Qəzzafi qoşunları geri çəkildi

Sarkozi və Kameron Liviyaya səfərə hazırlaşır

Müəmmər Qəzzafi rejiminə qarşı yerli və beynəlxalq hərbi əməliyyatlar davam edir. NATO-ya məxsus qırıcılar dünən səhər saatlarında Liviya diktatorunun nəzarətində olan paytaxt Tripoliyə hava zərbələri endirib. Qəzzafi qüvvələrinin əsas hərbi bazası dağıdılıb. Hökumət sözçüsünün sözlərinə görə, Liviya diktatorunun iqamətgahı yaxınlığında yerləşən avtoparkın bombalanması nəticəsində 3 nəfər həlak olub.
ABŞ Müdafiə Nazirliyi ilk dəfə pilotsuz bir təyyarənin Liviyanı bombaladığını bildirib. Pentaqon sözçüsü “Predator” təyyarəsinin dünən günortadan Qəzzafi rejiminin hərbi hədəflərinə zərbələr endirdiyini söyləsə də, bu haqda ətraflı məlumat verməyib.
Iki həftədən çoxdur ki, Qəzzafi qüvvələrinin mühasirədə saxladığı ölkənin üçüncü böyük şəhəri Misratada üsyançılarla hökumət hərbçiləri arasında silahlı qarşıdurma yaşanıb. On nəfər dünyasını dəyişib, 20-yə yaxın yaralanan var.
Bu arada, Liviyanın xarici işlər nazirinin müavini Xalid Qaim Qəzzafi qüvvələrinin strateji əhəmiyyətə malik Misrata şəhərindən çəkiləcəyini bildirib. Liviya diktatoruna yaxın bəzi tayfa başçıları isə Misratadakı üsyançıları təhdid ediblər. Onlar şəhərdəki üsyançıları zərərsizləşdirmək üçün Qəzzafi qüvvələrinə yardım edəcəklərini bildiriblər.
“Reuters” xəbər agentliyinin Fransa hökumətindəki mənbəyə istinadən yaydığı məlumata görə, ölkə başçısı Nikola Sarkozi və Ingiltərənin baş naziri Devid Kameron Liviyaya səfərə hazırlaşır. Liderlərin Qəzzafi rejiminə qarşı savaşan üsyançıların əsas şəhəri Benqazidə qurulmuş Milli Keçid Şurasının rəhbərliyilə görüşü nəzərdə tutulub. Səfərin mayın əvvəllərində baş tutması planlaşdırılır.

İnformasiya şöbəsi