Əli Abdulla Salehin gedişi üçün «yol xəritəsi» hazırlandı
Ötən gün Yəmənin paytaxtı Səna şəhərində prezident Əli Abdulla Salehin istefası tələbiylə “Son Şans Cüməsi” adlı aksiya keçirilib. Yüz minlərlə insan cümə namazından sonra paytaxt küçələrinə axışaraq 32 ildir hakimiyyətdə olan diktatorun dərhal istefaya getməsini və hökuməti müxalifətə ötürməsini tələb edib.
Qəbilə üzvləri əsgərlərlə atışdı
Yəmənin cənubundakı Polyak vilayətində isə nüfuzlu tayfa üzvləriylə “Respublika Gözətçiləri” korpusunun əsgərləri arasında silahlı qarşıdurma baş verib. Insident nəticəsində 8 nəfərin öldüyü, 5 yəmənlinin yaralandığı bildirilir. Təhlükəsizlik qüvvələrindən yayılan məlumatlara görə, qarşıdurmada ölənlərin 6-sı əsgərdir.
Polyak vilayətinin nüfuzlu qəbilələrinin yaydığı xəbərdə isə bildirilib ki, silahlı insident təhlükəsizlik qüvvələri Labusdakı əsgəri korpusun başqa bir yerə göndərilməsini rədd etməsindən sonra başlanıb. Qəbilə üzvləri hadisənin əsgərlərin təxribatı səbəbindən baş verdiyini vurğulayıb.
Körfəz Ölkələri Əməkdaşlıq Təşkilatı (KÖƏT) Yəməndəki siyasi böhranı yatırmaq üçün “yol xəritəsi” açıqlayıb. Plana əsasən, ölkədəki etiraz aksiyaları dərhal dayandırılmalı və 32 ildir hakimiyyətdə olan Əli Abdulla Saleh 1 ay ərzində istefa verməlidir. Təşkilatın baş katibi Əbdüllətif min Rəşid əl Zəyani planı Yəmən prezidenti və müxalifət nümayəndələrinə təqdim edib.
“Yol xəritəsi”ndə təklif olunur ki, Saleh 1 ay ərzində hakimiyyəti vitse-prezident Mənsur Hadiyə təhvil verməli, ölkədə 3 ay ərzində seçkilər keçirilməlidir. Plana əsasən, ölkəni prezidentlik seçkisinə hazırlayacaq Milli Birlik hökuməti qurulacaq. Hökumətin tərkibi 50 faiz iqtidar partiyasının, 40 faiz müxalif qüvvələrin yerdə qalan 10 faizi isə digər siyasi təşkilatların üzvlərindən ibarət olacaq.
Yəmən prezidenti Əli Abdulla Saleh Sənada təfərdarları önündə çıxışı zamanı KÖƏT-in hazırladığı “yol xəritəsi”ni qəbul edəcəyini istisna etməyib. Salehə qarşı aktiv mübarizə aparan gənclər təşkilatlarının yaratdığı şura KÖƏT-in planına sərt münasibət bildirib. Şuranın yaydığı bəyanatda bildirilir ki, “Yol xəritəsi” Salehin dərhal istefa verməsini deyil, prezidentin, onun ailə üzvlərinin və dinc etirazçıları qətlə yetirən hakimiyyət təmsilçilərinin qorunmasını özündə əks etdirir.
İnformasiya şöbəsi