kiv-df

Azərbaycanın muğam konservatoriyası

 

Böyük sənətkarlıq məktəbi

Azərbaycan muğamı professional musiqi mədəniyyətimizin mühüm qolunu təşkil edir. Təsadüfi deyil ki, bu milli musiqinin bəşəri əhəmiyyətini nəzərə alan YUNESKO 2003-cü ildə onu “bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərlərindən biri” elan etmişdir. Şərq xalqlarının ortaq mədəniyyəti olan muğam qədim tarixə malikdir. XIV yüzildə yaşamış görkəmli Azərbaycan musiqiçisi Əbdülqadir Marağayi öz risaləsində orta əsrlər Yaxın və Orta Şərq musiqisində geniş yayılmış muğamın 12 əsas lada (Busəlik, Nəva, Üşşaq, Rast, Iraq, Isfahan, Zirafkənd, Bozurq, Rəhavi, Hüseyni və Hicaz) malik olduğunu yazır.

Muğam ifaçılığının yayılmasında və onun pprofessional şəkil almasında XIX yüzilin 20-ci illərindən XX yüzilin əvvəllərinə qədər Azərbaycan şəhərlərində yaranmış ədəbi və musiqi məclisləri böyük rol oynamışlar. Onlardan ən məşhuru Şuşada “Məclisi-Fəramuşan”, “Məclisi-Üns”, Musiqiçilər Cəmiyyəti, Şamaxıda “Beytüs-səfa” və Mahmud ağanın musiqi məclisi, Bakıda “Məcmə-üş-şüəra”, Gəncədə “Divani-hikmət”, Ordubadda “Əncümən-üş-şüəra”, Lənkəranda “Fövcül-füsəha” idi. Bu məclislərdə şairlər, ədiblər, musiqiçilər, sadəcə ziyalı şəxslər, klassik poeziyanın və musiqinin sərrafları və biliciləri toplaşır, muğamları diqqətlə dinləyir, musiqinin və şerin incə ifası ətrafında müzakirələr aparırdılar.

Azərbaycan muğamının inkişafında şübhəsiz olaraq Qarabağ məktəbinin xüsusi rolu var.
Əlbəttə ki, Qarabağ muğam məktəbi dedikdə, ayrı-ayrı sənətkarların adı ilə bağlı, onların ifaçılıq üslubunu yaşadan, muğam ənənələrini, sənətkarlıq sirlərini nəsillərə ötürən məktəblər nəzərdə tutulur. Professional ifaçıların muğam məktəbi əsl sənətkarlıq məktəbidir. Onu da deyək ki, Qarabağ muğam məktəbinin nümayəndələri kimi tanıdığımız sənətkarların ömür yolu və yaradıcılığı əsasən Şuşa şəhəri ilə bağlı olmuşdur. Xalq arasında “Kim oxumağı bacarmırsa, deməli, şuşalı deyil”, “Şuşada bələkdəki körpələr də muğamat üstündə ağlar” deyimləri bir məsələ çevrilmişdir. Həqiqətən də, bu şəhərin mədəni mühiti, sözlü nəğməli həyatı, adət-ənənələri sənətkarların püxtələşməsində böyük rol oynamışdır.

Xatırladaq ki, Şuşa ilə yanaşı, o dövrdə Azərbaycanın Bakı, Gəncə, Şamaxı kimi iri şəhərləri də mədəniyyət mərkəzləri hesab olunurdu və burada da özünəməxsus keyfiyyətləri ilə seçilən muğam məktəbləri formalaşırdı. Bütün bu məktəblərin nümayəndələri bir-biri ilə sıx yaradıcılıq ünsiyyəti saxlayırdılar ki, bu da musiqi mədəniyyətinin inkişafına xidmət edirdi.

O dövrdə Şuşanı, haqlı olaraq, “Qafqazın konservatoriyası” adlandırırdılar. Çünki sənətkarlıq məktəbini Şuşada keçmiş xanəndə və xalq çalğı alətləri ifaçıları təkcə Azərbaycanda deyil, bütün Qafqaz ölkələrində fəaliyyət göstərirdilər. Şöhrəti vətənimizin hüdudlarını aşmış Qarabağ musiqiçiləri xalqımızın əsrlər boyu inkişaf etmiş musiqi ənənələrini yaşadırdılar. Eyni zamanda, onlar öz dəst-xəttini, oxuma üslubunu mədəniyyət xəzinəmizə gətirirdilər. Onların muğamları yeni mahnı və təsniflər dillər əzbəri olub, hər yana yayılırdı.

Şöhrətli sənətkarlarla başlanan yol

XIX əsrin II yarısında və XX əsrin əvvələrində Qarabağ muğam məktəbi yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu dövrdə bir çox görkəmli xanəndə və ifaçılar: Hacı Hüsü, Mir Möhsün Nəvvab, Mirzə Sadıq Əsəd oğlu (Sadıqcan), Məşədi Məmməd Fərzəliyev, Əbdülbaqi Zülalov (Bülbülcan), Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu, Islam Abdullayev, Seyid Şuşinski, Məşədi Cəmil Əmirov, Qurban Pirimov, Məcid Behbudov, Bülbül, Zülfü Adıgözəlov, Xan Şuşinski və başqaları Qarabağ muğam məktəbini təmsil edirdilər. Əlbəttə ki, bu məktəbin nümayəndələrinin hamısının adını qeyd etmək imkan xaricindədir. Lakin onların hər birinin muğam sənətinin, milli ifaçılıq tarixinin inkişafında mühüm xidmətləri olmuşdur.

