Xalisə təmiz siyasi mübarizənin tərəfdarıdır
«Facebook» narazı zümrənin təşkilatlanması üçün zəruri yardımçıdır»
Ayəndə Mürsəliyeva
“Azadlıq”da yeni proyekt. Bu dəfə “Azadlıq”ın oxucularına “Facebook” və digər sosial şəbəkələrdəki ictimai-siyasi polemikalara, bir növ, moderatorluq edən Azərbaycan gənclərini təqdim edirik. Layihənin budəfəki qonağı Xalisə Şahverdiyevadır. “Facebook”dan təqdim etdiyimiz növbəti qəhrəmanın “Facebook” adı da realdır. “Yalnız soyadımın sonluğundakı ”yeva” gerçəkdə yoxdur” deyir.
Özü haqqında ətraflı danışmaq təklifimizi məmnuniyyətlə qəbul edir:
– 1980-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşam. 1998-ci ildə Saatlı rayonu Əlisoltanlı Fin şəhərciyində yerləşən Cəbrayıl rayonu Tatar kənd orta məktəbini bitirib, həmin il Bakı Asiya Universitetinin hüquq fakültəsinə daxil olmuşam, 2002-ci ildə hüquq ixtisası üzrə bakalavr pilləsini bitirmişəm. 2005-ci ildən əmək fəaliyyətində olduğumu deyə bilərəm. Yerli QHT-lərdə hüquqşünas vəzifəsində çalışmışam. 2006-2008-ci illərdə Beynəlxalq Avrasiya Mətbuat Fondunda “Azərbaycanda minadan zərər çəkənlərin assosiasiyasının yaradılması və onun fəaliyyəti” proqramında hüquqşünas – təlimatçı vəzifəsində işləmişəm. Müxtəlif mövzularda apardığım regional təlimlərdə minadan ziyan çəkmiş çoxsaylı şəxsləri görmüşəm, onları dinləmişəm. Bu müddət ərzində yüzlərlə müharibə əlilinə hüquqi yardım göstərmişəm. Həmçinin əlillər, qaçqın və məcburi köçkünlər, aztəminatlı ailələrin kiçik bizneslərini qurmaları üçün onlara güzəştli maliyyə dəstəyi göstərən, bank olmayan kredit təşkilatının yaradılması və fəaliyyətinin formalaşdırılmasında birbaşa iştirak etmişəm.ÿFəaliyyətimin bu mərhələsini “dərdli adamların sırasında” şəklində də ifadə edə bilərsiniz.
2009-2010-cu illərdə Avropa Ittifaqının dəstəyilə Hüquqşünas Qadınlar Assosiasiyasının (HQA) həyata keçirdiyi “Insan alveri qurbanlarına hüquqi yardım” layihəsinin direktoru vəzifəsində çalışmışam. Layihə direktoru kimi, Bakıda və regionlarda 360-dan çox təlim və müzakirələrin təşkilinə rəhbərlik etmişəm. Keçirilən tədbirlər universitetlər, kolleclər, orta məktəblər, yerli QHT-lər, ictimaiyyət və KIV nümayəndələri üçün təşkil olunmuşdu. Bu tədbirlərdə 15 mindən çox şəxs insan alveri və onunla mübarizənin yolları barədə məlumatlandırılıb.ÿ Bu mərhələ də çox ağır təəssüratlarla, müxtəlif insanların dərd-sərindən qalan xatirələrlə zəngindir.
Hazırda “Gender Group” Ictimai Birliyinin icraçı direktoruyam.
2007-ci ildə ABŞ Beynəlxalq Inkişaf Agentliyinin “Icma əlaqələri proqramı” çərçivəsində “Qadınların seçkilərdə iştirakının təbliği” mövzusunda Vaşinqtonda təcrübə keçmişəm. Təcrübə müddətində seçki kampaniyalarının təşkili, seçicilərin hüquqlarının müdafiəsi və seçki şikayətlərinin verilməsilə bağlı geniş təcrübə əldə etdiyimi söyləməkdən çəkinmirəm. Səfər müddətində ABŞ Dövlət Departamenti, ABŞ Konqresi, Mərkəzi Seçki Komissiyası, çoxsaylı elmi araşdırmalar mərkəzləri və senatorlarla görüşlərdə olmuşam.
2008-ci ildə isə ABŞ-ın Nyu-York Ştatının Buffalo Dövlət Universitetində Ailədaxili Zorakılıq Proqramı üzrə təhsil alıb, təcrübə keçmişəm. Bu müddətdə ABŞ universitetində qadın hüquqları, bərabərlik, ailədaxili zorakılıq sahəsində nəzəri və praktik biliklərimi zənginləşdirmişəm.
2009-cu ildə Varşavada təşkil olunan XX Beynəlxalq Insan Hüquqları üzrə Yay Məktəbinin, 2009-2010-cu ildə isə Bakı Siyasi Biliklər Məktəbinin iştirakçısı olmuşam. 2010-cu ilin yayında Strasburq şəhərində təşkil edilmiş Demokratiya üzrə Yay Universitetinin məzunu olmuşam.
2010-cu ildən 500-dən çox tanınmış hüquqşünası özündə birləşdirən Azərbaycan Hüquqşünaslar Forumu Sədrlər Şurasının üzvü, 2007-ci ildə isə 300-dən çox qadın hüquqşünas üzvü olan Hüquqşünas Qadınlar Assosiasiyasını yaradanlardan biriyəm. Həmçinin 2010-cu ildən Avropa Komissiyasının Cinsi Seçim Hüququ üzrə ekspertlər qrupunun üzvüyəm.
Siyasətlə çox yaxından maraqlanıram, ötən il keçirilən parlament seçkilərində 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə deputatlığa namizəd olmuşam.
