Polis müxalifətçinin fermer qardaşını hədələyib
NMR-da müxalifətçilərin ailə üzvləri və yaxınları yerli hökumət orqanlarının nümayəndələri tərəfindən müxtəlif üsullarla hədələnərək təzyiqlərə məruz qalırlar. Bu barədə “Turan”a AXCP-nin Naxçıvan MR təşkilatının sədr müavini Yaşar Bağırsoyun qardaşı Zeynalabdin Bağızadə məlumat verib.
Babək rayon Nehrəm kənd sakini olan Bağırzadə fermerdir. Onun sözlərinə görə, bir müddətdir ki, yerli güc strukturları və icra orqanları nümayəndələri tərəfindən müxtəlif təzyiqlərlə üzləşib. Bu yaxınlarda o, dörd saatdan artıq rayon Milli Təhlükəsizlik Idarəsində saxlanılıb.
Bundan başqa, rayon icra başçısı Elçin Hüseynəliyev şəxsən onu hədələyərək deyib ki, “qardaşın müxalifətçi olduğu üçün siz hökumətin düşmənisiniz”.
Aprelin 21-də bir qrup polis fermerin ərazisinə gələrək onu hədələyib və fermer təsərrüfatı fəaliyyətini dayandırmadığı təqdirdə ərazini yandırmaq və dağıtmaqla hədələyiblər.
Jurnalistlərin vəziyyəti aydınlaşdırmaq və icra hakimiyyəti nümayəndələri ilə görüşmək cəhdi uğursuz olub, belə ki, onlara fiziki təzyiq göstərilərək, icra nümayəndəliyindən bayıra çıxarılıblar. Jurnalistlərə bildirilib ki, rayon icra başçısının icazəsi olmadan heç kim kəndə girə bilməz.