Hakimiyyət daxilində təşviş böyüyür

Qərb dairələrinin Kəmaləddin Heydərovla görüşməsi iqtidar düşərgəsində gərginlik yaradıb

ABŞ səfiri Metyu Brayzanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüşündən sonra hakimiyyət daxilində yaranmış gərginlik səngimir. Bu məsələdə xüsusilə Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev mühafizəkar mövqe nümayiş etdirir. PA rəhbərinin hansı səbəbdən bu görüşü hiddətlə qarşılaması bəlli deyil. Lakin ötən saylarımızda biz bu məsələ ilə bağlı hakimiyyətə yaxın ekspertlərin mülahizələrini oxuculara təqdim etmişdik. Ekspertlərin fikrincə, Ramiz Mehdiyev indiki məqamda Metyu Brayzanın Kəmaləddin Heydərovla görüşünü təhlükəli sayır.
Çünki öz məqsədlərini həyata keçirmək üçün ölkədə gərginliyin daha da artmasının tərəfdarı olan PA rəhbəri “fövqəlnazir”in əks mövqedə olduğunu yaxşı bilir. Təbii ki, Kəmaləddin Heydərovun da mövqeyi korporativ maraqlardan irəli gəlir. “Fövqəlnazir” anlayır ki, ölkədə gərginliyin artması sonda sosial partlayışla nəticələnə bilər. Sabitliyi bərpa etməyin isə bir yolu var: Ciddi islahatlar həyata keçirmək. Kəmaləddin Heydərov məhz bu islahatların qurbanı olmasından ehtiyat edərək Ramiz Mehdiyevin arzuladığı gərginliyin baş verməməsinə çalışır. Belə bir situasiyada Metyu Brayzanın “fövqəlnazir”lə görüşünün PA rəhbərində qıcıq oyatması başa düşüləndir. Digər tərəfdən həmin gün Kəmaləddin Heydərovla Macarıstanın ölkəmizdəki səfiri də görüşüb. Nəzərə alsaq ki, Macarıstan Avropa Ittifaqına sədrlik edən ölkədir, bu görüşün də sıradan bir görüş olmadığını söyləmək olar.
Yeri gəlmişkən, Metyu Brayza Naxçıvanda Muxtar Respublikanın Ali Məclis sədri Vasif Talıbovla da görüşüb. Qərb dairələrinin bu görüşlərinin arxasında hansı məqsəd dayanması bəlli olmasa da, o məlumdur ki, xüsusilə, Ramiz Mehdiyev bütün bunlardan ciddi narahatçılıq keçirir.

İnformasiya şöbəsi