Mitinqlərdəki həbslər və işgəncələr icitmai müzakirəyə çıxarıldı
İctimai Palatanın 2 aprel və 17 apreldə təşkil edtiyi mitinqlərdə tutulanların hüquqlarını müdafiə edən komitə dəyirmi masa keçirdi.
Müdafiə komitəsinin sədri Vidadi Mirkamal bildirdi ki, qurumun əsas vəzifəsi 2 apreldə tutulanların və işgəncə alanların hüquqlarını müdaifə etmək olub. Ancaq tutulanların sayı artıb və komitənin fəaliyyəti genişlənib: “Fəaliyyətə başlayərkən hakimiyyət orqanlarına müraciət etdik. Biz onlara izah etdik ki, bu həbslər siyasi xarakterlidir və əsassızdır”.
O həmçinin məlumat verdi ki, 2 və 17 aprel aksiyalarına görə artıq 12 nəfər haqqında cinayət işi qalıdırılıb.
“Heç bir videoda polisi vuran mitinqçi göstərə bilməzlər”
Müdafiə komitəsinin üzvü Gülağa Aslanlı mitinqdə tutulanlarla bağlı statistik məlumatlar verdi. Aprelin 2-də saxlanlılanların sayı 300 nəfərdən çox olub. 17 aprel mitinqinə görə isə 166 nəfər saxlanılıb. Onlardan 18-i mitinq ərəfəsində saxlanılıb, 3-nə sutkalıq həbs verilib. Mitinq günü isə 6 nəfər haqqında sutkalıq həbs cəzası verilib. 26 nəfər məhkəmələrdə, 18 nəfər polis idarələrində cərimələnib. 21 nəfərə isə xəbərdarlıq edilib. Bir neçə nəfər iş yerindən çıxarılıb.
G.Aslanlı tutulanların bəzilərinin adlarının siyahıya düşməsinə razı olmadıqlarını da bildirdi. Səbəb isə onların iş yerlərini itirməkdən, yaxın qohumlara ola biləcək təzyiqlərdən ehtiyatlanmalarıdır.
Komitənin digər üzvü Vaqif Hacıbəyli də açılan cinayət işlərinin qondarma olduğunu bildirdi. O dedi ki, heç bir video görüntüdə mitinqçilərin əlində daş, kəsək olması görsənmir: “Heç bir videoda polisi vuran mitinqçi göstərə bilməzlər”.
İctimai Palatanın üzvü Ərəstun Oruclu isə diqqəti tələbələrin siyasi fəaliyyətinə görə ali məktəblərdən xaric olunmasına yönəltdi. Onların da müdafiə olunmasının vacibliyini vurğuladı.
“Vəkillərin fədakarlığını qiymətləndirmək lazımdır”
Vəkil Əsabəli Mustafayev çıxışında bildirdi ki, vəkillər özləri də təpki altındadır: “Vəkillərin fədakarlığını qiymətləndirmək lazımdır. Vəkillər gecə saatlarına qədər polis idarələrində olurlar. Onlara ictimaiyyətin dəstəyi lazımdır. İctimai dəstək artsa bizə qoşulan vəkillərin də sayı artacaq”.
Ə.Mustafayev öz təkliflərini də irəli sürdü: “Biz müdafiə işlərini yaxşı qurmaq üçün beynxəlq təşkilatlarla işləməliyik. Sənədləri ingilis dilinə çevirib Avropa Birliliyinə, ATƏT-ə göndərmək lazımdır”.
Vəkil təklif etdi ki, informasiya bazasını təşkil edəcək xüsusi bir qrup yaradılmalıdır: “KİV-lərdə, internetdə getmiş bütün materialları toplamaq lazımdır. Sonra istintaqda bu materialları istifadə edərik. Üçüncü təklifim odur ki, İctimai Palatadan olan hüquqşunaslardan ibarət qrup yaradılsın. Onlar biz vəkillərə bəzi işlərdə köməklik göstərsinlər. Dördüncüsü, İctimai Palataya daxil olan partiyalar meriyanı və Baş Polis İdarəsini mitinqlərə icazə verilməməsi və güc tətbiq olunmas iddiası ilə məhkəməyə verə bilər. Biz vəkillər bu işdə kömək etməyə hazırıq”.
Vəkil həmçinin vurğuladı ki, aksiya zamanı monitorinq aparan hüquq müdafiəçiləri rəy bildirməli və press relizlər yaymalıdır: “Biz Avropa Məhkəməsinə müraciət edən zaman o rəylərdən istifadə edə bilərik”.
İsa Qəmbərlə Elçin Behbudov arasında mübahisə
İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov dedi ki, Azərbaycan BMT-nin işgəncələr əleyhinə konvesiyasına qoşulsa da, işgəncələr hələ də mövcuddur. O, bildirdi ki, mitinqdə monitorinq aparıblar, təcridxanaya baş çəkiblər: “Baş verənlərlə bağlı beynəlxalq qurumlara bildirmişəm. Onu da qeyd edim ki, işgəncələr əsasən Nəsimi rayon polis idarəsində baş verib. Oranın polis rəisi Məmməd Mikayılov özü işgəncə verməkdə ad çıxarıb. Polis mayoru Süleyman Nemətovun da adı tez-tez işgəncə verməkdə hallanır…”.
Çıxışın bu yerində İsa Qəmbər Elçin Behbudova replika verdi:
-Biz sizin fəaliyyətinizi bilirik. Amma işgəncələr azalmaq əvəzinə artır”.
Elçin Behbudov:
– Biz aidiyyatı orqanlara çatdırmışıq.
