Ağ ev Liviyaya pilotsuz təyyarə göndərdi; Makkeynsə Benqazidə üsyançılarla görüşdü
NATO-nun komandanlığı altında beynəlxalq koalisiya Qəzzafi rejiminin devrilməsi üçün bütün mümkün variantları nəzərdən keçirir. Ötən gün Ağ ev mərmi daşıyan pilotsuz təyyarələrin Liviyadakı hərbi əməliyyatlarda iştirak edən NATO qüvvələrinə dəstək göstərməsinə razılıq verib.
Gecəgörmə və kəşfiyyat qabiliyyətinə malik “Predator” (ovçu) tipli təyyarələr diktatora sadiq qüvvələrin mühasirədə saxladığı Misrata şəhərindəki üsyançılara lazımi dəstək verəcək.
Qəzzafi rejimi isə Obama administrasiyanın bu qərarına sərt reaksiya verib. Liviya xarici işlər nazirinin müavini Xalid Qaim “BBC”yə açıqlamasında bildirib ki, pilotsuz təyyarələrin bölgəyə göndərilməsi insan tələfatını artıra bilər.
Ötən gün ABŞ senatoru, prezidentliyə keçmiş namizəd Con Makkeyn Müəmmər Qəzzafiyə qarşı döyüşən üsyançıların qərargahının yerləşdiyi Benqazi şəhərinə səfər edib. “Associated Press” agentliyinin məlumatına görə, respublikaçı senatoru Benqazi aeroportunda 50 müxalifətçi qarşılayıb.
Müxalifətçilər “Liviyaya azadlıq!”, “Qəzzafi-rədd ol!”, “Amerika, sağ ol!”, “Obama, sağ ol!” şüarları səsləndiriblər. Con Makkeyn isə Müəmmər Qəzzafi rejiminə qarşı savaşanları “qəhrəman” adlandırıb.
Bundan başqa, diktatorun əsgərlərinin üç həftədən çoxdur ki, mühasirədə saxladığı və daim hücumlar təşkil etdiyi Misrata şəhərindən evakuasiya olunan mindən artıq dinc vətəndaş üsyançıların tam nəzarətindəki Benqaziyə gətirilib.
İnformasiya şöbəsi