Zorakılığa göstəriş verənlər məsuliyyətə cəlb edilsin

Mətləb Mütəllimlinin fikrincə, baş prokurorun özünü də 3 ilədək müddətə azadlıqdan məhrum etmək olar

Dövlətin qanunla qorunan mənafelərinə zərər vurduğuna görə…

“Azadlığın və Sülhün Müdafiəsi” Beynəlxalq Hüquq Təşkilatının sədri Mətləb Mütəllimli son aksiyalarda vətəndaşların sərbəst toplaşmaq azadlığına vəhşicəsinə müdaxilə edən polisin və mülki geyimlilərin qanunsuz hərəkətlərilə bağlı Respublikanın baş prokuroru Zakir Qaralova müraciət edib. M.Mütəllimli bu qanunsuzluğa göstəriş verənlərin cinayət məsuliyyətinə cəlb olunmasını Z.Qaralovdan tələb edir. Müraciətdə deyilir:
“02 və 17 aprel 2011-ci il tarixlərdə dinc nümayişə çıxan vətəndaşlar polis zorakılığı ilə üzləşmiş, hakimiyyətin, eləcə də Sizin qanunsuz əməllərinizdən narazı insanlar küçələrdə, ”gestapo”ya çevrilmiş polis bölmələrində qəddarcasına döyülmüş, sifarişli məhkəmələrdə müxtəlif müddətlərə azadlıqdan məhrum edilmişlər. Hakimiyyətə yarınmaq məqsədi ilə bu vəhşiliklərə müxtəlif don geyindirmiş, eləcə də öz vəzifə borcunuzu yerinə yetirməməklə Siz bir sıra qanunları, beynəlxalq konvensiyaları pozmusunuz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsi, Azərbaycan Respublikası Prokurorluğu haqqında qanunun 5, 10, 31, 45-ci maddələrini Siz kobud formada pozmuş və hələ də pozmaqda davam edirsiniz. Buna görə də Siz, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309-cu maddəsinə uyğun cinayət törətmiş hesab olunursunuz. Bu maddəyə əsasən, Siz vəzifə səlahiyyətinizi aşmaqla (“vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi vətəndaşların və ya təşkilatların hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda”) üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırıla bilərsiniz.
Qeyd edilənləri nəzərə alaraq, öz xalqına qarşı zor tətbiq edən, Gözəl Bayramlı kimi vətənini sevən vətənpərvərlərə qarşı insanlığa sığmayan hərəkətlərə yol verən şəxslərə, eləcə də, belə göstərişi verən səlahiyyətlilərə qarşı cinayət işi başlanmasına göstəriş verməyinizi xahiş və tələb edirəm.
Məlumat üçün vətəndaş Gözəl Bayramlıya qarşı polis tərəfindən törədilən zorakılıgı əks etdirən foto kadrı da Sizə göndərirəm”.

İnformasiya şöbəsi