Suriyanı inqilab alovu bürüdü (VİDEO)

Ölkənin dörd bir yanında küçələrə axışan yüz minlər Bəşər Əsədin istefasını tələb etdi

 

Suriyada Bəşər Əsəd əleyhinə etirazlar davam edir. Aprelin 22-də Dəməşq, Banyas, Hasəki, Qamışlı, Həma, Duma, Hümus və Dəraa şəhərlərində cümə namazından sonra meydanlara axışan on minlərlə suriyalı prezidentin hakimiyyətdən getməsini tələb edib. Yayılan məlumatlara görə, Dəraa vilayətində hökumət əleyhinə keçirilən mitinqə qatılanların sayı 100 mindən artıq olub.

Diktator xalqı qana boyadı

“Reuters” agentliyinin xəbərinə görə, Duma şəhərində keçirilən etiraz aksiyasına hökumət qüvvələri sərt müdaxilə edib. Nümayişçilərə odlu silahlardan atəş açılıb. Nəticədə ən azı 5 nəfərin həlak olduğu bildirilib. Hümus şəhərində keçirilən aksiyaya hökumət qüvvələrinin sərt mdaxiləsi nəticəsində isə 14 nəfər dünyasını dəyişib. Həma şəhərindəki mitinq iştirkaçıların mülki geyimli şəxslər odlu silahdan atəş açıb. Şahidlər dinc aksiyanın keçirildiyi əraziyə yaxın binalardan etirazçılara snayperlərdən atəş açıldığını bildirib.

“Azadlıq”, “Demokratiya” tələbləri ilə keçirilən etiraz aksiyalarına Bəşər Əsəd tərəfdalarının və təhlükəsizlik qüvvələrinin hücumu nəticəsində ölənlərin sayının ən azı 27 nəfər olduğu vurğulanır. Yüzə yaxın yaralanan var.

Təhlükəsizlik qüvvələrinin mitinqlərə sərt müdaxiləsindən sonra çoxlu sayda yaralı nümayişçi xəstəxanalara yerləşdirilib. Onlar mülki geyimli Əsəd tərəfdarlarının etirazçılara hücum etdiklərini söyləyib.

Suriyanın paytaxtı Dəməşqdə Bəşər Əsəd əleyhinə keçirilən mitinqi dağıtmaq istəyən təhlükısizlik qüvvələri gözyaşardıcı qaz və bibər güllələrindən istifadə edib. Paytaxtın mərkəzindəki Midan bölgəsinə toplanan minlərlə etirazçı Əsəd rejimi əleyhinə şüarlar səsləndirib. Ölkə vilayətlərini təmsil edən Yerli Koordinasiya Komitələri hakim BƏƏS partiyasının iqtidarının sona çatması və demokratik system qurulmasını tələb edib.

Üləmalar xalqın tərəfinə keçdi

Suriya Üləmalar Şurası həftələrdir davam edən etiraz askiyalarını dəstəklədiklərini açıqlayıb. Məkkə şəhərində yaşayan Üləmalar Şurasının sədri Şeyx Məhəmməd Əli Sabuni “Əl Cəzirə” kanalına açıqlamasında Suriya xalqının hakimiyyətdən tələb etdiklərinin haqlı olduğunu söyləyib.

Şeyx Sabuni Bəşər Əsəd iqtidarının 11 il əvvəl də ölkədə köklü islahatlar aparılacağına dair vəd verdiyini xatırladaraq artıq küçələrə axışmış insanların yalnız vədlərə inanmadığını bildirib.

Ölkədə vəziyyətin daha da gərginləşdiyini görən hakimiyyət müxalifəti günahlandırmaqla yanaşı xarici ölkələrin ünvanına da ittihamlar səsləndirib. Suriyanın xarici işlər naziri Vəlid Müəllim Ərəb ölkələrindən birinin Dəməşqdəki səfirini çağıraraq təhdid edib.

“Champress” internet saytında yayaılmış məlumata görə, nazir xarici səfirliklərə xitab edərək “Bəzi Ərəb ölkələri Suriyada, xüsusilə də Aralıq dənizi sahilindəki Lazkiyə şəhərindəki etirazları gərginləşdirir” söyləyib.

İnformasiya şöbəsi