Vəfa Quluzadə: «Azərbaycan tərəfi bununla Amerika ilə əməkdaşlıq etmək istəmədiyini göstərir»
Əliyev ABŞ-ın acığına təlimlərdən vaz keçdi
Azərbaycanın ABŞ-la birgə regional cavab hərbi təlimlərini birtərəfli qaydada ləğv etməsi daha çox siyasi səbəblərlə izah edilir. Rəsmi Bakı bununla bağlı açıqlama verməsə də, ekspertlər Azərbaycanın ABŞ-ın ölkədə demokratiya ilə bağlı tələblərinə cavab olaraq belə bir addım atdığını deyir. Görünür, hakimiyyət bu yolla Vaşinqtona təzyiq göstərmək niyyətindədir.
Politoloq Vəfa Quluzadə də təlimlərin siyasi səbəblərdən təxirə salındığını güman edir.
Ekspertin fikrincə, son zamanlar iki ölkə arasında gərginlik müşahidə olunmasaydı, hərbi təlimlərin təxirə salınmasını texniki səbəblə izah etmək olardı. Lakin Azərbaycan tərəfindən Amerikanın ünvanına sərt tənqidlər səslənməsi bunun heç də texniki səbəb olmadığını göstərir: “Azərbaycan tərəfi bununla Amerika ilə əməkdaşlıq etmək istəmədiyini göstərir. Bunu ancaq belə izah etmək olar”.
Ekspert rəsmi Bakının bu addımının hansı nəticə verəcəyinin gələcəkdə məlum olacağını qeyd etdi: “Siyasətdə, dövlətlərarası əlaqələrdə fəsad ani olmur. Fəsad özünü zaman keçəndən sonra göstərir. Zaman keçəcək, baxıb görəcəyik bunun nəticəsi necə olur”.
Fizzə



