Azərbaycanda mülkiyyət hüquqları necə tapdanır?
Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri ölkədə mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı bəyanat yayıb. Bəyanatı 41 QHT rəhbəri imzalayıb. Sənədi olduğu kimi təqdim edirik:
Biz, Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri təəssüflə bildiririk ki, son illər ölkəmizdə dünya dinlərində toxunulmaz sayılan, Konstitusiyada və dövlətin öz üzərinə götürdüyü beynəlxalq hüquqi öhdəliklərdə təsbit edilən mülkiyyət hüquqları kütləvi və açıq-aşkar pozulmaqdadır. Bununla da müxtəlif oliqarx qrupların maraqları naminə, bir sıra hökumət qurumlarının da iştirakı ilə paytaxtda və regionlarda mülkiyyətin yenidən bölüşdürülməsi həyata keçirilir. Bu da mülkiyətin kütləvi olaraq qanuni sahiblərinin əllərindən alınması, zorakılıq, hədə-qorxu və başqa təzyiq vasitələri ilə həyata keçirilir.
(1) Kür çayının sahil bəndlərinin möhkəmləndirilməsi və mənsəbinin genişləndirilməsi üçün son illərdə 1 milyard manat ayrılmasına baxmayaraq, bu vəsaitlərin səmərəsiz istifadəsinin və qeyri-peşəkar idarəetmənin nəticəsində 2010-cu ilin may-iyun aylarında ölkənin Cənub-Şərqində 7 rayon (Zərdab, Kürdəmir, Hacıqabul, Sabirabad, İmişli, Saatlı, Salyan) və Şirvan şəhərini əhatə edən daşqın baş vermişdir. Kür və Araz çaylarının sahil bəndlərini yarması nəticəsində, rəsmi rəqəmlərə görə, 100 min hektar torpaq və 80 min insanın yaşadığı 20 min ev su altında qalıb. Sel və daşqınların nəticələrini aradan qaldırmaq üçün 300 milyon manat ayrılsa da, bu vəsaitdən qeyri-şəffaf şəkildə, tendersiz və müsabiqəsiz, böyük korrupsiya riskləri şəraitində istifadə edilmişdir. Tikinti və təmir işləri keyfiyyətsiz və başdansovdu aparılmış, əvvəlcə nəzərdə tutulsa da, kəndlərin infrastrukturu yenidən qurulmamışdır. İndiyə qədər minlərlə zərərçəkmişlər hər hansı yardım və ya kompensasiya almamış, bir çox kəndlərdə vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin iştirakı ilə öz mülkiyyətində olan evlərdən evlərindən güclə köçürülməkdədirlər.
(2) 2009 – 2011-ci illərdə Bakı şəhərinin Fizuli, Şəmsi Bədəlbəyli, Topçubaşov və Rəsul Rza küçələrində, Xutor, Bayıl, Bibiheybət, Biləcəri, Sulutəpə və s. ərazilərdə yaşayan vətəndaşlar onlara mülkiyyət hüququ əsasında aid olan evlərindən didərgin salınmışlar. İnsanların evlərindən çıxarılması məhkəmə qərarları olmadan həyata keçirilmiş və insan hüquqlarının kütləvi və kobud pozuntuları ilə müşaiyət olunmuşdur. Kommunal borcların olmamasına baxmayaraq elektrik enerjisi, su, telefonlar kəsilmiş, kanalizasiya xətləri sıradan çıxarılmış, qaz boruları zədələnərək təhlükə mənbəyinə çevrilmiş, evlər məqsədyönlü şəkildə yaşamaq üçün yararsız vəziyyətə salınmış, icra hakimiyyətini təmsil edənlər özlərini qoçu kimi aparmış, sakinlər kütləvi şəkildə mənəvi və psixoloji terrora məruz qalmışlar. Çoxsaylı polis əməkdaşları «Polis haqqında» Qanun ilə onlara verilmiş səlahiyyətlə bir araya sığmayan fəaliyyətə qoşularaq, vətəndaşların evlərindən çıxarılmasına cəlb edilmişlər. Halbuki hətta evdən çıxarılma haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olsa idi belə, belə qərarları yalnız və yalnız məhkəmə icraçıları həyata keçirə bilərdi. Sakinlərin heç bir qanuni əsas olmadan zorakılıqla polis bölmələrinə aparılaraq orada saxlanılması, bu zaman onların evlərinin sökülməsi və əmlakının onlardan xəbərsiz şəhərin müxtəlif yerlərinə göndərilməsi hüquqi özbaşınalığın bariz nümunəsidir . Mənzillərdən, onların sahibləri polis bölmələrində olan zaman bahalı əşyaların oğurlanmasına dair çoxsaylı faktlar onu göstərir ki, vətəndaşların mənzillərindən qovulmasında, əşyalarının çıxarılmasında iştirak etmiş icra hakimiyyəti orqanlarının əməkdaşları və sonuncuların cəlb etdiyi fəhlələr, eləcə də polis əməkdaşlarından ibarət edənlərin arasında kriminal ünsürlər də yox deyildir. Onu vurğulayaq ki, ərazidə Məmməd Mikayılovun rəisi olduğu Nəsimi rayon polis idarəsi xüsusilə «fərqlənmişdir».
