İlham Əliyevə Peterburqda 24 milyonluq bina alınıb

Konsul Qüdsi Osmanov bu hədiyyəsi ilə karyerasını sığortalayır

Bir konsulluqda dəhşət saçan faktlar!

 

Peterburqdakı baş konsulumuz Qüdsi Osmanovun adı artıq hamıya bəllidir. Novruz bayramı münasibətilə Heydər Əliyev Fondunun bu şəhərdə keçirdiyi törəndə Azərbaycan diasporunun nümayəndəsi Mirzə Baxşıyevin meqafonla Qüdsi Osmanovun bir azərbaycanlı azyaşlının namusuna toxunmasını bildirməsi əməlli-başlı qalmaqal yaratdı və konsulu “məşhurlaşdırdı”. Sonradan zorlandığını iddia edən qızın – Aybəniz Səmədzadənin müsahibələri və hüquq-mühafizə orqanlarına müraciəti məsələni daha da qəlizləşdirdi. Qüdsi Osmanovun özünü müdafiə etmək üçün bu məsələlərin arxasında Sankt-Peterburqdakı Azərbaycan diasporunun ən tanınmış adamlarından olan Vaqif Məmişovun dayandığını bildirməsi baş konsulla diaspor arasında ciddi düşmənçiliyin olmasından xəbər verirdi.
Nə baş verir? Qüdsi Osmanov kimdir və ona qarşı bu antipatiyanın səbəbi nədir?

Əli İnsanovun qohumu, yoxsa Əliyevin yaxın adamı?

Redaksiyanı bilgiləndirən mənbənin məlumatına görə, Sankt-Peterburq şəhərində 400 minə qədər azərbaycanlı yaşayır. Bir o qədər də ətraf regionda yaşadığını nəzərə alan Azərbaycan diasporu uzun müddət Sankt-Peterburqda konsulluğun yaradılması üçün Azərbaycan hakimiyyətinə müraciət edib.
Nəhayət, 1998-ci ildə diaspor nümayəndələri ilə keçirdiyi görüşdə Əli Insanov konsulluğun yaradılması haqda bilgi verib və “Sankt-Peterburqda yaşayan gənc kadr kimi” Qüdsi Osmanovla işləməyi onlara təklif edib.
Sonradan özünü Əli Insanovun qohumu (bacısı oğlu) kimi təqdim edən Qüdsi Osmanovla diaspor arasında əvvəl heç bir problem olmayıb. Onun Rusiya vətəndaşı olması və Sankt-Peterburqda yaşamasının fəxri konsul təyinatına maneçilik törətməməsi Heydər Əliyevin yaxın adamı və Əli Insanovun qohumu rəyini möhkəmlədib.
Yalnız bir məsələdən başqa…

Saxta tərcümeyi-hal

Qüdsi Osmanov

1966-cı ildə Ermənistanın Noyamberyan rayonunun Ləmbəli (Əli Insanov da bu kənddəndir) kəndində doğulan Qüdsi Osmanovun Sankt-Peterburq Su Kommunikasiyaları Universitetini və Dövlət Universitetini bitirdiyinə ilk gündən azərbaycanlılar şübhəylə yanaşıblar.
Sankt-Peterburq Dövlət Universitetinin professoru Akif Fərzəliyevin verdiyi məlumata görə, hələ o zaman Osmanov təhsili ilə bağlı suallara cavab verə bilməyib. Professor Fərzəliyev Q.Osmanovun tərcümeyi-halında “Sankt-Peterburq Dövlət Universitetinin müəllimi” yazdırmasını da saxtakarlıq sayır: “Qüdsi heç vaxt bizim universitetin müəllimi olmayb. Onun bu universiteti bitirməsinə də şübhə edirəm. Çünki 1998-ci ildə bizə təqdim olunanda ”tələbə” olmasına baxmayaraq, fakültəsinin müəllimlərindən birinin də adını çəkə bilmədi”.

