Ərəbin Azərbaycanda nə ölümü var?
Azərbaycandakı sosial-siyasi çaxnaşmaların ərəb inqilabları ilə bağlı olduğuna inanmıram. Ərəb inqilabları Azərbaycandakı siyasi hadisələrə heç informativ baxımdan da ciddi təsir göstərmir. Ərəb ölkələri ilə Azərbaycan arasında ictimai əlaqələr həmişə sıfırdan bir az artıq səviyyədə olub. Bu əlaqələri sıfırdan fərqləndirən isə Azərbaycan mafiozlarının ərəb ölkələrindəki çirkli biznesləri və Islam Konfransı Təşkilatı deyilən yarıyuxulu beynəlxalq təşkilatın bu ölkələrin heç birinin əhalisi üçün şəffaf olmayan proyektləri olub.
Azərbaycanda baş verən sosial dirçəliş dalğasının əsas mənbəyi Azərbaycanın daxili siyasi həyatı ilə bağlıdır. Ictimai Palata adlı vətəndaş bloku təsis ediləndə ərəb inqilablarının layihəsi barədə hətta Mərkəzi Kəşfiyyat Idarəsinin də məlumatı yox idi. Bu, Azərbaycanda parlament seçkisindən dərhal sonra başlayan bir prosesdir. Total saxtakarlıq hesabına siyasi hakimiyyət formalaşdırmaq planına qarşı hansısa ictimai dirənişin olmayacağını hansı “ağıllı” proqnozlaşdırırdı ki?
Ərəb inqilablarının sədasının Azərbaycana gəlib çıxmaması üçün rəsmi Bakı əlindən gələni etdi. Bu, Mirzə Fətəli Axundovun “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli Şah caduguni-məşhur” komediyasında olduğu sayaq edildi. Ərəb inqilabları barədə informasiyaların üzərinə qoyulan embarqo o qədər səfeh cəhd idi ki, bunu da yalnız komediya adlandırmaq olardı. Elektronika əsrində araba əsrinin metodologiyasından yararlanacaq qədər məntiqi olan bir hökumət hələ bir təəccüblənməli imiş də ki, bu etirazlar nəyə görə baş qaldırır. Gülməli burasıdır ki, Azərbaycan hökuməti ərəb inqilablarının təsirindən birtərəfli qaydada hürkür. Hüsnü Mübarəkin Xırdalandakı heykəlini polis kordonu arxasında qorumaq qədər bəsit təfəkkür. Bu heykəl Azərbaycan hakimiyyəti üçün “olum, ya ölüm!” məsələsinə çevrilib. Ironik bir olaydır.
Azərbaycanda isə ərəb inqilabı baş vermir. Burada avtoritarizmin Azərbaycan versiyasına, milli diktaturaya yerli mentalitet çərçivəsində dirənişlər baş verir.
Bunun olmaması üçün heç bir əsas yoxdur. Indi yenicə sənədləşdirilmiş bir fakt təqdim olunur: azərbaycanlıların 90 faizi həyatından məmnun deyil. Həyatından məmnun olmayanlar neyləməlidirlər ki? Avtoritar rejimin yaradıcılarının şəninə mədhiyyələr söyləməlidirlərmi? Bunu edənlər var. Axı, əhalinin 10 faizi həyatının gündən-günə çiçəkləndiyini bildirir. Bu 10 faiz balaca resurs deyil. 90 min nəfər deməkdir. Deməli, bizim cəmiyyətimiz hələ 900 Zəlimxan Yaqub yetişdirə bilər. Biri ortalıqdadır, qalır 899. Bu da olacaq.
Yeri gəlmişkən, son kampaniyalar dövründə ortalıqda ziyalı nomenklaturası adlana biləcək şəxs olaraq Zəlimxan Yaqub, doğrudan da tənha görünür. Aşıqlar Birliyinə atılmış sabiq millət vəkili özünün uzaq keçmişini reabilitasiya etmək üçün bütün tribunalardan “solo” səslənməyə meyllidir.
Azərbaycan analoqsuz korrupsiya ölkəsidir. “Yumurta islahatı”nı çıxsaq, son 20 ildə islahat adlana biləcək heç bir rəsmi siyasi iradə nümayiş etdirilmədən milli sərvətlərin aşkar talanı baş verir. Son 150 ildə istehsal edilmiş maddi-mənəvi sərvətlər inzibati elitanın şəriksiz inhisarı altına keçib. Bu, həyatının çiçəkləndiyini təxmin edən həmin 10 faizlik zümrədir. Əhalinin 90 faizi isə davamlı olaraq xərac verməyə, can vergisi ödəməyə məhkum edilib. “Azərbaycanda ərəb olayları baş verə bilməz”, deyən həmin bu 10
faizlik xor müəyyən qədər haqlıdır. Çünki ərəb ölkələrində xüsusi mülkiyyət toxunulmaz olaraq qalıb. Ərəb oliqarxları neftdən gələn gəlirləri mənimsəməklə ədalətsiz sosial bölgü şəraiti yaradıblar. Orada insanların ata-baba mülkləri, insanlara irsən məxsus olan daşınmaz əmlak və sair mülkiyyət üzərinə inzibati-siyasi elitanın qarət yürüşü olmayıb. Azərbaycanda isə olub və davam edir. Bakının mərkəzini müasirləşdirmək adı ilə insanların ata-babadan qalma mülklərini qəpik-quruş və qan hesabına buldozerlərin ağzına vermədilərmi? Bu buldozerlərin haram yürüşü bütün ölkə boyu işləmirmi?
Azərbaycan qanqsterləri daha qəddardırlar və daha sinikdirlər. Görünür, kommunist-Sovet dəyərlərinin inzibati elitanın qan yaddaşında saxladığı haramxorluq buradakı nomenklaturanı daha qəddar etmək üçün işə yarayıb. Amma həqiqətən də, Azərbaycandakı proseslər ərəb versiyalarından ilham və ya başqa təəssüratlar qazanmır.
Azərbaycan əhalisi daha tolerantdır. Azərbaycan cəmiyyəti müasir dəyərləri daha artıq qavramış bir toplumdur. Azərbaycanda sosial-siyasi hüquqlar uğrunda ictimai dirəniş həmişə gedib, həm də leqal formada gedib. Burası aşkar siyasi mübarizənin meydanıdır. Ərəb inqilablarını burada proqnozlaşdıranlar isə Azərbaycan iqtidarını təmsil və təşkil edənlərdir. Onlar, axı nə etdiklərini, hansı əməllərə imza atdıqlarını daha yaxşı bilirlər. Islahatlar da buna görə baş vermir. Bu 10 faizlik zümrə yerdə qalan 90 faizlə necə rəftar etdiklərini əla bilir və günün birində həmin 90 faizin sora biləcəyi hesabatı xatırlayanda üşənir. Öz əməllərindən üşənmirlər. Bu əməllərə görə məsuliyyətin həcmini xatırlayanda üşənirlər. Yoxsa, hakimiyyət özü-özlüyündə elə matah şey deyil ki, ona görə bu qədər əsəb sarsıntıları yaşansın. Hədsiz hakimiyyət hədd-hüdudu olmayan harınlıq və qəddarlıq doğurur. Burada ərəblik bir iş yoxdur.
Həm də, axı, dünya ərəb diktatorlarından da, onlara bənzəyənlərdən də bezib. Ərəb inqilabçılarının nə günahı var ki?..