“Siyasi məhbusların sayı artacaq”

Leyla Yunus: «Islamçılar da potensial siyasi məhbusdur»

Sülh və Demokratiya Institutunun rəhbəri Leyla Yunus ölkədə siyasi məhbusların artması ehtimalı ilə bağlı cümə günü Mətbuat Mərkəzində mətbuat konfransı keçirib. O, hazırda 60-a yaxın siyasi məhbus olduğunu və bu il bu sayın arta biləcəyini söyləyib, 2011-ci ildə 10 nəfərin həbs edildiyini xatırladıb.
SDI rəhbəri bu il yanvarın əvvəlində etdiyi çıxışa görə AIP sədri M.Səmədovun və daha 9 nəfərin barəsində həbs-qətimkan tədbiri seçildiyini qeyd edərək, bu şəxsləri potensial siyasi məhbus adlandırıb. AIP sədri M.Səmədovla birgə saxlanılan partiya üzvlərinə hakimiyyəti devirmək, zorla ələ almaq və zorla saxlamaq, qanunsuz silah saxlamaq və s. kimi ittihamlar irəli sürüldüyünü deyən L.Yunus bu insanlara ən yaxşı halda 12-15 il azadlıqdan məhrumetmə cəzası veriləcəyi xəbərdarlığı edilib. L.Yunus ittihamı siyasi adlandırıb və bu həbs və ittihamların siyasi sifariş olduğunu bildirib. Onun fikrincə, bu ittihamı sübut edəcək hər-hansı dəlil yoxdur. SDI rəhbəri M.Səmədovun dövlət başçısını tənqid etdiyinə görə həbs edildiyini hesab edir.
Ruhani alimlərin həbsinə gəlincə, L.Yunus bu şəxslərin həbsinə səbəb kimi əhali arasında nüfuz sahibi olmalarını göstərib, onların həbsini “ictimai ovqata təsirdən təcrid etmək” kimi dəyərləndirib. L.Yunus hakimlər bu şəxslər barəsində azadlıqdan məhrumetmə qərarları çıxardığı halda adlarının siyasi məhbuslar sırasında yer alacağını və SDI-nin bu şəxsləri siyasi məhbuslar kimi tanıyacağını nəzərə çatdırıb.