Usubovun işçisi MTN şefi ilə müttəfiq olur?

Ekspertlər Rafiq Abbasovla Eldar Mahmudovun görüşündə bu məsələnin müzakirə olunduğunu istisna etmir

Bakı Şəhər Baş Polis Idarəsinin rəisi Rafiq Abbbasovun milli təhlükəsizlik naziri Eldar Mahmudovla görüşməsi barədə məlumat vermişdik. Bildirmişdik ki, BŞBPI rəisi ilə MTN şefi arasında görüş aprelin 19-da Hüseyn Cavid adına parkda baş tutub. Rafiq Abbasov əvvəlcə sözügedən ərazidə başqa bir şəxslə görünüb. Həmin şəxs BŞBPI rəisi ilə bir qədər söhbət etdikdən sonra ərazini tərk edib. Daha sonra Eldar Mahmudov parkda görünüb. Rafiq Abbasovla MTN şefi bir neçə saat parkda gəzişə-gəzişə hansısa məsələni müzakirə ediblər.
Onu da qeyd etmişdik ki, əslində polis rəisi ilə nazirin görüşməsində qeyri-adi heç nə yoxdur. Sadəcə daxili işlər naziri Ramil Usubovla Eldar Mahmudovun münasibətləri gərgin olduğundan bu görüş maraq doğurmaya bilməz. Eldar Mahmudovla Rafiq Abbasovun hansı məsələləri müzakirə etməsi barədə bilgimiz olmasa da, bəzi mülahizələr irəli sürmək mümkündür.
Əlbəttə ki, bu xidməti görüş deyil. Çünki xidməti görüşlərin parkda keçirilməsi təcrübəsinə indiyə qədər rast gəlinməyib. Bu halda ilk ağla gələn budur ki, ola bilər, müzakirə mövzusu Ramil Usubov-Eldar Mahmudov qarşıdurmasında müəyyən müddətə qədər “atəşkəs” elan olunmasıdır. Lakin ekspertlər bu versiyanı da birmənalı şəkildə istisna edir. Onların fikrincə, generallar arasında qarşıdurma o həddədir ki, hətta müvəqqəti barışıq mümkün deyil. Başqa bir versiya isə Rafiq Abbasovun DIN şefinin gələcəkdəki addımlarından sığortalanması üçün MTN-ə sığınması ilə bağlıdır. Doğrudur, Rafiq Abbasov sələfi Məhərrəm Əliyevlə nisbətdə müəyyən qədər Ramil Usubova yaxın şəxs hesab edilir. Amma onun BŞBPI-yə təyin olunması heç də Ramil Usubovun iradəsilə baş verməyib. Daxili işlər naziri kifayət qədər mühüm post olan paytaxt polisinin rəhbərliyinə özünə daha sadiq adam gətirməyə çalışıb. Və təbii olaraq niyyətindən hələ də daşınmayıb. Bu isə Rafiq Abbasovun karyerası üçün təhlükə sayıla bilər. Ona görə də tamamilə mümkündür ki, BŞBPI rəisi sələfi Məhərrəm Əliyev kimi digər güc strukturunda özünə dayaq axtarsın. Ekspertlər də bu versiyanı istisna etmir.”Görüşün məxfi şəraitdə keçirilməməsi də diqqət çəkən məsələdir. Yəqin ki, bu, diqqət çəkməmək üçün düşünülüb. Təbii ki, Eldar Mahmudovla Rafiq Abbasov məsələn, hansısa bağda gizli şəraitdə görüşüb hansısa məsələni müzakirə etsəydilər, bu, daha ciddi rezonansa səbəb ola bilərdi. Ona görə də adətən ciddi məsələləri məhz bu cür, heç kimdə təəccüb oyatmadan, rezonansa səbəb olmadan müzakirə edirlər”,- deyə ekspertlər əlavə edib.

İnformasiya şöbəsi