Dünən “Azadlıq prospekti” metrosundan çıxıb üzü Müsavatın qərargahına doğru gedəndə beş-on metr öndəki adama takıldım. Onu Aqil Səmədbəyliyə oxşadırdım. Addımlarımı yeyinlətdim. Yaxınlaşanda anladım ki, zənnim məni aldatmırmış.
Görüşdük. “Bəy, – dedim, – bəs maşın hanı? Niyə maşınsızsan?”. Gülümsündü: “Nə maşın? Maşın nə gəzir məndə?”. Sonra məlum olacaqdı ki, Azərbaycanın ikinci prezidentinin – Əbülfəz Elçibəyin kürəkəninin nə maşını var, nə də evi. Yanımızdan insanlar ötüb keçir. Onlar bir addımlığındakı adamın prezident kürəkəni olduğunu bilmirlər. Desək, yəqin inanmazlar da. Niyə inansınlar? Bu gün allahın Hesablama Palatasının sədrinin kürəkəni kefi istəyəndə 1 milyon dollara basıb ayı yeyirsə, hansısa türk müğənnisinə 20 min dollarlıq çanta bağışlayırsa, bahalı yaxtalarda əylənirsə, bizim insanlar metrodan düşüb avtobusa, avtobusdan düşüb metroya minən bir adamın prezident kürəkəni olduğuna necə inansınlar?
Cənab yaptokratların “dahi rəhbəri”nin ilk hakimiyyəti illərində kolxoz sədri olmuş adam var ki, o zamankı “pripiska”larla, oğurluqlarla, “dövlətin malı dənizdi, yeməyən donuzdu” məntiqilə xalqdan çırpışdırdığı pullarla hələ də kefini sürür, amma Azərbaycan prezidenti olmuş şəxsin kürəkəni evsiz və maşınsızdı. Bilirsiniz niyə? Çünki məsələ tutulan vəzifələrdə, oturulan kürsülərdə deyil. Daşınan, sahib olunan əxlaqlardadır.
Və Azərbaycanda onillərdir həmin əxlaqların davası gedir. Bir tərəfdə – Əliyevlər və onların neft əxlaqı. Digər tərəfdə – Elçibəy və onun dövlət əxlaqı. Bir tərəfdə bayrağı ən uca yerə tikmək üçün büdcəni uca tutmaq əxlaqı. Digər tərəfdə bayrağı uca tutmaq üçün milləti uca tutmaq əxlaqı.
Hələ də utanmadan 92-93-cü illərin qarasınca danışırlar. Bir illik Elçibəy hakimiyyətini bütün bəlaların baiskarı kimi təqdim edirlər. AXC-Müsavat iqtidarının Azərbaycanı yeyib-dağıtmasından danışırlar hələ də həyasızca. Indi mən soruşuram: yaxşı, o zaman Azərbaycanı dağıdan prezidentin kürəkəninin bu gün bir “zapı”sı niyə yoxdu bəs? Yaxşı, o zaman Azərbaycanı yeyib-talayan prezidentin kürəkəninin bu gün öz evi niyə yoxdu bəs?
Bu gün sizin bağça müdiri qoyduğunuz adam üçcə ayın içində villa sahibi olur, “inomarka”larda şütüyür, amma bu ölkəyə rəhbərlik etmiş adamın kürəkəni metro, avtobus basabaslarında gedib-gəlirsə, siz hələ də utanıb-qızarmadan nəyin davasını döyürsünüz bizimlə? Hələ də aydın deyilmi, Azərbaycanı idarə etmək uğrunda hansı əxlaqların savaşı gedir, hansı zehniyyətlərin mübarizəsi gedir? Millətdən almadığınız bir hakimiyyətdən ölüncə əl çəkə bilmədiyinizi anladıq, bəs ayıbınıza kor olub susa da bilməzsinizmi?
Seymurun ad günü
Sabah Azərbaycanın ən gözəl yazarlarından biri Seymur Baycanın ad günüdür. Onun 35 yaşı tamam olur. Bu münasibətlə dəyərli dostumuzu, vicdanlı qələm adamını təbrik edir, uğurlarının davamını diləyirik.
Seymurun “Quqark” adlı son romanı gerçəkdən də ədəbiyyatımız üçün bir hadisə oldu. Mən romanı iki dəfə oxudum. Oradan çox şeylər – süjetlər, hadisələr, detallar xatırlaya bilərəm. Bir yazıçı bizim yadımızda nə qədərdisə, elə o qədərdir. Seymur fəxr edə bilər ki, “Quqark” romanından sonra o, oxucuların yaddaşında böyük bir coğrafiyaya sahibdir, baxmayaraq, Prezidentimizin kürəkəni kimi onun da evi yoxdur. Mən Seymurun əvvəlki romanları haqqında fərqli fikirdəydim. Bunu da zamanında yazmaqdan çəkinməmişəm. Amma onun “Quqark” romanında əvvəlki kitabları ilə müqayisədə irəliyə doğru böyük məsafə qət etməsi məni heyrətləndirdi. Bu romanın arxasında mən əsl yazıçı ürəyi gördüm. Seymur doğrudan da roman yazmaq istəmiş və buna nail olmuşdu.
Oxuyanlar zatən Seymurun ad gününü təbrik etmiş sayılırlar. Hələ də oxumayanlar üçünsə, Seymurun ad günü yaxşı fürsətdir.