Bakı şəhəri icra hakimiyyəti başçısı Hacıbala Abutalıbovun birbaşa rəhbərliyi ilə son 2 il ərzində paytaxtın mərkəzində 400-ə yaxın çoxmənzilli ev, həmçinin çoxsaylı sahibkarlıq obyektləri sökülmüş, 20 mindən artıq insan öz mülkündən məhrum olmuşdur. Qış Bulvarı (Qış Parkı, Park-Bağ kompleksi) adlandırılan, əslində mövcud olmayan bir layihəni bəhanə gətirənlər XIX əsrin sonu – XX əsrin əvvəlinin bir çox unikal tarixi memarlıq abidələri məhv etmişlər.
İş o dərəcəyə çatmışdır ki, H.Abutalıbovun sərəncamlarında direktiv yolla Qış Bulvarı ərazisində olan bütün evlərə vahid bazar qiymət qoyulmuşdur (!) – hər kvadrat metrə görə 1500 manat. Bu isə açıq-aşkar hüquqi özbaşınalıq, Konstitusiyanın, Mülki Məcəllənin, Mənzil Məcəlləsinin və başqa qanunların aşkar və cəzasız pozuntusudur. Xüsusilə onu göstərək ki, vətəndaşların əmlakının məhv edilməsinin, əlindən alınmasının, onların küçəyə atılması üçün dövlət ehtiyacları ümumiyyətlə mövcud olmamışdır. Belə vəziyyətdə mülkiyyətçiləri köçürmək istəyənlər buna yalnız və yalnız birincilərlə razılıq, könüllü bağlanılmış müqavilə əsasında gələ bilərdilər, ancaq onlar ucuz qiymətə vətəndaşların halalca mülkiyyətini zorakılıqla qoparmaq yoluna üstünlük vermişlər.
Baxmayaraq ki, vətəndaşların razılığı olmadığı təqdirdə, onlara qarşı heç bir zorakılığa yol verilməməli idi, bu zorakılıqlar kütləvi törədilmiş və mülkiyyətçilərə hətta dövlət ehtiyacları üçün alınan mülkiyyətə dair müəyyən olunmuş təminatlar belə tətbiq olunmamışdır.
Son vaxtlar insan hüquqlarına, ilk növbədə mülkiyyət hüququna qarşı səlib yürüşünə çıxanlar sırasında H.Abutalıbovla yanaşı Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Sədri Kərəm Həsənovun adı çəkilir, Komitənin departament rəisi Yusif Qəmbərov Bakı şəhər icra hakimiyyətinin əməkdaşı Zülfəli İsmayılov ilə çiyin-çiyinə insanları öz evlərindən imtina etməyə sövq edir.
