Tanınmış kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov «Azadlıq»a şok faktlar açıqladı
«Qanunlardakı boşluqlar inhisarçıların ölkəyə keyfiyyəti aşağı növ kənd təsərrüfatı məhsulları gətirməsinə imkan yaradır»
Azərbaycanda kənd təsərrüfatı sektorunda məhsuldarlığın aşağı olması səbəbindən yerli tələbatın ödənilməsi üçün ölkəmizə xarici ölkələrdən müvafiq məhsullar gətirilir. Bu sırada ilk sıralarda kartof gəlir. Amma aparılan araşdırmalar göstərir ki, ölkəmizə gətirilən kartofun heç də hamısı insanın istifadəsi üçün yararlı deyil. Bəs görəsən, ölkəmizə bu tip məhsulların daxil olması zamanı onların müvafiq yoxlanışdan keçməsinə və aidiyyəti üzrə istifadə olunmasına kim nəzarət etməlidir. Mövzuyla bağlı bu və başqa suallarımızı kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmova ünvanladıq.
– Hər bir gömrük məntəqəsində Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumu fəaliyyət göstərir. Onlar həm xaricdən gətirilən kənd təsərrüfatı məhsullarında zərərli maddələrin, həm də həmin məhsulların orqanizm üçün zərərli olub-olmadığını araşdırmalıdırlar. Onlar mütləq həmin məhsuldan nümunə götürüb, onun analizə verilməsini və sonradan həmin məhsulun sertifikatının alınmasını tələb etməlidirlər. Əks halda həmin məhsulun Azərbaycan bazarında satışına icazə verilməməlidir. Bu metod bütün dünya ölkələrində həyata keçirilir. Bundan başqa, “Sanepidemstansiya” da xaricdən idxal olunan məhsullara nəzarət etməlidir. Bu qurumlar ölkəyə buraxılan kənd təsərrüfatı məhsullarının keyfiyyətinə görə məsuliyyət daşıyırlar.
Texniki sort kartofu ərzaq kartofundan necə ayırmalı?
– Azərbaycan bazarında olan hansı məhsullar insan orqanizmi üçün təhlükə törədir?
– Azərbaycan bazarında kifayət qədər keyfiyyəti aşağı olan məhsul var. Məsələn, Azərbaycana buraxılan texniki sort kartofu götürək. Bu sortdan ümumiyyətlə, qidada istifadə etmək olmaz. Həmin sortun tərkibində insan orqanizmi üçün təhlükəli olan salonin var. Bu kartofdan yalnız plastmas istehsalında komponent, texniki spirt alınır və kraxmal istehsalında həmin kartofdan istifadə edilir. Hətta bu kartofdan mal-qaranın yemlənməsi üçün də istifadə etmək olmaz. Insanın qidası üçün nəzərdə tutulan kartoflar xarici görkəminə görə texniki kartofdan seçilir. Diqqətli alıcı onlar arasındakı fərqi asanlıqla təyin edə bilər. Texniki sort və mal yemi üçün olan kartofların gözcükləri dərinlikdə yerləşir. Hazırlanan zaman da bu kartoflar gec bişir və dadsız olur. Eyni zamanda ölkəmizə gətirilən meyvə və tərəvəzlərin də böyük qismi insanın istifadəsi üçün nəzərdə tutulmayıb. Onların tərkibində nitrat çox olur. Nitratın da çox olması insan orqanizmi üçün təhlükəlidir. Bu çox ciddi fəsadlar yarada bilər. Bizim işbazlar bazar boş olduğu üçün xaricdən keyfiyyətsiz məhsulları alıb gətirirlər. Nəzərə alınmalıdır ki, bu məhsulların istehsalı zamanı zərərvericilərə qarşı dərmanlardan daha çox istifadə olunur. Bundan başqa, məhsulun istehsalı zamanı hansı azot gübrəsindən istifadə olunması da məlum deyil.
Genetik modifikasiyalı meyvələr təhlükəsizdir
– Son zamanlar Azərbaycanda da satışda genetik modifikasiyalı meyvələr və tərəvəzlər çoxalıb. Bu məhsulların insan sağlamlığına hər hansı mənfi təsiri ola bilərmi?
– Yaxın zamanlar üçün istehsal olunan bütün məhsullar genetik modifikasiya olunmuş bitki və heyvanlardan alınacaq. Bu il artıq həmin bitkilər üçün verilən torpaqlar on faiz artırılıb. Bu məhsulların istehsalçıları ABŞ, Çin, Yaponiya, Israil, Kanadadır. Demək olar ki, böyük ölkələrin əksəriyyəti həm bu məhsulların istehsalçıları, həm istehlakçılarıdır. Əslində bu məhsullar orqanizm üçün elə fəsad yaratmır. Burada hər şey nəzərə alınıb. Burada texnologiyanın irəliləməsindən istifadə edərək bitkidən DNK götürülür və digər bitkinin geninə yerləşdirilir. Bu nəyə görə edilir? Məsələn, təbiətdə bir cır kartof var, bir də ərzaq kartofu var. Cır kartof göbələk xəstəliyinə qarşı dözümlüdür. O da məlumdur ki, kartofun əsas düşməni onu çürüdən göbələk xəstəliyidir. Alimlər cır kartofun genindən məhz həmin göbələk xəstəliyinə qarşı mübarizə aparmağı bacaran geni götürərək ərzaq kartofunun geninə əlavə edir. Nəticədə ərzaq kartofu da həmin xəstəliyə qarşı dözümlü olur. Ən əsası odur ki, həmin gen bitkidən onun meyvəsinə keçmir. Məsələn, alimlər banan bitkisində müəyyən dəyişikliklər aparmaqla banana xüsusi maddələr əlavə edirlər ki, bu da uşaqlardakı bəzi xəstəliklərin qarşısını alır. Çünki uşaqlar peyvənd yolunu hər zaman alqışlamırlar. Banan vasitəsilə isə onların orqanizminə xeyirli maddələrin əlavə olunması daha asandır.
