Hakimiyyət necə məğlub oldu?

Dünyanın gündəminə daxil olan 17 aprel mitinqi barədə…

 

Ictimai Palatanın 17 aprel aksiyası barədə müzakirələr davam edir. Bəziləri, aksiyanın yaxşı alınmadığını, bir çoxları məqsədinə çatdığını vurğulasalar da, hakimiyyət sözçülərindən biri bunu “Iflas” kimi qiymətləndirib. Biz də bu aksiya barədə öz təhlilimizi təqdim edirik. Sual oluna bilər ki, niyə bu qədər gec? Ona görə ki, bu aksiyanın nəticələri hələ də yekunlaşmayıb və biz hər hansı hadisəyə qiymət verərkən, onun doğurduğu nəticələri diqqətdən kənarda qoya bilmərik. Yalnız bu cür kompleks təhlil olunarkən biz ümumi nəticəni dəqiq qiymətləndirə bilərik. Bu baxımdan 17 aprel aksiyasının bir çox parametrlər üzrə təhlilində yarar var. Bütün hallarda, biz bu tədbirin razılaşdırılmamış və hakimiyyət qüvvələrinin qanunsuz müdaxilələri fonunda keçirildiyini nəzərə almalıyıq.

 

Hakimiyyət təlaş içində idi…

Əslində, polis orqanlarının bütün profilaktik əməliyyatlarına və xüsusi təyinatlıların köməyinə baxmayaraq, bu aksiyada 150-dən çox şəxsin həbs edilməsi etiraz dalğasının böyüməsinin nəticəsi idi. Hakimiyyət bu qədər həbsdən sonra aksiyanın baş tutmaması istiqamətində təbliğata girişməklə məhz özü üçün qırılma nöqtəsini tapıb. Bu o deməkdir ki, iqtidar düşərgəsində ciddi təşviş və məntiq sürüşməsi var. Əslində, hakimiyyət psixoloji baxımdan qabağa düşmək istədi və özünü tələyə saldı. Guya, aprelin 2 dən 17-nə ölkədə hansı köklü dəyişikliklər oldu ki, xalqın narazılığı azaldı? Əksinə, korrupsionerlərin rüşvətxorlara divan tutması nəticəsində yeni etiraz dalğaları yaranmaqda və böyüməkdədir. Bunun bir sübutu da hakimiyyətin 17 apreldə iki yüzə yaxın insanı həbs etməsindən sonra küçələrdə ilk dəfə etiraz aksiyasına gələn minlərlə insanın olması idi. Bu o deməkdir ki, artıq müxalifətin təşkilatçılığından kənarda da etiraz ocaqları yaranır və xalq hakimiyyətə birbaşa etiraz üçün ayaqlanır. Beləliklə, biz 17 apreldə meydanda xalqı gördük. Düzdür, hələ tam təşkilatlanmış formada yox, ancaq etirazın iştirakçısı qismində xalq artıq qalxıb.

Beynəlxalq reaksiya və hakim aqressiya…

Bütün beynəlxalq təşkilatlar xüsusilə, Avropa Birliyi və ABŞ Dövlət Departamenti hakimiyyəti sərbəst toplaşmaq azadlığını təmin etməyə çağırdı və ATƏT məkanında bu cür zorakılığın olmasını pislədi. Bütün dünya mediası 5 yaşlı qızcığaza qarşı polis zorakılığını müzakirə edərkən Azərbaycan cəmiyyəti həm də tanınmış xanım siyasətçiyə həbs verən hakimiyyəti lənətlədi. Beləliklə, hakimiyyət əsəblərinin nəinki gərgin olduğunu, hətta tamam sıradan çıxdığını məhz 17 aprel aksiyasında gizlədə bilmədi. Bu həm də onunla nəticələndi ki, müxalifət lideri Əli Kərimlinin həbsi məsələsi hakimiyyətin gündəminə gəldi və mediada dartışma mövzusuna çevrildi. Hakimiyyət bu aksiyanın qarşısını almaq üçün bütün gücünü elə səfərbər etdi ki, tam zəiflədiyini də ifşa etdi. Bir sözlə, 17 aprel aksiyası həm də iqtidardaxili gərginliyi ifşa etdi.

“Cinayət işi” də işə yaramadı

17 aprel aksiyasının başqa bir funksiyası isə hakimiyyətin 2 apreldə başladığı kampaniyanın nəticəsizliyini sübut etmək idi. Söhbət müxalifətçilərə qarşı cinayət işlərinin açılmasından gedir. Müxalifət funksionerləri bir daha meydanlara çıxmaqla həbs olunmağı gözə alaraq, hakimiyyətin “göz qorxutmaq” planının heç bir ciddi nəticə vermədiyini gördülər. Ən bariz nümunə Gözəl Bayramlının azadlığa çıxan kimi verdiyi mübarizə mesajları idi. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, 17 aprel mitinqi 2 aprelin davamı kimi cəmiyyətin məqsədlərinə çatması istiqamətində artan xətt üzrə davam edib.

Seymur Həzi