Çoxsaylı yazılı müraciətlərə baxmayaraq hüquq mühafizə, xüsusən də prokurorluq orqanları vətəndaşların mülklərinin və memarlıq abidəsinin məhv edilməsi, polisin mülkiyyətçiləri qanunsuz saxlaması və onlara qeyri-insani rəftarı hallarına laqeyd yanaşmış, göndərilən çoxsaylı ərizələri barəsində şikayət verilən qurumlara ünvanlamışdır ki, bu da prokurorluğun Konstitusiya ilə müəyyən edilmiş vəzifəsinin icrasından yayınmadan başqa bir şey deyildir.
(3) Dövlət ehtiyacları üçün alınan mülkiyyətə gəldikdə isə (xüsusən Yevlax – Gəncə və Ələt – Astara avtomobil yolunun yenidənqurulması və genişləndirilməsi ilə bağlı Yevlax, Goranboy, Neftçala və Salyan rayonlarında, Fəhlə prospekti – Zığ – Aeroport, Mərdəkan dairəsi – Bilgəh avtomobil yollarının genişləndirilməsi ilə bağlı Fəhlə prospektində və Buzovna qəsəbəsində, Oğuz – Bakı su xəttinin çəkilməsi ilə bağlı Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Göyçay, Şamaxı, və Hacıqabul rayonlarında insanların pay torpaqları və həyətyanı sahələri, bir çox hallarda isə evləri və sahibkarlıq obyektləri ilkin və ədalətli kompensasiya verilmədən zəbt olunmuşdur. Mülkiyyətçilərə evlərinin, mənzillərinin satın alınmasından ən azı bir il qabaqcadan Nazirlər Kabineti tərəfindən yazılı bildiriş verilməli olduğu halda, onlar yalnız bir ay əvvəl bu barədə xəbərdar edilmiş, bir çox hallarda ev, sahibkarlıq obyekti və torpaq sahələrinə aid sənədlər qanunsiz elan edilmiş, mülkiyyətçilərə polis, yerli icra hakimiyyəti orqanları və iş yerlərinin rəhbərliyi vasitəsilə təzyiqlər edilmişdir. Nəqliyyat Nazirliyi, “Azəryolseris” SC, “Azərsu” SC, həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi bu pozuntulara görə bilavasitə məsuliyyət daşıyırlar.
Vətəndaşların məhkəmələrə çoxsaylı müraciətlərinin böyük əksəriyyəti nəticə verməmişdir. Hakimlər (xüsusilə də, Nəsimi və Salyan rayon məhkəmələri, Bakı şəhər Apellyasiya məhkəməsinin hakimləri) Azərbaycanda müstəqil məhkəmə sisteminin olmadığını və icra hakimiyyəti orqanlarından asılılıqlarına nümayiş etdirmiş, Konstitusiyanı, qanunları, insan hüquqları sahəsindəki beynəlxalq öhdəlikləri ümumiyyətlə nəzərə almamışlar.
Bütün bunları nəzərə alaraq, mülkiyyət hüquqlarının kütləvi pozuntularını, buna görə vətəndaşların zorakılıq, hədə-qorxu və təzyiqlərə məruz qoyulmasını, evlərindən məcburi qaydada çıxarılaraq faktiki olaraq küçələrə atılmasını pisləyir və Azərbaycanın dövlət-hakimiyyət orqanlarını aşağıdakı məsələləri həll etməyə çağırırıq:
– vətəndaşların konstitusion hüquqları təmin edilsin və Konstitusiyanın 13-cü və 28-ci maddələrinin, Mülki və Mənzil Məcəllələrinin müvafiq müddəalarının pozulmasına yönəlmiş bütün hərəkətlərə son qoyulsun;
– bütün zərərçəkmişlərin: istər dövlət ehtiyacları adı altında əmlaklarını itirmişlərin, istər təbii fəlakətə məruz qalmışların, həm təbii fəlakət nəticəsində su altında ərazilərdə və şəhərdə dağıdılmış ərazilərdə, istərsə də zorakılıq və təzyiqlər nəticəsində yaşayış yerlərindən məcburən məhrum olanların mülkiyyət hüquqları bərpa edilsin, onlara dəymiş maddi və mənəvi zərər ödənilsin;
– daşınmaz əmlakın və memarlıq abidələrinin məqsədli şəkildə dağıdılması, bunun asanlaşdıralması üçün azadlıqdan məhrum etməyə yol verilməsi, mənzil toxunulmazlığının pozulması və qeyri-insani rəftar faktları ilə bağlı cinayət işləri başlanılsın;
– qanunsuzqluqlara yol vermiş şəxslərin dairəsi müəyyən edilsin və onlar müvafiq məsuliyyətə cəlb edilsin;
– mülkiyyətə görə ayrılmış kompensasiya və digər vəsaitin xərclənməsi zamanı yol verilmiş korrupsiya halları hərtərəfli araşdırılsın.
