Süleymanın məsəlləri

Yol var ki, insanın qarşısında düz görünür, amma sonu ölümdür. Əcəldən əvvəl təkəbbür gələr” (Tövrat, Süleymanın məsəlləri)

Artıq heç bir coğrafiyanın, heç bir şey gizlənə bilmədiyi rəqəmsal bir aynanın qarşısındayıq. Bu aynanın o qədər böyük və geniş bir əksolunma keyfiyyəti var ki, kimsə və heç bir şeyə gizlənmək şansı verməyib.  Budur, illərdir qaranlıq küçələrini hiyləgər və rəhmsiz kölgələrin idarə etdiyi şəhərlər ard-arda ayağa qalxır. Və azadlıq hayqırtıları o rəqəmsal aynadan bütün dünyaya əks olunur. Xəyallar və həyəcanlar, hirs və şiddət, təzyiq və zülm gizlənə bilmir.Buna görə totalitar respublikaların diktatorları, səssiz xalqlarından gələn yeni səsləri kəsə bilmir. Misirdə Mübarək, keçmişdə etdiyi qırğınları bu rəqəmsal aynada edə bilmədi. Zindanları işgəncəylə doldura bilmir.

Çünki köhnə metodlu qırğınlarını yenə etsəydi, bu dəfə insanlığın gözləri qarşısında, tarixin ilk canlı cinayətini işləyəcəkdi.Çünki Interneti kəssələr, bu dəfə SMS-lər inanılmaz bir “azadlıq zənciri” meydana gətirə bilir. Xalqın üzərinə atəş açan bir polisin üzü anında SMS və MMS-lərdən, bəşəriyyətin önündəki o rəqəmsal aynaya əks olunur.

Diktatorları heç vaxt olmadığı kimi milyonların qəzəbli gözəli təqib edir…

 Tunisdə də belə oldu, Yəmən və başqalarında da eyni vəziyyətdir.Liviyada Qəzzafi dəlioğlanlıq edir, amma insanlığın gözləri qarşısında. Və ya Suriya. Suriya küçələri azadlıq hayqırtıları ilə dolur. Oğul Əsəd, atasının 1982-də Hemada 20 minə yaxın insan öldürtdüyü o qırğını təkrar edə bilmir. Düzdür, Suriya küçələrində yenə də şiddət var. Ancaq bu zorakılığı rəqəmsal ayna hamıya göstərir. Artıq dünya dəyişdi. “Rəqəmsal şəbəkələr”, bir azadlıq çayı kimi ən quraq torpaqları belə, sulayır. Azadlıq bir su kimi axır və qorxu coğrafiyalarından keçib bir çay halında gələcəyin dənizlərinə tökülür… Internet sanki Məsih kimi məzlumların dadına yetir

“Hürriyet” (Türkiyə) qəzetinin köşə yazarı Fatih Çekirge yuxarıda tanış olduğunuz məqaləsini şübhə etmirəm ki, Azərbaycan polisində oxuyan olsun. Məqalənin ruhu hər kəsə aydındır. Müəllif tam dəqiq analiz edib ki, yeni media, yeni texnoloji imkanlar diktatorların əl-qolunu bağlayıb. Bu gün xalqını həşərat kimi əzmək üçün Yaxın Şərq diktatorlarının içi ovulur… Ancaq internet, SMS, MMS, yeni rəqəmsal foto və videoaparatlar diktatorları peşiman edir.Azərbaycan polisi və güc orqanları da, Fatih Çekirge yazmasa belə, yeni reallığın fərqindədirlər. Azərbaycanda da dinc aksiyada insanlara qarşı zorakılığı ilə seçilənlər artıq anlamağa başlayırlar ki, bu həna o hənadan deyil. Tutaq ki, bu gün etdiyi vandalizmə görə Ata Abdullayevə, polis zabiti Süleyman Nemətova “malades” deyənlər oldu, bəs sabah? Axı bu gün nə qədər qaranlıq, zülmət olsa da, aydın bir sabah mütləq var…Sabah hər kəs etdiyi qanunsuzluğa görə hüquq dövlətində cavab vermək məcburiyyətindədir. Hüsnü Mübarəkə aman tanımayan xalq hansısa Atanı, Süleymanı da sorğulamağa qalxacaq. Buna görə də indi Süleyman da, Ata da mətbuata özlərini sığortalayan açıqlamalar verirlər.

