Vətəndaşların sənədləri reyestr xidmətinin bu rayonda fəaliyyət göstərən şöbəsində niyə tez-tez itir?
Əmlak Məsələsi üzrə Dövlət Komitəsinin reyestr xidmətinin Saatlı şöbəsində dərəbəylik hökm sürür. Təsəvvür edin, vətəndaşlar quruma müraciət edir, amma sonradan bəlli olur ki, sənədlər itib. Məsələn, Saatlı sakinlərindən biri(hələlik adının açıqlanmasını istəmir) redaksiyamıza ünvanladığı məktubda yazır ki, o bir neçə dəfə sözügedən quruma müraciət etsə də, sonradan məlum olub ki, sənədlər itib.
Şikayətçi yazır: “Birinci dəfə 2009-cu ildə müraciət etmişəm. Üzərindən bir il keçəndən sonra bəlli oldu ki, sənədlər itib. 2010-cu ilin oktybarın 10-da yenidən poçt vasitəsilə sifarişli məktub göndərdim. Oktyabrın 27-də sənədlərin qəbulu ilə bağlı reyestr xidmətinin Saatlı şöbəsinin müdiri Etibar Muradovun imzası ilə qəbz aldım. 2011-ci ildə yenə də məlum oldu ki, sənədlər itib. Mənə deyildi ki, sənədlərin qəbulu ilə bağlı qeydiyyat kitabında heç bir qeyd yoxdur. 2011-ci ilin əvvəlində Etibar Muradov reyestr xidmətinin Sabirabad şöbəsinin müdiri təyin edildi. Saatlıya isə Nədim Quliyev adlı şəxs göndərildi. O, reyestr xidmətinin Sabibarad şöbəsində işləyib. Nədim Quliyev sənədləri yenidən təqdim etməyi məsləhət gördü. Fevral ayında sənədləri təqdim etmişəm. Amma hələki heç bir cavab yoxdur”.
Apardığımız araşdırmalar zamanı bəlli olub ki, sənədlərin “itməsi” əslində rüşvətlə bağlıdır. Yəni, kimsə sənədlərin “itməsini” istəmirsə əlavə xərcə düşməlidir. Bu qaydanı isə reystr xidmətinin Şirvan regional idarəsinin rəisi Adil Həbiyev tətbiq edib. Yeri gəlmişkən, Adil Həbiyevin qardaşı Ilqar Həbiyev Əmlak Məsələləri üzrə Dövlət Komitəsində departament rəisidir. Adil Həbiyev məhz ona arxalanaraq öz “qanunlarını” işə salıb.
Növbəti saylaramızda bu məsələ ilə bağlı daha ətraflı məlumat verməyə çalışacağıq.
İnformasiya şöbəsi