Hakimiyyət yalanlarına özü də inanmağa başlayıb

Nurəddin Məmmədli: «Əli Əhmədovun dediklərini onsuz da heç kim ciddiyə almır»

Bir müddətdir ölkə telekanalları müxalifət partiyalarından kütləvi istefalarla bağlı ardıcıl süjetlər verir. Hakimiyyətin birbaşa sifarişi əsasında efirə verilən bu kadrlardan belə çıxır ki, az qala, hər gün yüzlərlə insan müxalifətin sıralarını tərk edir. Həmin şəxslərin müxalifət partiyalarına aidiyyətinin olmadığı isə hər kəsə bəllidir.  

Lakin Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədovun son açıqlamasından belə çıxır ki, hakimiyyət öz dediyi yalanlara özü də inanmağa başlayıb. Ə.Əhmədov bildirib ki, Azərbaycan müxalifəti ictimai-siyasi dəstəyə malik deyil. Onun sözlərinə görə, kütləvi istefalar Azərbaycan vətəndaşlarının bu partiyaların ölkədəki sabitliyi pozmaq istiqamətindəki fəaliyyətinə reaksiya kimi dəyərləndirilməlidir.

AXCP sədrinin müavini Nurəddin Məmmədlinin sözlərinə görə,  hakimiyyətin bu məsələ ilə bağlı ziddiyyətli açıqlamalar verməsi onun nə dərəcədə narahat olduğunun göstəricisidir: “Bir ay bundan əvvəl iddia edirdilər ki, radikal müxalifət partiyalarında yüzdən artıq adam təmsil olunmur. Amma bunların istefa şoularından belə görünür ki, konkret bizim partiyanı tərk edənlərin sayı 2-3 mini keçib. Hər gün hansısa rayondan yüzlərlə insanın partiyanı tərk etməsi barədə yalanlar uydururlar. Dediklərinin hansı doğrudur? Bütün bunlar ictimai rəyi çaşdırmağa hesablanıb. Amma Azərbaycan cəmiyyəti kimin kim olduğunu yaxşı bilir. Əliəhmədovkimilərin dediklərini onsuz da heç kim ciddiyə almır”.

«İnsanlar həqiqətən müxalifət partiyalarını tərk etsəydi, hökumət bu qədər təşviş keçirməzdi»

Müsavat başqanının müavini Mehman Cavadoğlu deyir ki, Azərbaycan hakimiyyəti zaman-zaman bu təbliğatını gündəmə gətirib: “Bu istefa şoularını çox görmüşük. Iş orasındadır ki, Müsavat Partiyasından heç kim istefa vermir. Əksinə son bir neçə ayda partiyaya axın artıb. Telekanalların apardığı bu kampaniya isə yumşaq desək, reallığı əks etdirmir. Müxalifət partiyalarını onların dediyi sayda insan tərk etsəydi, hökumət bu qurumların mövcudluğundan bu qədər təşviş keçirməzdi. Azərbaycan əhalisinin böyük əksəriyyəti müxalifəti dəstəklədiyi üçün bu qədər narahatdılar”.