Əsabəli Mustafayev: «Lazımi sübutlarımız var»
2 aylıq həbs edilənlərdən Ziyafət Eyvazovun səhhəti pisləşib
2 aprel mitinqində həbs edilənlərə qarşı irəli sürülən ittihamlar qondarmadır. Bununla bağlı lazımi sübutlarımız da var. Bunu, mitinqdə həbs olunaraq 2 aylıq həbs cəzası alanlardan Müsavatın Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılının vəkili Əsabəli Mustafayev deyir. Vəkil bildirir ki, bütün ölkə vətəndaşlarının azad toplaşmaq və fikirlərini azad ifadə etmək hüququ var. Hökumət bunun qarşısını almaqla ATƏT-in müvafiq prinsiplərini tapdayır:
“Sərbəst toplaşmaq azadlığı həm yerli qanunvericilikdə, həm də beynəlxalq konvensiyalarda nəzərdə tutulub. ATƏT-in dinc toplaşmaq azadlığının təminatı üzrə rəhbəredici prinsipləri var. Bunu Azərbaycan da ratifikasiya edib. Prinsiplərdən biri də odur ki, dinc toplaşmalara istənilən halda icazə verilməlidir. Müəyyən məhdudiyyətlər qoymaq olar, amma bu, mütləq adekvat olmalıdır. Yəni aksiyanın auditoriyaya çıxış imkanları məhdudlaşdırılmamalıdır. Həm texniki, həm vaxt, həm yer baxımından elə qaydalar olmalıdır ki, insanlar öz fikirlərini auditoriyalarına çatdıra bilsinlər. Məsələn, bu gün Bakı Şəhər Icra Hakimiyyətinin aksiya üçün şəhərdən kənar yerləri ayırması adekvat məhdudlaşdırma deyil. Bu artıq aksiyaya icazə verməmək kimi qiymətləndirilir. Həmin prinsiplərdə qeyd olunur ki, yer və vaxtla bağlı razılıq əldə olunmayıbsa və mitinq dinc keçirilirsə, hökumət onu öhdəsinə götürməlidir”.
Vəkil iş üzrə vəsatətlər hazırladıqlarını və yaxın günlərdə onları istintaq orqanına təqdim edəcəklərini bildirir: “Mətbuatda gedən şüşəsındıran, saxta polislər barədə məlumatları da nəzərə alaraq vəsatətlər hazırlamışıq. Biz bu məqamlara hüquqi qiymətimizi vermişik, indi tələb edirik ki, məhkəmə də qiymət versin”.
Xatırladaq ki, barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilənlər AXCP təşkilat şöbəsinin sədri Şahin Həsənli, partiyanın Nizami rayon şöbəsinin sədri Zülfüqar Eyvazov, AXCP ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhəmməd Məcidli, partiyanın Səbayel şöbəsinin sədri Arif Alışlı, partiya fəalı Babək Həsənov, Müsavatın Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı, partiyanın gənclər komitəsinin sədri Tural Abbaslı və daha iki müsavatçı fəal Elşən Həsənov və Əhəd Məmmədlidir.
Istintaq təcridxanasında saxlanılan bu şəxslərin bir neçəsinin səhhətində problemlər var. Məsələn, AXCP-nin Nizami rayon şöbəsinin sədri Zülfüqar Eyvazov şəkər xəstəliyindən əziyyət çəkir. Vəkilinin verdiyi məlumata görə, Z.Eyvazovun şəkəri qalxdığı üçün səhhəti kəskin şəkildə pisləşib.
Gültəkin