Muğam tədris edən ilk musiqi məktəbləri də XIX əsrdə Şuşada yaranmışdı. Ilk məktəbi Şuşanın məşhur muğam bilicisi Xarrat Qulu yaratmışdı. O, istedadlı, yaxşı səsi olan uşaqları bu məktəbə cəlb edərək, onlara Şərq musiqisinin əsaslarını, muğamları, xalq mahnılarını öyrədirdi. O, dəstgahları şagirdlərin düzgün oxumasına, səsin saflığına xüsusi fikir verirdi. Lakin Xarrat Qulunun məktəbi əsasən dinə xidmət edirdi. O, şagirdlərini dini ayinlərdə iştirak etmək üçün hazırlayırdı. Buna baxmayaraq, bu məktəb bir sıra ustad sənətkarların yetişməsinə səbəb olmuşdur. Şuşanın ən görkəmli xanəndələri Hacı Hüsü, Məşədi Isi, Əbdülbaqi Zülalov, Cabbar Qaryağdı oğlu, tarzən Mirzə Sadıq

Əsəd oğlu həmin məktəbin yetirmələridir.
Xarrat Qulunun vəfatından sonra Şuşada musiqi məktəbində muğamın tədrisi işini Kor Xəlifə adlı musiqiçi, daha sonra Molla Ibrahim davam etdirərək, yeni musiqiçilər nəslini yetişdirdi.

Muğamın bütün qanun-qaydalarını dərindən mənimsəyən, özündən əvvəlki sənətkarların yaradıcılığından bəhrələnən ifaçılar muğam bilicisi kimi ad qazanırdılar.
Muğam ifaçıları bu sənətin ənənələrini, sədaqətlə qoruyaraq, sonrakı nəsillərə ötürməklə yanaşı, həm də onları inkişaf etdirir, yeni melodiyalarla zənginləşirirlər. Sənətdə özünəməxsus ifaçılıq üslubu, öz yolu olan sənətkarlar orijinal ifaçılıq məktəbləri yaratmışlar.

Özünəməxsus ifaçılıq tərzi

O dövrdə muğam ifaçılığı əsasən toy şənlikləri və ziyafətlərlə bağlı olmuşdur. XIX əsrin II yarısında Şuşada poeziya və musiqi məclisləri təşkil olunmağa başladı. Görkəmli Azərbaycan şairi Xurşud Banu Natəvan “Məclisi-üns”, alim, şair, rəssam və musiqişünas Mir Möhsün Nəvvab “Məclisi-fəramuşan” yaratmışdır. Bu məclislərdə ədəbiyyata, rəssamlığa və musiqi sənətinə dair maraqlı söhbətlər aparılır, bəzən bu söhbətlər diskussiyalara çevrilirdi. Bu məclislər ziyafətlərdən və toy şənliklərindən fərqlənirdi. Burada musiqi sənətinin estetik problemlərinə daha çox diqqət yetirilirdi. Muğam dəstgahları təkmilləşdirilir, müxtəlif şöbə və guşələrlə zənginləşdirilir, yeni təsnif və rənglər yaradılırdı. Burada Şərq musiqisinin incəliklərinə bələd olan görkəmli musiqişünaslar xanəndələrin düzgün oxumasına və ustalığına xüsusi qayğı göstərirdilər. Musiqi məclislərində “Şur”, “Rast”, “Mahur”, “Çahargah”, “Bayatı-Isfahan” muğamlarının oxunması iki, bəzən də üç saat çəkərdi.

Qarabağ muğam məktəbinin özünəməxsus ifaçılıq xüsusiyyətləri var. O dövrün xanəndələri içərisində ən geniş diapazonlu səs Cabbar Qaryağdıoğlunda olmuşdur. Onun səsi iki oktava yarım diapazonu həcmində olub, lirik-dramatik tenor idi. Bülbül dünyada məşhur olan italyan müğənnisi Karuzonun səsi ilə müqayisədə Cabbarın səsinin daha yüksək olduğunu qeyd etmişdir. Qarbağ xanəndələrindən hər biri öz gözəl səsi ilə seçilmiş və yadda qalmışdır.

Qarabağ xanəndələrinin repertuarı da çox geniş olmuşdur. Demək olar ki, onların ifasında bütün klassik muğamlar ifa olunurdu. Düzdür, bu muğamlar digər muğam məktəblərində də – Bakı və Şamaxı xanəndələri tərəfindən ifa olunurdu. Lakin Qarabağ xanəndələrinin oxuduqları muğamlar öz məzmununa, hissələrin sayına, keçidlərin müxtəlifliyinə, şöbələr arasında səslənən rəng və təsniflərin rəngarəngliyinə görə fərqlənirdi.

Qarabağın mahir sənətkarları ilə başlanan bu məktəb indi də uğurla davam etdirilir. Şübhəsiz, indi də Azərbaycan muğamının inkişafında bu məktəbin nümayəndələrinin mühüm rolu var.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir