ozunu-yandiran

Özünü yandıran bərdəli Bakıda öldü

Kənd sakinləri rayon rəhbərliyinin nümayəndələrini qovdu

Cəmaləddin Paşayev məmur özbaşınalığından bezib intihara əl atmışdı

Bir neçə gün əvvəl Bərdə rayonunda məmur özbaşınalığından bezərək, özünü yandıran Qasımbəyli kənd sakini Cəmaləddin Paşayev dünən Bakıdakı 5 nömrəli xəstəxananın yanıq şöbəsində dünyasını dəyişib. Faktı mərhumun yaxınları və xəstəxananın işçiləri də təsdiqləyib.
Xatırladaq ki, Cəmaləddin Paşayev Bərdə rayon Sosial Müdafiə Mərkəzinin rəhbəri Vidadi Imanquliyevin iş otağında onunla mübahisə etdikdən sonra üzərinə benzin tökərək canına qıyıb. Əvvəlcə Bərdədəki mərkəzi xəstəxanaya, daha sonra isə vəziyyəti ağır olduğundan Bakıya gətirilən zərərçəkmişin yaxınlarının hadisə ilə bağlı mediaya açıqlama verməsinə qeyri-rəsmi qadağa qoyulmuşdu.
Cəmaləddin Paşayevin intihara əl atmasına səbəb onun ailəsinə ünvanlı sosial yardımın verilməməsi olub. Paşayevlər ailəsi uzun müddətdir Bərdə Rayon Sosial Müdafiə Mərkəzində süründürməçiliyə məruz qalıb.

Polis rəisinin müavinindən intihara “dəstək”

Cəmaləddin Paşayevin vəfatı xəbərini eşitdikdən sonra mərhumun yaxınlarıyla əlaqə saxladıq. Onların sözlərinə görə, Cəmaləddin Paşayevin ölüm xəbəri rayon ərazisində ajiotaj yaradıb. Xəbəri eşidən rayon sakinləri mərhumun evinə gələrək, başsağlığı verməklə yanaşı, hadisənin səbəbkarlarına qəzəblərini ifadə ediblər. Cəmaləddin Paşayevin həyat yoldaşı olaydan şoka düşüb. Daha doğrusu, onda anlaqsız vəziyyət yaranıb və özünü idarə edə bilmir.
Mərhumun qardaşı Kəmaləddin Paşayev “Azadlıq”a bildirdi ki, Cəmaləddinin ailəsinin maddi durumu həddindən artıq pis olub. O, hadisə baş verən gün ünvanlı sosial yardım almaq üçün rayonunun Sosial Müdafiə Mərkəzinə müraciət edib. Lakin onun ailəsinə sosial müavinət verməkdən imtina olunub. Daha doğrusu, ondan rüşvət tələb olunub. Cəmaləddin Paşayev maddi vəziyyətinin pis olduğunu izah etməyə çalışsa da, qarşı tərəfi fikrindən daşındıra bilməyib. Belə olan halda, ailə başçısı üç uşağını da götürərək, mərkəzin rəhbəri Vidadi Imanquliyevin görüşünə gedib. Onun kabinetində baş tutan söhbət zamanı Paşayev bir daha durumunun ağır olduğunu izah etməyə çalışıb. Yenə də vəziyyətin düzəlmədiyini görəndə isə uşaqları Vidadi Imanquliyevin otağında qoyaraq, “mən baxa bilmirəm, siz baxın” deyib və çıxıb gedib. Vidadi Imanquliyev Bərdə Rayon Polis Şöbəsinin rəis müavinini mərkəzə çağırıb və uşaqlar altı polisin, o cümlədən rəis müavininin müşayiətilə evlərinə göndərilib. Həmin vaxt Cəmaləddin Paşayev evdə olub. Ailə başçısı rəis müavininin nəzərinə çatdırıb ki, artıq qanunsuzluqlardan, özbaşınalıqlardan bezib və özünü yandıracaq. Rəis müavininin reaksiyası isə belə olub: “Yandıranda bizə xəbər elə, benzin verək…” Rəis müavini bununla da kifayətlənməyərək, yanındakı polisləri maşından benzin gətirməyə göndərib. Yaranmış durumdan bir qədər də əsəbiləşən Cəmaləddin Paşayev Tərtər çayının kənarında özünü yandırıb.
Onu da öyrəndik ki, Cəmaləddin Paşayev dünyasını dəyişməmişdən əvvəl onun valideynləri Bərdə rayon Icra Hakimiyyətinin başçısı Vidadi Isayevlə görüşüblər. Icra başçısı hadisəni diqqətdə saxlayacağına söz verib.
Hələ Paşayev xəstəxanada olarkən faktla bağlı cinayət işi başlanmışdı.
Cəmaləddin Paşayevin qardaşı bizimlə söhbətində onu da bildirdi ki, rayon rəhbərliyi hadisədən sonra təşvişə düşüb. Rayonun vəzifəli şəxsləri hüzr mərasimində iştirak etmək istəsələr də, sakinlərin etirazından qorxaraq fikirlərindən daşınıblar. Rəhbərlik Cəmaləddin Paşayevin hüzr mərasiminə ərzaq məhsulları, həmçinin çadır göndərsə də, zərərçəkmişlər onları qəbul etməyərək, gətirənləri də qapıdan qovublar.
Apardığımız araşdırmalardan sonra o da məlum oldu ki, Vidadi Imanquliyevin rəhbərlik etdiyi Sosial Müdafiə Mərkəzi Bərdə rayonunda ən korrupsiyalaşmış qurumlardan biridir. Rayon sakinləri idarənin fəaliyyətindən, orada baş verən korrupsiya və məmur özbaşınalığından şikayətləniblər. Onların sözlərinə görə, Cəmaləddin Paşayevlə bağlı hadisə gözlənilməz olmayıb. Çünki sakinlər zaman-zaman Vidadi Imanquliyevin rəhbərlik etdiyi idarədə haqsızlıq və özbaşınalıqlarla üzləşiblər.
Onu da öyrəndik ki, Vidadi Isayev Bərdəyə icra başçısı gətiriləndən sonra adaşı daha rahat hərəkət etməyə başlayıb. Vidadi Imanquliyev icra başçısı ilə həmyerli olmasından istifadə edərək, ürəyi istəyən qaydaları tətbiq edib. Hətta özünə xüsusi mühafizə də ayırıb, rayonda geniş torpaq sahələri və mülklər alıb.

Turan