DİN cinayətkara himayədarlıq etdi

Sən demə, məhkumluğu olan Ata Abdullayev polis orqanları yanında yaradılmış İctimai Şuranın üzvü imiş

«Polis haqqında» Qanun məhkumların bu quruma üzv olmasını yasaq etsə də, Ehsan Zahidov başqa şey deyir

 

İctimai Palatanın 2 aprel mitinqindən sonra “məşhurlaşan” Ata Abdullayev “Azadlıq”a müsahibəsində özünü Ictimai Şuranın üzvü kimi təqdim edib. Lakin o, sözügedən qurum barədə heç bir məlumat vermək istəməyərək “aidiyyatı qurumlardan soruşun” deməklə kifayətlənib. Ehtimal etmək olar ki, Ata Abdullayev polis orqanları yanında yaradılmış Ictimai Şuranı nəzərdə tutur. Bu qurum 2009-cu ildə “Polis haqqında” Qanuna əlavəyə əsasən yaradılıb. Ictimai Şura ictimai asayişin və təhlükəsizliyin təmin olunması işinə könüllülük prinsipilə cəlb edilən ayrı-ayrı şəxslərin fəaliyyətinin əlaqələndirilməsi funksiyasını daşıyır. Lakin  Ata Abdullayev polis orqanları yanında yaradılan Ictimai Şuranı nəzərdə tutursa belə, onun bu quruma üzv olması mümkün deyil. Çünki qanunda aydın şəkildə yazılıb ki, cinayət törətdiyinə görə əvvəllər məhkum edilənlər, psixi xəstəliklə, narkomanlıqla, alkoqolizmlə bağlı müalicə-profilaktika müəssisəsində qeydiyyatda olan, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətsizliyi məhkəmə qərarı ilə təsdiq olunan şəxslər bu işə cəlb oluna bilməz (“Polis haqqında” Qanun: maddə 10).
Ata Abdullayevin barəsində də məhkəmə hökmü var. O,  “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (“AzAL”) internet səhifəsinə müdaxilə edərək şirkətə 100 min manat məbləğində ziyan vurmaqda təqsirləndirilən Azərbaycan və Nigeriya vətəndaşlarından ibarət mütəşəkkil dəstənin üzvü olub. Ata Abdullayev və onun cinayət ortaqlarına Cinayət Məcəlləsinin 271.2.1 və 271.2.3 (mütəşəkkil dəstə tərəfindən kompüter informasiyasına qanunsuz daxilolma ilə külli miqdarda ziyan vurma), 177.3.1 və 177.3.2-ci (mütəşəkkil dəstə tərəfindən özgənin külli miqdar əmlakını gizli talama) maddələri ilə ittiham irəli sürülüb.
Ağır Cinayətlərə Dair Məhkəmə isə hansısa səbəbdən Ata Abdullayevə cinayət ortaqlarından fərqli olaraq şərti cəza verib. Lakin hər bir halda Ata Abdullayevin məhkumluğu var və qanunla onun polis orqanları yanında Ictimai Şuranın üzvü olması yasaqdır. Digər tərəfdən Ata Abdullayevin “Azadlıq”a müsahibəsindən aydın görünür ki, o özü də Ictimai Şuranın nə kimi bir qurum olmasından məlumatsızdır. Əks-təqdirdə o,  “üzvü olduğu” qurum haqqında verilən suallardan “aidiyyatı orqanlardan soruşun” deyərək yayınmazdı. Mümkündür ki, mətbuat Ata Abdullayevin simasında hakimiyyətin kütləvi aksiyaları dağıtmaq üçün hətta cinayətkarlardan belə yararlanmasını ifşa etdiyinə görə bu adama Ictimai Şuranın üzvü olduğunu söyləməsini tapşırıblar. Bununla vəziyyətdən çıxmağa çalışıblar. Lakin qurum barədə Ata Abdullayevə ətraflı bilgi verməyiblər. Həmçinin qanunla cinayətkarın Ictimai Şuraya üzv ola bilməsinin yasaqlandığını unudublar.
Başqa bir ehtimala görə isə Ata Abdullayev Ictimai Şura deyəndə hakimiyyətin müxalifətçilərə qarşı yaratdığı hansısa müəmmalı bir qurumu nəzərdə tutub ki, orada əsasən cinayətkarlar birləşib.

