Obama və Kameron Qəzzafiyə qarşı yeni planı müzakirə edib
Liviyada Müəmmər Qəzzafi rejiminə qarşı yerli və beynəlxalq hərbi əməliyyatlar davam edir. NATO qırıcıları diktatorun nəzarətində olan və onun son qalası sayılan paytaxt Tripoliyə hava zərbələri endirib. Qəzzafi qüvvələrinin zirehli maşınları və hava hücumundan müdafiə sistemi sıradan çıxarılıb.
Ölkədə yayımlanan rəsmi “Əl-Cəmahiriyyə” telekanalı beynəlxalq koalisiyanın Tripoliyə endirdiyi hava hücumları nəticəsində 7 dinc sakinin öldüyünü, 18 nəfərin yaralandığını bildirib. CANA agentliyinin məlumatına görə isə, NATO təyyarələrinin Bir-Qanam şəhərinə aviahücumu nəticəsində 4 mülki şəxs həlak olub. Qəzzafi rejiminə qarşı hərbi əməliyyatlara komandanlıq edən NATO, Liviya rəsmi xəbər agentliklərinin yaydığı məlumatlarla bağlı açıqlama verməyib.
Vaşinqton və London Qəzzafiyə qarşı təzyiqləri artıracaq
Dünən yayılmış məlumatlara görə, ABŞ prezidenti Barak Obama və Ingiltərənin baş naziri arasında telefon danışığı olub. Liderlər telefon söhbətində Müəmmər Qəzzafi rejiminə qarşı hərbi güclə yanaşı, diplomatik təzyiqin artırılması məsələsini də müzakirə ediblər.
Ağ evdən yayılmış açıqlamada bildirilib ki, Obama və Kameron BMT Təhlükəsizlik Şurasının qətnaməsinin tam şəkildə yerinə yetirilməsinin vacib olduğunu vurğulayıb. Liderlərin fikrincə, hərbi təzyiqlə, NATO-nun mülki əhalinin müdafiəsi əməliyyatıyla yanaşı, Qəzzafi rejiminə qarşı diplomatik və iqtisadi təzyiqlərin artırılması məsələsi də gözdən keçirilməlidir.
Üsyançılardan quru əməliyyatlarına dəstək
Müəmmər Qəzzafi rejiminə qarşı savaşan Liviya müxalifəti ölkə ərazisinə mülki əhalinin müdafiəsi üçün xarici quru qüvvələrin yerləşdirilməsi ideyasını dəstəkləyir. Bu barədə Benqazidə qurulmuş Milli Keçid Şurasının təmsilçisi Əbdül Hafiz Quqa bəyan edib.
Onun sözlərinə görə, mülki əhalinin müdafiəsi məqsədilə göndərilən humanitar yardımı çatdırmaq üçün təhlükəsiz dəhlizlər yaradılmalıdır. Əgər bu məqsədlə təhlükəsiz dəhlizləri qoruyan quru qüvvələrini yerləşdirmək lazımdırsa, bu addım da atılmalıdır.
Avropa Birliyindən Liviyaya əsgəri yardım
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik üzrə ali komissarı Ketrin Eştonun mətbuat katibi Maykl Mann bildirib ki, quruma üzv ölkələr humanitar yardım konvoylarını qorumaq üçün Liviyaya quru qoşunlarının göndərilməsi planını razılaşdırıblar.
Qeyd edək ki, Ingiltərə, Fransa və Italiya Liviya üsyançılarına məsləhətçilik etmək məqsədilə peşəkar zabitlərdən ibarət xüsusi qrupu bu ölkəyə göndərmək barədə qərar qəbul edib.
2 jurnalist Qəzzafi rejiminin qurbanı oldu
Liviyanın üçüncü böyük şəhəri Misratada üsyançılarla Qəzzafi qüvvələri arasında gedən döyüşlər zamanı minomyot atəşi nəticəsində 2 xarici fotojurnalist həlak olub. Misrata üsyançıların nəzarətində olsa da, iki həftədən çoxdur ki, diktatora sadiq əsgərlər dayanmadan şəhəri top atəşinə tutur və mütəmadi hücumlar təşkil edir.
Həlak olan jurnalistlərdən biri “Restrepo” sənədli filminə görə “Oskar” mükafatına namizədliyi irəli sürülmüş 41 yaşlı fotoqraf və rejissor Tim Hetterinqton, digəri isə “Pulitser” mükafatının nominantlarından biri, “Getty Images” beynəlxalq fotoagentliyinin müxbiri Kris Hondrosdur.
Hetterinqton yerindəcə həlak olub, Hondros isə başından ağır yaralanaraq xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Üsyançılar jurnalistlərin Qəzzafi qüvvələrinin açdığı atəş nəticəsində həlak olduqlarını bildirib. Liviya hakimiyyəti isə bu iddiaları rədd edir.
İnformasiya şöbəsi