İsa Qəmbər:
– Aidiyyatı orqanlardan biri də mənəm. Sədri olduğum partiyanın üzvlərinə işgəncə verilir. Bu fakt varsa birinci mənə bildirməlisiniz.
Elçin Behbudov:
– Beynəlxalq qurumların hamısına çatdırmışıq.
İsa Qəmbər:
– Biz də o rəyi görmək istəyirik. Biz nə edə bilərik ki, bu işgəncələri durdura bilək?
Elçin Behbudov:
– Ancaq məhkəmə hüquqi qiymət verə bilər işgəncələrə. Vəkillərə üzümü tutaraq deyirəm ki, məni şahid kimi məhkəmələrə dəvət edin.
İsa Qəmbər:
– Mitinqlərdən sonra ATƏT bildirir ki, nə hakimiyyət, nə də müxalifət tərəfindən zorakılıq faktları yoxdur. Bu rəyləri ictimaiyyətə təqdim etmək lazımdır.
Elçin Behbudov:
– Mitinqlərdən sonra mənə zəng edin, mən sizə bütün faktları təqdim edəcəm.
“İşgəncələrlə bağlı sayt yaradaq”
Hüquq müdafiəçisi Leyla Yunus siyasi məhbusların sırasına dini motivlərlə həbs olunanların da adını yazmağın lazım olduğunu bildirdi.
Leyla Yunus təklif etdi ki, internetdə işgəcələrlə bağlı sayt hazırlamaq lazımdır: “O saytda işgəncə verən polislərin, müstəntiqlərin, sifarişli qərar çıxaran hakimlərin adlarını yazmaq lazımdır. İşgəncə faktlarını orda yaymalıyıq”.
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev dedi ki, cəmiyyət ökədə gedən proseslər haqqında daha dolğun, daha ətraflı bilgilər əldə etməlidir: “Biz çalışmalıyıq ki, informasiyaları cəmiyyətə ötürək. İnsanların arasında daha çox söhbətlər aparmaq lazımdır”.
“İşgəncələr yüksək səviyyədə verilmiş siyasi sifarişdir”
İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn isə bildirdi ki, işgəncələr şəxslərlə bağlı deyil: “Bu ən yüksək səviyyədə planlaşdırılıb həyata keçirilir. Onlar işgəncələrin nümayişkəranə şəkildə olmasına çalışırlar. Nəsimi polisində mənim gözümün qabağında insanlara işgəncələr verirdilər. 50 adamın içində insanları döyüb təhqir etmələklə onların şəxsiyyətini alçaltmaq istəyirlər. Bu yuxarı səviyyədə verilmiş siyasi göstərişlə olur”.
P.Hüseyn siyasi represiyyaları araşdırmaq üçün İctimai Palatanın yanında tədqiqat komissiyası yaradılmasını təklif etdi.
“Dəqiq və dinc şəkildə mübarizəmizi davam edəcəyik”
Müsavat Partiyasının başqanı İsa Qəmbər mübarizənin bundan sonra da davam edəcəyini bildirdi: “Dəyirmi masada maraqlı fikirlər və təkliflər səsləndi. Bu təkliflərin azı 80%-i icra olunur. Dostlarımız gecə-gündüz işləyirlər, işlər davam edəcək. Bu bir əsəb mübarizəsidir. Bizim gücümüz hədəflərimizin aydınlığı, mübarizəmizin dinc xarakter daşımağındadır. Hakimiyyətin gücü isə yalan təbliğat mexanizmi və zorakılıqdır. Bu iki qüvvə üz-üzə gəlir. Əvvəlki zamanlar olsaydı, dinc qüvvə zorakı qüvvənin qarşısında dayana bilməzdi. İndi dünya hesabat tələb edir. Ona görə də, bütün bu məsələlər beynəlxalq ictimaiyyətə də çatdırılmalıdır. Dəqiq və dinc şəkildə mübarizəmizi davam edəcəyik. Bütün rejimlər çökdüyü kimi bu rejim də xalq qarşısında çökəcək”.
“İşgəncələr hökumətin əleyhinə oldu”
AXCP sədri Əli Kərimli də həbs və işgəncələrin insanların mübarizə əzmini sındıra bilmədiyini vurğuladı: “Hökumətə cavabımız odur ki, həbslər, işgəncələr bizi sındırmadı. Həbsdən çıxan dostlarımız da mübarizə ruhundadır. İşgəncələr hökumətin əleyhinə oldu. Psixoloji bariyeri aşandan sonra xalqın qarşısını almaq mümkün olmayacaq. Hər şey beynəlxalq standartlara uyğun gedir. Həbs olunanların hüquqi müdafiəsi təşkil olunur, vəkillərə təşəkkür edirəm. Amma bu yetərli deyil. Bütün toplumdan gözləntilərimiz var. Bizim fədakarlığımız cəmiyyətdə arxayınlıq yaradıb ki, bunlar bacararlar. Doğrudur, öhdəsindən gəlirik. Ancaq bu çox çətin olur. Heç olmasa tutulanlara qayğı kampaniyasına daha çox insanlar qoşulsun. Bundan sonrakı fəaliyyətimizi daha yaxşı koordinasiya etməyə ehtiyac var, daha çox işləməliyik”.
Vəkil Anar Qasımov, hüquqşunas Qaya Əliyev, İP üzvü Bəybala Əbil və digərləri çıxış edərək müxtəlif təkliflər səsləndirdilər.
Sonda isə Müsavat Gənclər Təşkilatının mitinqlərlə bağlı hazırladıqları video-rolik nümayiş olundu.
Elmin Həsənli