***

Bu məsələni aydınlaşdırmaq üçün Daxili Işlər Nazirliyi(DIN) ilə əlaqə saxladıq. DIN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovla aramızda belə bir dialoq yarandı:

– Ehsan müəllim, polis orqanları yanında yaradılan İctimai Şuraya üzərində məhkumluğu olan şəxs cəlb edilə bilərmi?
– Yəqin ki, siz Ata Abdullayevi nəzərdə tutursunuz.

– Bəli, əgər o, polis orqanları yanında yaradılan Ictimai Şuranın üzvüdürsə…
– Bəli, Ata Abdullayev Nəsimi rayonu üzrə İctimai Şuranın üzvüdür. Doğrudur, onun üzərində məhkumluq var. Lakin onun törətdiyi əməlin ictimai təhlükəliliyi azdır. Eyni zamanda o, aktiv gəncdir, polisə təmənnasız kömək etmək istəyir, idmançıdır. Yəni, sağlam bir adamdır…

– Məhkəmə hökmündə yazılıb ki, Ata Abdullayev mütəşəkkil dəstənin üzvü olub…
– Doğrudur olub. Amma məhkəmə ona şərti cəza kəsib. Mən bilən o dəymiş zərəri də ödəyib.

– “Polis haqqında” Qanunda birmənalı şəkildə bildirilir ki,  məhkumluğu olanlar, Ictimai Şuraya cəlb edilə bilməz?
– Bilirsiniz, Ata Abdullayevin törətdiyi cinayət şəxsiyyət əleyhinə yönəlməyib. Bir daha qeyd edirəm ki, məhkəmə ona şərti cəza kəsib. O, fəal gənc olduğundan polisə köməklik göstərdiyinə görə, hətta Ictimai Şuranın üzvü olmasa belə polisə yardımını əsirgəməyən insan olduğuna görə quruma üzv kimi cəlb edilib.

– İctimai Şuranın üzvlərinin kütləvi aksiyalara müdaxiləsi qanunidirmi?
– Burada müdaxilədən söhbət getmir. Mən baxdım siz yazmısınız ki, aksiyalara müdaxilə edir. Amma burada söhbət polisə köməklik göstərməkdən gedir.

– Ata Abdullayev polislə birgə aksiya iştirakçılarını həbs edir?
– Xeyr, sadəcə polis aksiya iştirakçılarını ərazidən uzaqlaşdıranda, maşına əyləşdirəndə onlara kömək edir. Burada hər hansı müdaxilədən, aksiyaları dağıtmaqdan söhbət gedə bilməz.

***

Bu arada “Qafqazinfo” Ata Abdullayev barədə maraqlı məlumat yayıb. Məlumatda deyilir ki, “saxta polis” cəmiyyətdə onun özü kimi mənfi imicə malik olan, dəfələrlə həbs edilən və ölkədə ən məşhur “reket jurnalist” kimi tanınan Nazim Quliyevin yaxın qohumudur. Məlumatda deyilir ki, Ata Abdullayev Nazim Quliyevin ya bacısı, ya da qardaşı oğludur. Lakin onların yaxın qohum kimi münasibətləri o qədər də yaxşı olmayıb. Hətta aralarında baş vermiş insidentlər nəticəsində tərəflər  hüquq-mühafizə orqanlarına da müraciət etməli olublar. Sonralar isə onların münasibətləri düzəlib və son vaxtlara qədər Ata Abdullayev Nazim Quliyevin Neft Akademiyasının yaxınlığındakı “Ideal Mətbuat Mərkəzi”ndə oturub.
Xatırladaq ki, Nazim Quliyev reketçiliyə, dələduzluğa, şantaja, narkomanlığa, narkotik alverinə, böhtan atmaya görə 13 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Vidadi