Mübarək ailəsi tarixdən silinir

Devrilmiş diktatorun adı dərs kitablarından da çıxarıldı

Xalq etirazları qarşısında 17 gün dirəniş göstərdikdən sonra 30 illik hakimiyyətdən əl çəkməli olan Misirin devrilmiş diktatoru Hüsnü Mübarək və ailəsinə daha bir zərbə də ölkənin Milli Təhsil Nazirliyindən gəlib.

Hüsnü Mübarək və xanımı Süzan Mübarəkin adlarının meydan, küçə, kitabxana kimi bütün ictimai məkanlardan silinməsinə qərar verildikdən sonra Milli Təhsil Nazirliyi də hərəkətə keçdi. Nazirlik ilk və orta məktəb dərs kitablarında Mübarək hakimiyyətini tərifləyən bütün hissələrin çıxarılmasına qərar verib.

“Əl Ərəbiyyə” kanalının Misirdə nəşr olunan “Əl Youm Əl Sabi” qəzetinə istinadən verdiyi xəbərə görə, nazirlik ilk və orta məktəblərdə istifadə edilən kitablardakı tarixi və siyasi xadimlər barəsində yazılanları yenidən nəzərdən keçirəcək.

Nazirlik dərs kitablarından devrilmiş diktatoru tərifləyən bütün hissələrin çıxardılması və yanvarın 25-də başlayan xalq hərəkatlarıyla dair yeni bölmələr əlavə olunmasına əmr verib. Yeni əlavə olunacaq hissələrdə Təhrir Meydanında başlayan inqilabın və bu hərəkatın uğurlu nəticəsini yaradan səbəblər qeyd olunub. Eyni qərar çərçivəsində dərs kitablarında istifadə ediləcək Təhrir Meydanındakı etiraz aksiyalarının fotoşəkilləri də seçilib.

Bundan başqa həmin qərara görə, dərs kitablarında Misirin ilk prezidentinin Camal Əbdül Nasir olması haqda məlumatlar da silinəcək. Daha əvvəl adı dərs kitablarından silinən Məhəmməd Nəcib barəsində məlumatlar da dərs vəsaitlərinə daxil ediləcək. Misirin ilki prezidenti kimi də Məhəmməd Nəcibin (iyun 1953-noyabr 1954) adı göstəiləcək.

İnformasiya şöbəsi