Sevdalı, Atalı, Sevgiladəli…

Yoldaş, Əli Həsənov, bəs deyirdin müxalifət əbəs yerə “olay olsun deyə” yandırmağa adam axtarmasın, bu ölkədə hamı xoşbəxt, firavan yaşayır? Bəs nə oldu? Axı elə sən o sözü deyəndən bəri gah o, gah bu rayonda nə qədər vətəndaş özünü, ailəsini yandırdı, boğazına ip atıb həyatına qıydı… Olmayıbmı bunlar? Sizi həqiqəti etiraf eləmək kimi çətin bir işi yerinə yetirməyə zorlamaq fikrim yoxdu, heç özünüzə də etiraf eləməyinizi istəmirəm. Ancaq yenə də, sirr özündə qalmaqla, evdə tam tək qalanda həqiqətin necə olduğunu düşünəndə hansı hissləri keçirirsiniz? Görürsünüzmü yaratdığınız durumu??? Yox, bunu qətiyyən kimsəyə boyun almayın, eləcə özünüz üçün dedim.
Baxın, nə iqtidarın adamıdı, nə müxalif fikirlidi. Hələ çox güman ki, bu şəxs seçkilərdə nə üçünsə sizin əlinizə işləmiş saysız-hesabsız məzlumdan biridi. Aprelin 19-da özünü yandıran, indi 5 saylı xəstəxanada ağır durumda müalicə alan, sirrin faş olmaması üçün ciddi mühafizə altında saxlanılan Bərdə rayonunun Qasımbəyli kənd sakini, 3 uşaq atası Cəmaləddin Yusif oğlu Paşayevdən danışıram. Bəli, bu şəxs özünü yandırıb. “Hadisəyə səbəb isə Cəmaləddin Paşayevin Bərdə Rayon Sosial Müdafiə Mərkəzində üzləşdiyi haqsızlıqlar olub”. Idarədən qovulan Cəmaləddin polislərin onu izlədiyini görüb və evinə çatmamış, yoldaca canına qıyıb.

Axı biz demişdik ki, belə yanğınlardan, cana qıymalardan sarı narahat olmayın, onlar tez-tez baş verəcək və ölkənin hər yerində. Ölkədə informasiya blokadası ancaq bu cür qırılır – hər bir bölgədə belə faciəli olay baş verir və xəbər bütün ölkəyə yayılır – canlı-canlı, isti-isti.

Sizin ölkə boyu qurduğunuz kameralar isə belə şeyləri “görmür”. Əvəzində birini unitazda oturarkən aşağıdan yuxarı, birini otağında tək olarkən, birini çölün düzünə peşov eləyərkən və hələ bundan sonra da dürlü-dürlü şəraitlərdə çəkib sevimli “Lider”inizdə aləmə yayırsınız. Bəlkə onların yerinə belə-belə şeyləri çəkəsiniz ki, xalq da istədiyiniz kimi ağı qaradan seçə? Olmazmı? Olmaz. Çünki yanğın səhnəsini çəkmək, fəlakətzədəni danışdırmaq acı yaradır, sizə isə insanlarda ehtiras yaratmaq lazımdı, daha doğrusu ehtirası öldürmək, sevginin, sevişmənin, hətta peşov eləmənin yasaq olduğunu adamların başına yeritmək.

Özünüz bu əxlaqı tərəziyə qoyun. Düşünün. Siz də insansınız axı. Ola bilməz ki, həqiqət deyilən şey içinizdə büsbütün ölmüş olsun. 17 Aprel aksiyasında “Azadlıq” qışqıran o qızcığazı gördünüzmü? Nə qədər şirin balaydı, deyilmi? Ama siz ona nifrət elədiniz, doğrumu? Uşağı bığıburma polisləriniz tutub maşına basdı, yox? Basdı. Qəzetlərinizdən biri hətta bu uşağın anası haqqında iyrənc yazı da dərc etdi. Yazıda deyilir ki, “uşağı ilə mitinqə çıxan Gülnarə Quluzadə guya bir çox adamı aldadıb, habelə Nəsimi rayonu ərazisində yerləşən ”Koral” barının “Həyat” ləqəbli daimi müştərisidir” və s. və i.a..

Baxın, bir “Azadlıq” sözünü dilinə gətirdiyinə görə insana bu qədər çamur atarlarmı? Zarafatsız, bir fikirləşin də. Hətta guya sizin qəzetə məlumat ötürən Sevda Vəliyeva ad-soyadlı birinin dedikləri doğrudu (“Yeni Müsavat” qəzeti isə DIN-nin saytına istinadən Sevdanın insan alverçisi olduğunu, qadınları Pakistana apararaq cinsi istismara məruz qoyduğuna görə məhkum edildiyini üzə çıxarıb), əvvəla niyə o “Koral” barı var, niyə orada qadınlar rahatca o əməllərlə məşğuldu və nəhayət, məgər “o qadınların” övladlarının “Azadlıq” qışqırmaq haqqı yoxdumu?

Vaxtınız olsa, bunu da düşünün – niyə elə sizə qahmar çıxan Sevda, Sevgiladə, ya Ata kimilər olur… Xalq sarıdan isə narahat olmayın – o, ağı qaradan yaxşı seçir. Həm də sizin gizli çəkilişlərinizdən sonra daha aydın, daha rəngli.