Öz fəaliyyətimdə bir çox qanunların (Ailə Məcəlləsi, Ailədaxili zorakılıqla mübarizə, insan alveri) hüquqi analizini aparmış və qanunvericiliyə tövsiyələr paketi hazırlamışam. Mütəmadi olaraq televiziya, radio və qəzetlərdə insan hüquqları, qadın hüquqları, gender, ailədaxili zorakılıq, insan alveri, cinsi azadlıq, reproduktuv sağlamlıq və s. mövzularında ekspert qismində iştirak edirəm.
“Təəssüf ki, orada aktiv istifadəçi formasını ala bilmədim”
– Xalisə xanımın neçə “Facebook” hesabı var?
– Yalnız bir.
– “Facebook” sizin üçün nə deməkdir? Onu necə qarşıladınız və onun dəyərini nədə görürsünüz?
– Indi “Facebook” həyatımın ayrılmaz bir hissəsidir” deyə bilərəm. Gündəlik məlumatların paylaşılması, dostlarla əlaqə baxımından “Facebook” çox çevik və faydalı vasitədir.
– Siz də “Facebook”un başqa sosial şəbəkələri kölgədə qoyduğunu düşünürsünüz? Ümumiyyətlə, sosial şəbəkələrin faydalı və ziyanlı tərəfləri barədə nə düşünürsünüz?
– Ötən il “Twitter”də hesab açmışdım, təəssüf ki, orada aktiv istifadəçi formasını ala bilmədim. Yaxud, hələ də fəal “Twitter”çi deyiləm.
Sosial şəbəkələr hazırda ölkədə və dünyada baş verən hadisələr barədə informasiyaların əldə edilməsi, müxtəlif fikir mübadilələrinin aparılmasında əvəzsizdir. Həmçinin insan haqları, demokratiya, söz və ifadə azadlığı, fikir müxtəlifliyi, tolerantlıq və s. kimi dəyərlərin yayılmasında da önəmli payı var.
Məncə, elə də ciddi zərəri yoxdu. Amma mənasız çat suallarını çıxmaq şərtilə.
“Siyasi ambisiyalarım var”
– Siyasətə yaxın olduğunuzu dediniz. Bu yaxınlıq nə dərəcədədir?
– Siyasətlə yaxından maraqlandığımı dedim. Və siyasi ambisiyalarım var. Hazırda ölkədə gedən siyasi proseslərdə yaxından iştirak edirəm, birbaşa.
– Bəs “Facebook”dakı fəaliyyətinizi siyasi fəaliyyət sayırsınızmı?
– Tam olmasa da, müəyyən mənada hə. Çünki “Facebook” vasitəsilə siyasi fikir və mövqeyimi paylaşıram.
– “Facebook”da qazandığınız dostları gerçək həyat dostlarına çevirə bilirsinizmi?
– Hazırda burada 1517 virtual dostum var, dostluq üçün çoxsaylı təklif göndərənlər onları qəbul etməyimi gözləyir.ÿVirtual dost deyəndə ki… Onların arasında gerçək həyat dostlarım da çoxdur. Yaxın dostlarım – şəxsən tanıdığım və dostluqlarını qazandığım insanlardır. Çox az hallarda olur ki, əvvəl “Facebbok”da dost olub, sonradan yaxın dostlar olmuşuq.
– “Facebook” müzakirələrini ciddi siyasi müzakirə sayırsınız, ya vaxt öldürmək?
– Birmənalı demək çətindir. Amma son zamanlar dünyada baş verən proseslərdə və hakimiyyətlərin formalaşmasında “Facebook”un rolu az deyil.ÿ Hətta bəzən birbaşa aidiyyəti olur.
– Sizcə, indi “Facebook” müzakirələri ictimai rəyə təsir baxımından ənənəvi KIV-lə müqayisədə çoxmu uduzur? Ümumiyyətlə, uduzurmu?
– Çap və internet medianı çıxsaq, televiziya və radiolara uduzur, güman edirəm. Çünki əhalinin əksəriyyətinin internetə və o cümlədən, “Facebook”a çıxışı elə də geniş deyil, axı.
– “Facebook”da itirdiyiniz vaxt peşə fəaliyyətiniz baxımından itki sayıla bilərmi?
– “Itki” demək olmaz. “Facebook”da peşəmlə bağlı bir neçə qruplar var, orada müxtəlif vacib informasiyalar paylaşılır və mən bu informasiyalardan yararlanıram.
– “Facebook”u son dönəmlər inqilabların əsas təşkilatçısı sayırlar. Bu mülahizələri bölüşürsüzmü?
– Müəyyən qrup əhali ilə məlumatların paylaşılmasında rolu var. Amma düşünürəm ki, ölkədə köklü dəyişikliklər etmək üçün əhalinin narazı hissəsilə sıx işləmək lazımdır.ÿ”Facebook” təşkilatçılıq işlərində əhəmiyyətli yardımçı ola bilər.
– Son zamanlar “Facebook” hesablarına olan təxribatçı hücumlar sizcə, nədən qaynaqlanır? Bu hücumlarda tanınmış adamların şəkillərindən, məsələn, şəhid Mübariz Ibrahimovun şəklindən istifadə edilməsini necə qiymətləndirirsiniz?
– Bu, son vaxtlar ölkədə ictimai-siyasi aktivliyin güclənməsilə əlaqədardır. Bu təxribatlar – yalançı profillərdə oturub insanların fəaliyyətini izləmək, lazımi məqamda konkret şəxsləri gözdən salmaq və beləliklə, gedən prosesləri nəzarətdə saxlamaq məqsədi daşıyır.ÿ Əlbəttə ki, belə hallara pis baxıram.