“Əcəldən əvvəl təkəbbür gələr”

Işə baxın ki, ötən ilin yaz aksiyalarından üzü bəri tanınmış müxalifətçilərə zülm verməsi ilə mətbautın gündəminə gələn təkəbbürlü Süleyman Nemətov ona “işgəncə kralı” deyilməsinə etiraz edir. “Yeni Müsavat” qəzetinə danışan S.Nemətov aksiyaçılara işgəncə verilməsi barədə deyilənləri böhtan, yalan, ona “işgəncə kralı” deyilməsini isə təhqir adlandırıb. Nemətovun iddiasına görə, onun Fuad Qəhrəmanlını, Ramiz Kamalı, Fəxrəddin Abbası, Sahib Rüstəmlini və onlarla başqa müxalifətçini döyməsi, təhqir etməsi böhtandır, bu faktları göstərən foto və videolar montajdı… Əlbəttə, bəşər tarixində ən qanlı terrorçuların belə, öz əməllərinə haqq qazandıran çıxışları ilə tanış olanlar üçün təkəbbürlü Süleymanın fikirləri gülüş doğurur. Faşizmi sorğulayan Nürnberq məhkəməsində “SS” zabitlərinin göz yaşı tökərək “axı biz icraçı idik, biz zavallılarda nə suç” deməsi hələ unudulmayıb. Təkəbbürlü Süleymanın bu gün mediaya verdiyi açıqlama bir cəhəti ilə maraqlıdır. O, artıq nə etdiyinin fərqindədir. O, işgəncənin sifətinə çevrilmiş adam, anlayır ki, çox pis və təhqiramiz işlər görüb və bütün bunlar tarixin pozulmayan səhifələrinə köçüb. Zəhrimara qalmış yeni media kağız-dəftər deyil ki, yandıra, cırasan və özün haqda orada yazılanları yox edəsən…

Bu gün təkəbbürlü Süleyman belə, işgəncənin qanunsuzluqla yanaşı, həm də ayıb və təhqiramiz hərəkət olduğunu qəbul etmək zorunda qalıbsa, sabaha ümid yüksək olmalıdır.

Dəyənəyi kənara qoyun, özünüz də kötük olmayın

Azərbaycanda hakimiyyət dəyişikliyi mütləq baş verəcək. Bunu sadə xalqdan daha yaxşı rejim məmurları və onların əlaltıları hiss edir. Lakin onların çoxu “rejim dəyişər, qaçıb ölkədən gedərik” illüziyası ilə özlərinə toxtaqlıq verir. Bu illüziyalar insanların alt şüurundakı “bəlkə də mən ölmədim, mən yaşlaşana ölümə bir çarə tapıldı” kimi fikirlərə çox bənzəyir. Hadisələri rasional qiymətləndirmək lazımdır. Azərbaycanın yaxın tarixi göstərir ki, heç kimin günü-gündən balacalaşan dünyada gizlənmək imkanı yoxdur.
Xarici ölkələrdən tapılıb Azərbaycana gətirilənləri yada salın: Rəhim Qazıyev, Surət Hüseynov və başqa nə qədər insan…Nəzərə alın ki, hələ Azərbaycandakı rejim antidemokratikdir, belələri ilə normal dövlətlər əməkdaşlıqdan qaçır. Fərz edin ki, sabah demokratik hakimiyyət qurulub və xalqa divan tutan hansısa “X” Avropaya qaçıb. Sivil Avropa demokratik hakimiyyətin “o cinayətkarı bizə verin” təklifini geri çevirərmi? Çevirməz, təbii…

Bu baxımdan xalqla dəyənəklə danışmaq yolunu seçən məmur və məmurcığazlar, gec də olsa, davranışlarında hüquq və ədaləti üstün seçməlidirlər.

Natiq Güləhmədoğlu