əzizbəyov körpüsü yaxınlığında baş verdiyini bildirib. Informasiya saytda yerləşdirilib. Dünən səhər məlumatın bilərəkdən yayıldığı haqda xəbərlər yayılanda onun telefonuna yenidən zəng olunub. Bu dəfə telefona cavab verən şəxs ucadan ağlamağa başlayıb və telefonu söndürüb.
Məsələnin daha dəqiq araşdırılması üçün “Qafqazinfo” Ata Abdullayevin axtarışına çıxıb. Və günün ikinci yarısında onu tapıb. Redaksiyaya dəvət olunan A.Abdullayev az sonra “Qafqazinfo”ya gəlib. O, deyib ki, xəbər yayılan vaxt Coratda olub. Ola bilsin, bu xəbəri məqsədli şəkildə ötürüblər. Telefonuna gələn zənglər və bu xəbərin qohumları tərəfindən təsdiqlənməsi məsələsinə gəlincə, Ata Abdullayev deyib ki, onun nömrəsinə bununla bağlı zəng gəlməyib. “Ola bilər ki, nömrəm yönləndirilib. Ancaq bu məsələ ilə məşğul olanlar var. Mənə konkret cavab veriləcək ki, bu nə məsələdir. Düşünürəm ki, bu mənim başıma açılan oyundur, təxribatdır”, – deyə o, bildirib. Abdullayev bu işdə müxalifətdən də şübhələndiyini deyib.
“Qafqazinfo”nu “ziyarətindən” sonra A.Abdullayev “Azadlıq”ın əməkdaşı ilə də telefon əlaqəsi saxlayıb və bu xəbərin qəzetimizə necə yol tapması ilə maraqlanıb. O, barəsində yayılan xəbərin mənbəyini araşdıracağını bildirib. Abdullayev əməkdaşımıza da onu deyib ki, bu xəbərlə əlaqədar telefonuna hər hansı zəng olmayıb.
Ekspertlər isə Ata Abdullayevlə bağlı belə bir müəmmalı xəbərin yayılmasını hansısa məqsədə xidmət etdiyini bildirirlər. Milli təhlükəsizlik nazirinin sabiq müavini  Sülhəddin Əkbərin fikrincə, bu, əslində Ata Abdullayev üçün “nəzəri ölüm hökmü” idi: “Ata Abdullayev mətbuata bir sıra açıqlamalar vermişdi. Və onun açıqlamalarında ifşaedici məqamlar da var idi. Bu isə əlbəttə ki, hakimiyyətin maraqlarına uyğun deyildi. Ona görə də düşünürəm ki, bu şəxs haqqında nəzəri ölüm hökmü verməklə onu təhdid ediblər, susdurublar”.
Hüquqşünas Əyyub Kərim isə hesab edir ki, Ata Abdullayevlə bu məlumatı dövriyyəyə buraxmaqla özünü gələcək təhlükələrdən sığortalayıb: “Hesab edirəm ki, bu məlumatı onun özü yayıb. Çünki bilir ki, bu səviyyədə oynamamalı idi. Yəni, bu adam kadrlara düşdü, daha sonra mətbuatın gündəminə gəldi, sensasion açıqlamalar verdi və s. Belə etməməliydi. Özü də bunu başa düşdüyündən və buna görə də həyatına təhlükə gördüyündən belə bir məlumat yayıb. Görünür, kimlərsə ona izah ediblər ki, belə edərsə özünü qoruya bilər. Və bu da baş tutdu. Bundan sonra bu şəxs adi qəza nəticəsində həlak olsa belə, hamı deyəcək ki, onu hakimiyyət aradan götürdü”.

İnformasiya şöbəsi

Ata Abdullayev öldü?

