Ərəbistan – Azərbaycan gəlişmələri

Yeni sosial-siyasi proseslər baxımından Ərəbistanla Azərbaycan bir-birinə yaxınlaşmaqdadır. Bu, qarşısıalınmaz prosesdir – daha çox doğal-obyektiv proses. Asta-asta, yavaş-yavaş yaxınlaşma baş verir. Kosmik gəmilərin yaxınlaşıb birləşməsinə bənzər bir prosesdir bu. Başqa cür desək, indiki yaxınşlaşma yalnız sosial-siyasi faktorlarla deyil, eləcə də bir sıra gərəkən TEXNIKI faktorlarla bağlıdır. Ən başlıcası, ortada bir qaçılmazlıq faktoru var. Ərəb diktatorları bu apaydın qaçılmazlıq faktorunu görmək istəmədikləri kimi, Azərbaycan diktatoru Ilham Əliyev də görmək istəmir. Bununla onlar yalnız özlərinə deyil, xalqa da yeni-yeni problemlər yaradırlar.

Bizim üçün burada önəmli olanı nədir? Onlar indiki durumda istər-istəməz xalqla bağlı daha çox QURTULUŞA başlanğıc olacaq problemlər yaradırlar. Onların indilikdə özlərinə yaratdıqları problemlər daha çox özünü yoxluğa sürükləyən problemlərdir. Onlar indiki durumda xalqın deyil, özlərinin qurtuluşlarına çalışmaqla özlərinə gündən-günə dərinləşən quyu qazmış olurlar.

Ərəbistan diktatorlarını bir-bir göz önünə gətirin. Bin Əli bir az tez getdi. Tez getməklə də cinayətinin sayını az elədi. Otuz ildən bəri ABŞ-a arxalanan marşal-prezident Mübarək: “Mən Bin Əli deyiləm hakimiyyəti atıb qaçam”,- dedi. Mübarək Bin Əlidən çox adam qırdırmaqla getdi, buna görə də cinayətlərinin sayını artırmaqla qarşıdakı cəzasını daha da ağırlaşdırdı. Indi onu rüşvət-korrupsiya cəzası ilə yanaşı, xalqı qırdırmaqla bağlı ÖLÜM cəzası da gözləyir!

Proses Liviyaya keçəndə Cəmahiriyyə adlı anormal qurum lideri olan Qəzzafi daha qabağa getdi: “Mən Bin Əli, Mübarək deyiləm ölkəmi atıb qaçam”. Bin Əli üç yüz, Mübarək beş yüz adam qırdırmışdı. Qəzzafinin törətdiyi qırğınların sayı on mini keçib. Qaniçən diktator olaraq tanınan Səddam Hüseyn  ABŞ kimi super dövlətə meydan oxuya-oxuya qaçıb… kanalizasiyada gizlənmişdi. ABŞ onu bütün dünyanın gözü qarşısında düşkün, acınacaqlı durumda kanalizasiyadan dartıb çıxardı. Indi Qəzzafi ABŞ-a meydan oxuya-oxuya qaçıb bunkerdə gizlənir. ABŞ onu da tezliklə tapıb, düşkün, acınacaqlı durumda ortaya çıxaracaq. Ağlı olsaydı, Qəzzafi ən azı Bin Əlini, Mübarəki özünə görk eləyib, hakimiyyətdən üzüsulu, it gününə düşmədən gedərdi. Ancaq… getmədi, gedə bilməyəcək – qırx iki ildən bəri başında durduğu diktatura-diktator yaramazlıqlarına görə!
ABŞ-ın Liviyaya girməyini istəməyən, buna qısqanclıqla yanaşan bir sıra dövlətlər NATO-nun Liviyadakı effektsiz-“neytral” operasiyalarından necə boğaza yığıldılarsa, istər-istəməz ABŞ-a yalvarmalı oldular: bizi bu utancverici durumdan qurtar! Barak Obama administrasiyası indiyədək Liviya ilə bağlı gözəl bir AT gedişi eləmişdi. Bu gözəl gedişin sonucu olaraq ABŞ tezliklə səsini ucaldaraq: “Şah Mat!”- deyəcək. Bununla da dünyadakı gerçək gücün yeri (Amerika kontinenti!), adı (Amerika Birləşmiş Ştatları!) bir daha bütün dünyaya bəlli olacaq! Əliyevçi rejim başçıları bunu çoxdan bilməli ikən, hələ də bilmirlər, daha doğrusu, bilmək istəmirlər – Amerikaya Demokratiya daşıyıcısı olaraq NIFRƏT etdiklərinə görə! Əliyevçi rejim başçılarının çağdaş dünyada özlərinə doğma saydıqları, bel bağladıqları bir başlıca dövlət var – Putin Rusiyası!

Azərbaycan torpaqlarını parça-parça eləmiş, onu qabaqca iki yerə ayırmış, sonra Dərbəndi, Borçalını, Batı Azərbaycanı (“Ermənistan”), Dağlıq Qarabağı, ardınca ona bitişik bölgələri QANLI QIRĞIN yolu ilə Azərbaycandan ayırmış Rusiya dövləti Yer üzündə Əliyevlər ailəsinin ən çox sevdiyi, ən çox arxalandığı dövlətdir. Rusiyanın Azərbaycanla bağlı imperiya maraqları Əliyevlərin Azərbaycandakı IŞĞAL maraqları ilə üst-üstə düşdüyündən, Rusiya-Əliyevlər birliyi qaçılmaz olur! Rusiya özü Qarabağı işğal elədiyi kimi, Əliyevlər də Rusiyanın köməyilə Azərbaycanı IŞĞAL eləyiblər!!!