Müxalifətin möhtəşəm 2 aprel mitinqindən sonra ən maraqlı hadisələrdən biri, bizim gənc fəallardan Rövşən Nəsirlinin başına gəlib. Ona mitinqdən sonra 9 günlük həbs vermişdilər.
Həbsdən çıxan Rövşən bəy ertəsi gün işə getdiyində gözlənilən olmuşdu. Onu işdən azad etmişdilər. Işdən azad edən kimdir? Rövşən bəyin dayısı – Məmməd Musayev. Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti. Konfederasiyanın adında “Sahibkarlar” sözündən sonra həmişə mötərizədə “Işəgötürənlər” yazılır. Əvvəllər “Işverənlər” yazılırdı. Sonra yaptokrat deputatlar bunun pis səsləndiyini deyib onu “Işəgötürənlər”lə əvəzlədilər.
Bunlar da əcəbdirlər: həm “işverənlər”in sayəsində 18 ildir hakimiyyətlərini qoruyub saxlayırlar, həm də onun pis səslənməsindən şikayətlənirlər. Anlamaq mümkün deyil. Işverənlik eləyəndə yaxşıdır, amma “işverənlər” yazılanda pis səslənir? Belə məntiq varmı?
Nə isə… Gənc fəalın hekayətinə qayıdaq. Rövşən bəy dayısının yanına gedib məsələyə aydınlıq gətirmək istəyəndə (əslində ortada qaranlıq heç nə yoxdur, Əliyevlərin sayəsində ölkədə qarın qardaşdan irəlidir, qalmışdı dayı ona iş verən (baxın, heç də pis səslənmir!) rejimi qoyub bacıoğlunun tərəfini tutsun, həm də ona görə yox ki, bacıoğludur, ona görə ki, haqq uğrunda mübarizə aparır) Məmməd Musayevdən bu sözləri eşidir: “Bundan sonra mən adda dayın olduğunu unut”.
Əslində çox gözəl sözlərdir. Biz hakimiyyətlə həm də nəyin davasını aparırıq? Yerlibazlığın, qohumbazlığın… Rejimdən orta çağlara xas bu vərdişlərdən əl çəkməsini istəyirik, Azərbaycan insanının bir-birinə əmi, dayı, xala, bibi, yeznə, qayın, bacanaq, kirvə qohumluqları ilə deyil, çağdaş dəyərlərlə bağlanmasını, doğmalaşmasını istəyirik. Insanların vəzifəli qohumlarına yox, hüquqa, qanunlara güvənməsini istəyirik.
Bir haqqı əzilən insan o anda vəzifədəki hansısa qohumunu aramaq yerinə, polisə, məhkəməyə üz tutsun istəyirik.
Xalq bu ölkədə hakimiyyətin atası, anası, bacısı, qardaşı olsun istəyirik. Artıq xalqla hakimiyyət arasında ögeylik, yadlıq olmasın istəyirik. Xalqın dövlətlə qohum olmasını istəyirik, bir sözlə!
Bunu istəməyənlərin də bizi övladlıqdan, bacıoğulluqdan, qardaşoğulluqdan çıxarmasını gözləməməliyik. Özümüz onların adlarını silməliyik yaddaşımızdan. Həyatımızda onlara yer olmamalıdır. Dayısı bu irtica rejimi olanlar necə bizim də dayımız ola bilər, Rövşən bəy!
Sənin, mənim, onun, bizim hamımızın gerçək dayısı quracağımız hüquqi bir dövlət olacaq. Biz o dayıya sırtımızı söykəyəcək, ona güvənəcək, ona inanacağıq.
Heç kim bunu unutmasın və ağlının bir yerinə möhkəm-möhkəm yazsın: hüquqi dövlətin olmadığı Azərbaycan kimi ölkələrdə bütün insanlar atalı-analı yetimlərdir. Dayılı, əmili kimsəsizlərdir.
“Nobel” almaq istəyirsiniz, bəs “Nobel”çini niyə dinləmirsiniz?
Bu hakimiyyətin “Nobel” mükafatı almaq iştahının kökü Heydər Əliyev zamanına gedib çıxır. Vaxtilə YAP-çıların “dahi rəhbər”inin Nobel mükafatına təqdim olunmasını istəyən bir neçə zəvzək xatırlayıram. Guya Nobel mükafatı “Şöhrət” ordeni-zaddı, qarşına çıxana paylayasan.
Bir ara baş nazirin müavini Elçin Əfəndiyev də yazıçı kimi Nobel almaq fikrinə düşmüşdü. Görünür, o da elə bilirdi, Nobeli adama ədəbiyyata yox, antiədəbiyyata xidmətinə görə verirlər.
Təzəlikcə Şeyxülislama Nobel mükafatı verdirmək istəyənlər peyda olub. Şeyxdən olsa, mükafatı verən Isveç Akademiyasının üzvlərini gələn il öz xətti ilə Həccə də aparar.
Bir sözlə, Nobel mükafatı yaptokratların çoxdankı xəyalıdır.
Mənim indi bu yaptokratlara deyəcək bir sözüm var: siz Nobel ödülü almaq üçün dəridən-qabıqdan çıxacağınıza, yaxa-başınızı cıracağınıza Nobel mükafatçısı Şirin Ibadinin dünən dediyi bu sözləri qulağınıza sırğa edin, yetər: “Insanlar azadlıq və demokratiya tələb edir, hökumət isə repressiyaları davam etdirir. Lakin tarix repressiyalar keçirən hökumətlərin süquta uğradığını göstərir”.