O, ADNA terroru ilə bağlı ilk şahid olduğunu iddia edirdi

Son günlər ölkə mediasına ildırım kimi daxil olan polis yanında “Ictimai Şura”nın üzvüyəm deyə israr edən Ata Abdullayev müəmmalı şəkildə həlak olub. Bu xəbər dünən günün ikinci yarısında yayılıb. Ata Abdullayev dinc siyasi etirazlar aksiyaçılarının tutulmasında və onlara işgəncə verilməsində polislə birgə hərəkət edirdi.
Onun fotogörüntüləri qəzetlərdə və sosial şəbəkələrdə yayılandan sonra məlum olmuşdu ki, polis yanında Ictimai Şuranın üzvü olan bu adam 2009-cu ildə mütəşəkkil cinayətkar dəstənin tərkibində yaxalanıb. Onunla bir  dəstədə 10 nəfər yaxalanıb. Onlardan səkkizinə yüksək cəzalar verilsə də Ata Abdullayev cəmi 7 il şərti işlə yaxasını qurtara bilmişdi. Bu 7 ilin ilk iki ili isə sınaq müddəti elan edilmişdi. (Sınaq müddətini uğurla başa vuracağı halda qalan cinayət məsuliyyətindən azad edilməli idi). Ata Abdullayev həmin sınaq müddətini “uğurlu” fəaliyyətlə davam etdirirdi.

O, hansı bəyanatları vermişdi?

Onun avtomobil qəzasına düşərək həlak olması olduqca müəmmalıdır. Ekspertlər hesab edurlər ki, əgər bu ölüm təsadüfi deyilsə, onun səbəblərini Abdullayevin mətbuata açıqlamalarında axtarmaq lazımdır. Mərhum Ata Abdullayevin isə mətbuata açıqlamaları, həqiqətən də sensasiyalarla zəngin idi:
“Mənim ölkə rəhbərimə söyən məni söymüş kimidir, başa düşürsüz necədir? Onu özümə ata hesab edirəm”.
“Devid Bekhemin oyundan sonra maykasını əlindən alıb 4 min dollara satmışam”.
“Ictimai Şuradan yaranmamışdan qabaq da polisə könüllü kömək etmişəm”.
“Siz aidiyyatı qurumlara müraciət edin ki, bu insan orda (Ictimai Şurada) nə gəzir”?
“2009-cu ildə Neft Akademiyasındakı hadisə baş verəndə atəş səsi eşitdim, dərhal rayon polis idarəsinin rəisin Məmməd Mikayılova və Respublika Cinayət axtarış Şöbəsinin rəisi Emin Şəkiniskiyə zəng edib, hadisə ilə bağlı məlumat verdim”.
“Mənim 2001-ci ildə oktyabrın 7-də Ulu Öndərlə də görüşüm olub. Ulu Öndər gəzinti zamanı bizim yaşadığımız məhəllənin qabağından keçirdi. Mən prezidentin çiyninə əlimi qoyub şəkil çəkdirmişəm”.
“Bu həftə YAP üzvlüyünə ərizə verəcəm. Gələn seçkilərdə namizədliyimi verib deputat olacağam”.
Avtomobil qəzasında vəfat edən mərhumun meyidi dünən morqa aparılıb. Mərhumun qohumları qəzanın “Əzizbəyov” körpüsünün yanında baş verdiyini deyiblər.

***

Onun ölüm xəbəri yayılandan sonra bunu rəsmən təsdiq edən kimsə olmadı. Rəsmən bu xəbəri təkzib edən də olmadı. Yaxınları onun morqa aparıldığını söylədilər, morqdansa buraya belə bir meyit gətirilmədi dedilər. Əslində onun “ölüm” ya “qalım” xəbəri ölüm-itim məsələsi olaraq yox, çox dolaşıq olayların izinin itirilməsi olaraq maraqlıdır.
Başqa xəbərlər də var ki, Ata Abdullayevin ölüb-eləmədiyini, sadəcə bunun da bir fırıldaq olduğunu söyləyirlər. Bəziləri hətta onun ölüm xəbərinin məqsədli şəkildə yayıldığının, onun sonradan başqa keyfiyyətdə zühur edəcəyini də deyirlər. Bunlar, bir versiya olaraq maraqlıdır və Ata Abdullayevin çox ziddiyətli şəxsiyyətindən asılı olaraq doğan mülahizələrdir.

İnformasiya şöbəsi