Bakı şəhəri, 20 aprel 2011
1. Leyla Yunus, Sülh və Demokratiya İnstitutu
2. Mirvari Qəhrəmanlı, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı
3. Mehman Əliyev, Turan İnformasiya Agentliyi
4. Fuad Ağayev, müstəqil vəkil
5. Zöhrab İsmayılov, Azad İqtisadiyyata Yardım İctimai Birliyi
6. Aslan İsmayılov, müstəqil vəkil
7. Fidan Nəcəfova, Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu
8. İlqar Məmmədov, Respublikaçı Alternativ Hərəkatı
9. İradə Cavadova, İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyi
10. Mehriban Vəzir, Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi
11. Ruhəngiz Hüseynova, Qadınlar Arasında Həmrəylik İB
12. İntiqam Aliyev, Hüquq Maarifçiliyi Cəmiyyəti
13. Əsəbəli Mustafayev, Demokratiya ve İnsan Huquqlari Resurs Mərkəzi (Sumqayıt)
14. Oqtay Güləliyev, Kür Vətəndaş Cəmiyyəti Qərargahı
15. Rəsul Cəfərov, İnsan Hüquqları Klubu
16. Rəşid Hacılı, Media Hüquqları İnstitutu
17. Hikmət Hacızadə, FAR Mərkəzi
18. Anar Məmmədli, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi
19. Emin Hüseynov, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu
20. Ənnağı Hacıbəyli, Azerbaycan Hüquqçular Assosiasiyasi
21. Elçin Behbudov, İşgəncələrə Qarşı Azərbaycan Komitəsi
22. Mirəli Hüseynov, Demokratiyanı Öyrənmə İctimai Birliyi
23. Əlövsət Əliyev, Azərbaycan Miqrasiya Mərkəzi
24. Azər Mehdiyev, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi
25. İlqar Hüseynli, Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi
26. Hafiz Həsənov, Hüquq və İnkişaf İctimai Birliyi
27. Sevil Yüzbaşova, Eko-Aləm İctimai Birliyi
28. Abil Bayramov, Mülki Cəmiyyətə Doğru Mərkəz
29. Şəfa Camalzadə, müstəqil vəkil
30. Əlibəy Zeynallı, “Aran” İnsan Haqqları Resurs Mərkəzi (Şirvan)
31. Emil Məmmədov, Demokratiyaya Yardım İctimai Birliyi (Salyan)
32. Novella Cəfəroğlu, D.Əleyeva adına Qadün Hüquqları Müdafiə Cəmiyyəti
33. Aytəkin İmranova, Tarix, Mədəni və Təbii İrsi Qoruma” İctimai Nəzarət Komitəsi (GHT şəbəkəsi)
34. Eldar İsmayılov, “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi
35. Mətanət Əzizova, Qadın Krizis Mərkəzi
36. Elçin Abdullayev, Demokratik Təsisatlar və İnsan Haqqları İctimai Birliyi
37. Nəsrulla Nurullayev, Ahıl Ziyalılara Qayğı İctimai Birliyi
38. Dilarə Əfəndiyeva, D.Əliyeva adina QHMC-nin Sülh və Təhlükəsizlik Mərkəzi
39. Rəna Rzayeva, Milli Büdcə Qrupu
40. Məhəmməd Talıblı, İqtisadi İnnovasiyalar Mərkəzi
41. Səbuhi Qafarov, “Free Person” İnsan Hüquqları Müdafiə Cəmiyyəti