Daha bir yalan, daha bir böhtan

Hər qüsurunu AXC hakimiyyətinin üzərinə atmaq mövcud hakimiyyətin mərəzinə dönüb. 18 illik hakimiyyətin bütün nöqsanlarını cəmi bir il çəkən Elçibəy dövrünə bağlamaq artıq cəmiyyətdə lətifə janrına çevrilib. Hamı gülür bu söhbətlərə. Yeni doğulan uşaqlar da məzələnir ki, biz AXC dövründə çölə çıxa bilmirdik – o dövrdə doğulmayan uşaqlar deyir bunu. Amma bu hakimiyyət köhnə xasiyyətindən qalmır, hətta yeni doğulan uşaqların problemlərini 1993-cü ilin adına yazırlar. Gəlin mülahizələri qoyub gerçək fakta keçək.

Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara nəzər yetirərkən, dünən qanunvericilik sənədləri arasında adamı heyrətə salan bir sərəncama rast gəldim. Bu, Ilham Əliyevin 1635 saylı sərəncamıdır. Onun heyrət doğuran tərəfi nədir?

Ilham Əliyev bağçaların 1993-də özəlləşdirildiyini deyir

Elə uzaq tarix deyil, bu ay – aprelin 12-də Nazirlər Kabinetinin iclasında Ilham Əliyev belə söyləmişdi: “Ölkədə uşaq bağçaları ilə bağlı problemlər vardır. Biz bu problemləri bilirik. Bu problemlər müstəqilliyimizin ilk illərində yaranmışdır. O vaxt uşaq bağçalarının bir hissəsi özəlləşdirilmişdir. Yaxud da ki, onlardan başqa məqsədlər üçün istifadə olundu. Bəzilərində dükanlar, restoranlar, digər məişət obyektləri yaradıldı. Yəni o dövrdə belə xoşagəlməz hallara yol verilirdi…”.
Bir sözlə, prezident deyir ki, bağçaların özəlləşdirilməsi, onların başqa profillə istifadə edilməsi, necə deyərlər, talan edilməsi YAP hakimiyyətindən qabaq – müstəqilliyimizin ilk illərində olub, müstəqilliyin ilk belə illəri isə Elçibəy hakimiyyəti dövrünə düşür. Amma gəlin yuxarıdakı sərəncama qayıdaq.
Ilham Əliyevin bağçaların özəlləşdirilməsi haqda sərəncamı
Prezidentin “Səhiyyə, təhsil, idman və mədəniyyət sahələrində bir sıra müəssisə və obyektlərin özəlləşdirilməsi haqqında” adlanan 1635 saylı sərəncamı 23 avqust 2006-cı ildə imzalanıb. Müstəqilliyin ilk illərində yox, Ilham Əliyevin hakimiyyətinin ilk illərində. Həmin sərəncamın 4.2-ci bəndində deyilir: “Aşağıda göstərilən sosial obyektlər qanunvericiliyə uyğun olaraq öz profilini saxlamaq şərtilə özəlləşdirilir”. Aşağıda yazılanlar arasında isə belə bir hissə var: “Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə: Körpələr evləri və uşaq bağçaları”.

Həmin sərəncama əlavədə isə ölkə üzrə özəlləşdirilən bağçaların siyahısı var. Olduqca uzun bir siyahıdır. Bax, bağçaların özəlləşdirilməsinin tarixi bundan ibarətdir. Onlar indi restorana, dükana, firmaya çevriliblər, yaxud da yerlərində bir neçə düşük yeni bina ucalır.
Mərdanovun işçisi Ilham Əliyevin sərəncamı haqda
Təhsil Nazirliyinin məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyevanın əsl vətəndaş mövqeyini ifadə edən bir çıxışını müxtəlif KIV-lərdən

(məsələn, http://www.525.az/print_preview_a.php?id=14729 ) tapa bilərsiniz. Həmin çıxışda deyilir: “Problemlərdən biri də məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsidir. DÜŞÜNÜRƏM KI, BU DÜZGÜN ADDIM DEYILDI. Bu neçə il ərzində bağçaların özəlləşdirilməsinin doğru olmadığı məlum oldu. 23 avqust 2006-cı il tarixində, 1635 saylı sərəncamla təsdiq olunan məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsi bu gün bərbad vəziyyətdədir. 240 müəssisədən 113-ü Bakı şəhərində yerləşir. Bu gün ölkə üzrə özəlləşdirilən 83 müəssisədən 47-si Bakı şəhərindədir. Özəlləşdirilən məktəbəqədər müəssisədən cəmi 7-si öz profilini saxlayır. Bu gün isə özəlləşdirilən həmin bağçaların qapılarında ya kilid görürük, yaxud da, bağçaların yerində mağaza, aptek, gözəllik salonu var”.