Azərbaycanda satılan banan keyfiyyətsizdir
– Hazırda satışda olan və indiyə qədər görünməmiş normal ölçüsündən qat-qat böyük olan çiyələk, alça və başqa meyvələrdən istifadə etmək nə dərəcədə təhlükəsizdir? Onların hamısındamı bu ölçülər genetik modifikasiya vasitəsilə əldə olunub?
– Xarici görkəmi yaxşı olan və ölçücə böyük olan çiyələk və başqa meyvələr həm genetik modifikasiyalı meyvələr ola bilər, həm də gübrəli. Əgər meyvələr genetik modifikasiyalıdırsa, bu yaxşı haldır. Amma bu zaman onların xüsusi sənədləri olmalıdır ki, burada bütün məqamlar nəzərə alınıb. Amma bir də var həmin çiyələyə daha çox azot verilməsi nəticəsində bunu əldə edəsən. Bu hal təhlükəlidir. Deməli, meyvənin tərkibində nitrat çoxdur. Hər halda bütün məsuliyyət nəzarət edən orqanların üzərinə düşür. Onlar meyvəni yoxlamalıdır. Əgər meyvənin tərkibində insan orqanizminə ziyanlı maddə yoxdursa, ondan əminliklə istifadə etmək olar. Məsələn, bütün dünya bilir ki, Israilin dünyaya ixrac etdiyi və özünün istifadə etdiyi qızıl balıq genetik modifikasiyalıdır. Səhiyyəsi yüksək səviyyədə inkişaf edən Israil bunu istifadə edir, amma səhiyyəsi bərbad vəziyyətdə olan Azərbaycan bu balıqdan uzaq qaçır. Halbuki məhz bizim bazara hər cür keyfiyyətsiz məhsullar gəlir.
– Azərbaycanda satışda olan bananın dünyanın heç bir ölkəsində ərzaq məhsulu kimi qəbul olunmadığı bildirilir. Standartlara uyğun olmayan bananın bizim bazara yol tapmasının səbəbləri nədir?
– Xüsusilə, banan idxalı ilə bağlı bazar inhisarda olduğu üçün bu cür situasiya yaranıb. Bizim işbazlar bazar onsuz da onların əllərində olduğundan standartlara uyğun olmayan aşağı keyfiyyətli bananı ölkəyə gətirirlər. Əgər Azərbaycan Ümumdünya Ticarət Təşkilatına qəbul olarsa, o zaman bu cür neqativ hallara imkan verilməyəcək. Bu gün Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü deyil. Ona görə də ölkəmizdə bu cür neqativ hallara geniş yer verilir. Bu şəxslər barbar kimi qısa müddət ərzində qazanc əldə etmək istəyirlər. Ona görə də bazara keyfiyyətsiz məhsulları yeridirlər. Banan, ananas baha olsa da keyfiyyəti aşağıdır. Rusiya Ümumdünya Ticarət Təşkilatının üzvü olmasa da onlar sərhəddə ölkəyə daxil olan məhsulları ciddi yoxladıqlarından orada satışda olan banan və başqa ekzotik meyvələr dəfələrlə keyfiyyətlidir.
Qanunda ciddi boşluqlar var
– Qanunvericilikdə necə, keyfiyyətsiz məhsulların ölkəyə gətirilməsinin qarşısını alan qadağalar varmı?
– Bu istiqamətdəki qanunlarda kifayət qədər boşluqlar var. Məsələn, qanun birmənalı şəkildə qadağa qoymalıdır ki, dördüncü növ buğdadan ərzaq istiqamətində istifadə etmək olmaz. Çünki dördüncü növ buğda mal-qara üçün nəzərdə tutulub. Halbuki bizim işbazlar məhz bu buğdanı ölkəyə idxal edirlər. Bu buğdadan bişirilən çörəkdən orqanizmimiz fayda götürmür. Buna qətiyyətlə qadağa qoymaq lazımdır. Bu, millətin sağlamlığı ilə bağlı olan məsələdir. Daha sonra qadağa qoyulmalıdır ki, əgər ölkədə texniki sort bitkiləri emal etmək üçün müəssisə yoxdursa, onların gətirilməsi qadağan edilsin. Daha sonra bütün ərzaq məhsullarının sertifikatlaşdırılması həyata keçirilməlidir. Qanunvericilikdə bütün bu məqamlar olmadığı üçün ciddi problemlər yaranır. Azərbaycan qanunlarında boşluqlar olduğu üçün inhisarçıların ölkəyə keyfiyyəti aşağı növ olan kənd təsərrüfatı məhsulları gətirməsi üçün geniş imkanlar yaranır.
Bir məqamı da vurğulayım. Azərbaycan şəkər tozuna olan ehtiyacının yalnız otuz faizini təmin edə bilir. Digər xammal xaricdən idxal olunur. Ölkəmizə idxal olunan xammal şəkər qamışı və şəkər çuğundurundan ibarətdir. Şəkər qamışından alınan tozda fruktoza yoxdur. Ona görə Rusiya və digər ölkələr həmin qamışı idxal etmirlər. Bu ölkələr şəkər çuğunduruna üstünlük verir. Amma bizdə belə şeylərə göz yumulur.
Xəyal