Osmanov haqda tükürpədici rüşvət iddiaları

İlham Əliyevə alınan imarət

Hazırda geniş maliyyə imkanlarına (100 milyon varidata sahib olduğu iddiası hüquq-mühafizə orqanlarına rəsmən təqdim edilib) sahib Q.Osmanov ilk sərmayəsini arayış satışlarından qazanıb və bu “biznes” 2011-ci ilin fevral ayına qədər davam edib.
800 min azərbaycanlının yaşadığı regionda arayış satışı pis “biznes” deyil. Ancaq Osmanovu bu gəlir, deyəsən, qane etməyib və “dövriyyəni” artırmaq üçün bəzi hüquqi prosedurları da yerinə yetirməyib. Belə ki, baş konsul təyin olunduqdan (1998-2004-cü illərdə fəxri konsul işləyib, 2004-cü ildən baş konsuldur) bir müddət sonra, 2006-cı ildən bu günə qədər Q.Osmanov verdiyi 4.700 arayışın rüsumunu dövlət büdcəsinə keçirməyib. Mənbənin verdiyi məlumata görə, hazırda bu faktı prokurorluq orqanları araşdırmaqla məşğuldur.
Baş Konsulun pul müqabilində istənilən saxtakarlığa imza atması Sankt-Peterburqda müvafiq qurumların da diqqətini cəlb edib. Bir müddət əvvəl Federal Miqrasiya Xidmətinin rəhbəri Tatyana Jarova Arxangelskdə keçirilən konfransda bu məsələyə toxunmuşdu: “Çoxsaylı saxta sənədlər, o cümlədən məhkumluğun olmamasıyla bağlı arayışlar yalnız Azərbaycan vətəndaşlarına verilir” (sitat “Pravda severa” saytındandır).
Bundan əlavə, Avropa Məhkəməsinə müraciətlə Azərbaycan dövlətinə qarşı iddia qaldıran bir neçə erməniyə də arayışı məhz Q.Osmanovun verdiyi üzə çıxıb. Azərbaycanda uzun müdət yaşamaları ilə bağlı Sankt-Peterburqdakı konsulluqdan arayış alan ermənilər Avropa Məhkəməsinə üz tutub maddi təzminat davası açmaq imkanı qazanıblar.
Əvəzində isə baş konsul azərbaycanlılara pulsuz arayış verməmək üçün bütün vasitələrə əl atıb. Adının çəkilməsini istəməyən Füzuli rayon sakininin dediyinə görə, o, 6 ay get-gəldən sonra arayış əvəzinə Q.Osmanovdan bu cavabı alıb: “Füzuli Azərbaycan ərazisindədir ki, sənə də arayış verim? Get, Ermənistan konsulluğundan arayış al!”
Əsəb və nifrətindən Ermənistanın Sankt-Peterburqdakı konsulluğuna müraciət edən Füzuli rayon sakini istədiyinə nail olub: Erməni konsul ona Füzulidə doğulduğu ilə bağlı arayışı qısa müddətə və pulsuz verib.

Osmanovu otağında kim güllələyib?

Q.Osmanovun biznes imperiyasına gedən yolda ən güvəndiyi vasitə Sankt-Peterburqdakı iş adamlarından 1) şərləməklə, 2) aldatmaqla və 3) yalanla pul qoparmaqdır.
1) Redaksiyanı bilgiləndirən mənbənin məlumatına görə, Azərbaycandakı yaxınlarına təzyiq ediləcəyi hədəsi ilə qorxudularaq külli miqdarda pulu əlindən alınan şəxslərdən biri də Həmzəyevdir. Q.Osmanov onun Sankt-Peterburqda Azərbaycan əleyhinə fəaliyyətlə məşğul olduğuyla bağlı ölkə rəhbərliyinə məlumat verəcəyini söyləyib. Astara Pedaqoji Texnikumunun direktoru və Astara rayon IH-də şöbə müdiri olan qardaşlarının repressiyaya məruz qalacağı təhdidi qarşısında Həmzəyev Q.Osmanovun istədiyi məbləği verməyə məcbur olub.
2) Q.Osmanovun fəaliyyət istiqamətlərindən digəri, aldatmalara – azərbaycanlıların ali məktəblərə qəbulu ilə bağlı alınan 5-10 minin timsalında baxmayaq, daha ciddi sövdələşməni misal gətirək.
Iş adamı, böyük maliyyə imkanlarına sahib Pərviz Qasımov Sankt-Peterburq Ticarət Palatasında babat vəzifəyə getmək üçün Q.Osmanovun vədlərinə inanaraq ona 1,5 milyon dollar pul verdiyini deyir.
Bu vaxta qədər həmin pullar qayıtmayıb və təbii ki, P.Qasımovun vəzifə təyinatından da söhbət gedə bilməz.
3) Sankt-Peterburqdakı azərbaycanlı biznesmenlərdən milyonlarla borc alınması isə artıq mətbuatda bir neçə dəfə yazılıb. Bu sıraya Vaqif Məmişovdan alınan və qaytarılmayan 1 milyon dollar da daxildir. Ancaq Q.Osmanovun bu borclardan birinin az qala güdazına gedəcəyi deyilməyib.
Məlumata görə, əslən Gəncədən olan Raqif Məmmədov borc verdiyi 1 milyon dolları ala bilmədiyi üçün günlərin birində baş konsulun xidməti otağına gəlir və ona xəbərdarlıq atəşi açır: sağ qolunu yaralayır.
Q.Osmanov bu vaxta qədər qolundakı güllə yarası ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verməyib. Amma xəbərdarlığın nəticəsi olub.
Nəticəsiz borcların isə onlarla olduğu haqda məlumat var…

Osmanovu Rəhim Qazıyevlə nə bağlayır?

