Bu himnlə bağlı söz-söhbətdən heç xoşum gəlmir. Düzdür, hələ dəqiq heç nə bəlli deyil. Amma birdən dəyişdilər, dəyişdilər, bunlara nə demək olar ki? Indi mən yaddaşımı işə salmağa cəhd edirəm. Bu vaxta qədər himnlə bağlı hansı iradlar dilə gətirilib? Birincisi, minor-major söhbətidir. Ilk dəfə bunu eşidəndən sonra əlüstü bir araşdırma apardım. Bəlli oldu ki, təcrübədə hər ikisi var, həm minorda, həm də majorda yazılan himnlər mövcuddur. Digər bir irad himnin mətninin böyüklüyü ilə bağlı idi. Guya hörmətli xarici qonaq cənabları çox gözləməli olurlar. Nə olsun ki? Tutaq, 10-15 dəqiqə gözləmək lazım gəlir. Bizim ölkənin bir özəlliyi olmalıdır, ya yox? Başqa vaxt ənənələr haqda gen-bol danışırlar. Qoy, bu da olsun bir ənənə! Məgər, tutaq ki, elə Ingiltərəyə krallıqla bağlı formal prosedurlar elə bir rahatlıq gətirir? Amma bu da bir ənənədir. Eləcə də başqa misalları yada salmaq olar. Söhbət protokol qaydalarının sadələşdirilməsindən gedirsə, bəs onda onu nəyə görə bu qədər mürəkkəbləşdirdilər? Indi şəhidlərimizi xarici qonaqlar ən sonda anır və bəzən də heç yada düşmür… Xarici qonaqlar üçün ölkə protokol qaydalarından başlanır və onlar bu qaydalardan ölkə haqqında ilk təəssürat əldə edirlər. Ən qorxulusu budur ki, bu proses davam edə. Sabah tutaq ki, bayraq bunların xoşuna gəlməyə! Onda necə olacaq? Bilmirəm. Bu da istisna olunmur! Güman edirəm ki, ən azı musiqiyə hörmət edən hansısa bir bəstəkar Üzeyir bəydən sonra himn yazmağa cəsarət etməz! Elə şairlər də həmçinin… Amma kim bilir bu dünyanın işlərini! Universitetdən bir vaxt Rəsulzadənin adını götürdülər, etiraz edən tapılmadı. Indi tapılacaqmı? Söz yox ki, mən müxalifəti nəzərdə tutmuram, onlar həmişə etiraz edirlər. Fəqət, onları eşidən varmı? Ziyalılar isə susur. Və təminat yoxdur ki, bu dəfə onlar susmayacaq. Axı bir vaxt konservatoriyadan Ü.Hacıbəyovun adı götürüldü! Bəli, nələr olur bu balaca ölkədə? Bəzilərinin iddiaları bu balaca ölkəyə belə sığmır!
Islam Kərimova nə olub?
Qırğızıstandan sonra Özbəkistan da parlament respublikası istiqamətində irəliləyir. Bəlkə bununla Özbəkistan despotiyadan qurtulacaq? Axı avtoritar rejimlər arasında bircə dənə belə olsun parlament respublikası yoxdur, elə hamısı prezident respublikasıdır! Çox qəribədir, birinci respublikalar vaxtı yalnız Gürcüstanda prezidentlik institutu vardı. Bolşeviklərdən əvvəl hətta Rusiya parlament respublikası olmuşdu. Bu üsul indi də Rusiyada qalsaydı konstitusiyanın ruhuna əməl etmək üçün Putinlə Medvedev arasında siyasi tryuk – tandem yapmağa ehtiyac qalmazdı, çünki parlament respublikasının təcrübəsində hökumət başçısının seçiminə elə bir məhdudiyyət olmur. Biz də vaxtında bu sistemi seçsəydik prezidentlik müddəti ilə bağlı konstitusion düzəlişə ehtiyac qalmazdı. Amma bir məsələ var ki, parlament respublikası vaxtı avtoritar rejim də olmur, bunu əvvəldə qeyd etdim. Ona görə də bizim siyasi elitaya bunun nə qədər sərf edəcəyi mübahisəlidir. Elə müharibələr vaxtı da parlament üsul-idarəsində elə bir problem olmur, seçki dayanır, etimad hökuməti formalaşır və ona böyük səlahiyyətlər verilir. Ikinci Dünya müharibəsi zamanı və elə indi də Böyük Britaniyada parlament respublikası idi, amma bu, ona qalib dövlətlərdən biri olmağa mane olmadı…
Putin dilləndi…
Bəli, Putin Medvedevin yadına saldı ki, o, keçid mərhələsinin prezidentidir. Putinin paternalizmi, ölkə siyasətinin personifikasiya olunması, eləcə də keçmiş FTX rəhbərinin gözəl imicmeyker olması böyük siyasətin qapılarını onun üzünə geniş açır. Medvedev başa düşmür ki, intellektual siyasətçinin obrazı rus siyasi təxəyyülündə elə bir uğur qazana bilməz. Rusiyada bir rus kişisi siyasi obrazı var və onlar daha çox bu obrazı qəbul edirlər. Bir vaxt Yeltsinə çar Boris deyəndə bu ifadədə ruslar həm də sevgilərini ifadə edir, əsl siyasi simpatiyalarını büruzə verirdilər. Rusiya siyasətində intellektuallar heç vaxt uğur qazanmayıb. Təkcə Çubays özünü axında saxlaya bilib. Bunu anlamaq çətindirmi?