Heydər İmanov

Q.Osmanov maliyyə imkanlarının genişlənməsi ilə biznes ortaqlarını da formalaşdırıb. Hazırda Fikrət Yusifov və Heydər İmanov baş konsulun ən yaxın dairəsi sayılır.
Fikrət Yusifovu tanıtmağa ehtiyac yoxdur – keçmiş Maliyyə naziri. Heydər Imanov isə Kornilov Farfor zavodunun direktorudur.
Məlumat üçün bildirək ki, elmlər doktoru H.Imanov Qubadlıda doğulub, uzun müddət Sankt-Peterburqda yaşayıb, 1986-92-ci illərdə Gəncə Çini Qablar zavodunun direktoru işləyib, sonra müdafiə naziri Rəhim Qazıyevin məsləhətçisi vəzifəsini tutub. R.Qazıyev Rusiya ilə əlaqələrindən istifadə etmək niyyətiylə silah alınması üçün Heydər Imanovu görəvləndirib. Heydər Imanovun silah alveri, nəticədə Sankt-Peterburq şəhərində Kornilov Farfor zavodunu öz adına almasıyla yekunlaşıb.
Sonradan H.Imanov zavodun nəzdində “Smolnı” Universitetini də yaradıb və hazırda oranın rektorudur. Qeyd edək ki, Q.Osmanovun Sankt-Peterburq şəhərinin mərkəzi rayonu olan Smolnıda Heydər Əliyev Təhsil Mərkəzini yaratmasıyla bağlı hakimiyyətin rəğbətini qazanmağa hesablanan açıqlaması da Heydər Imanovun növbəti layihəsidir. Sadəcə, adını Heydər Əliyev Təhsil Mərkəzi qoymaqla sığortalanmaq lazım gəlib.

İlham Əliyevə 24 milyonluq “hədiyyə”


Sankt-Peterburqdakı baş konsulun ən böyük işlərindən biri Sadovoye-12 ünvanında yerləşən 7 min kv. metr sahəsi olan böyük arxitektur binanı ötən ilin avqustunda almasıdır. Qeyd edək ki, illərlə milli mətbəxi təmsil edən məşhur “Bakı” restoranı bu binada yerləşir.
Binanın 24 milyon ABŞ dollarına alındığı haqda məlumat var. Sankt-Peterburq mətbuatının da alqı-satqıyla bağlı Q.Osmanovun adını hallandırdığı (dr.ru saytı) bu binanın alınması üçün Azərbaycan Beynəlxalq Bankının Peterburq filialı 10 milyon dollar kredit verib.
Filial rəhbəri Fuad Nəsirzadənin ayırdığı 10 milyon kredit baş konsulun qohumları Xaqani və Mustafa Osmanovların adına verilib. Yeri gəlmişkən, konsulun əmisi oğlu Mustafa Osmanov həm də “Bakı” restoranının sahibidir.
Bina Sevda Məşədi-Qafarzadənin adına sənədləşdirilib. Rusiya mətbuatının məlumatına görə, S.Məşədi-Qafarzadə uzun müddət Q.Osmanovun köməkçisi olub və hazırda baş konsula məxsus bir sıra obyektlər onun adınadır.
Q.Osmanov bu arxitektur binanı Əliyevlər ailəsi üçün aldığını hər yerdə hallandırmaqla hakimiyyətdəki mövqeyini nümayiş etdirir. Əslində, söylədiklərini təsdiqləmək üçün onun kifayət qədər arqumenti də var. Əvvəla ona görə ki, Beynəlxalq Bank qlobal iqtisadi böhran zamanı risk edib 10 milyonluq krediti Osmanov qardaşlarının adına verməzdi, əgər Azərbaycan siyasi hakimiyyətinin razılığı olmasaydı.
Ikincisi, Q.Osmanov haqda Azərbaycan hakimiyyətinə saysız-hesabsız şikayətlər daxil olub: Baş konsul öz işçiləri – Süleyman Rüstəmin nəvəsi Günəş Rüstəmzadəni təhqir etməklə, Elşad Süleymanov adlı attaşeni isə otağında xəncərlə yaralamaqla təhdid edib və işdən qovub. E.Süleymanovun hazırda Bakıda polis bölmələrindən birində çalışdığı söylənilir.
Saxta, rüsumu ödənməyən saysız-hesabsız arayışlarla bağlı şikayətlər Azərbaycan hüquq-mühafizə orqanlarının icraatındadır. Incidilən, diaspordan uzaqlaşdırılan, aldadılan iş adamlarının, vətəndaşların müraciətləri də həmçinin. Son olay – Aybəniz Səmədzadənin və daha 14 azyaşlı azərbaycanlının zorlanması haqda iddialardan sonra da Qüdsi Osmanovun cidd-cəhdlə qorunması onun müxtəlif vasitələrdən istifadə edərək Sadovıy-12-dəki binanı doğrudan da prezident Ilham Əliyev üçün aldığı haqda informasiyaları gücləndirir.
Yoxsa, imici bu qədər ləkələnən, barəsində təmsil olunduğu ölkənin prokurorluğunda araşdırma aparılan, Azərbaycan hüquq-mühafizə orqanlarına haqqında saysız-hesabsız şikayətlər daxil olan bir konsulu vəzifədə saxlamağın başqa heç bir izahı yoxdur.

İnformasiya şöbəsi