Paytaxtımızın 5,5 mindən çox yaşı var
Qədim yazılı mənbələrdə adı möcüzəli şəhər kimi anılan Bakının çox qədim tarixi var. Uzaq tarixdə bu yerlərə yolu düşən səyyahlar dönə-dönə Abşeronun “alov dilimləri” haqqında heyrətlə yazırdılar. Elə o zamanlar bu yerlərə böyük sayda əcnəbilərin səyahət etməsi də həmin maraqdan doğurdu. Bakı haqqında ilk dəfə eramızdan 3500 il əvvəl birinci Misir Fironu Menesanın dövründə “Ölülər Kitabında” qeyd edilmişdir. Bundan başqa, Bakının qədim şəhər olmasını Abşeronda və Qobustanda 12 min il tarixi olan daş üzərində yazılar, arxeoloji tapıntılar sübuta yetirir. Eramızdan əvvəl I əsrdə Roma imperatoru Pompeyin və Lukullun Zaqafqaziyanın işğalı məqsədilə Bakının ətrafında (40 km cənub istiqamətində) saldıqları hərbi düşərgələr barəsində Avqust Qay Oktavi tərəfindən yazılmış daş yazı buna əyani misaldır. Deyilənləri nəzərə almaqla bu gün Bakının 5,5 mindən çox yaşı olduğunu söyləyə bilərik.
Bakı XII-ci əsrdə Şirvanşahlar dövlətinin, XVI əsrdə Səfəvilər dövlətinin, XVII əsrdə Osmanlı imperiyasının, XVIII əsrdə isə Bakı xanlığının əsas şəhərlərindən biri olmuşdur. Bakı şəhəri Abşeron yarımadasının cənubunda, Xəzər dənizinin sahilində yerləşir, onun ərazisi 2200 kv km, əhalisinin sayı 2 milyona yaxındır.
Abşeron yarımadası ərazisində tapılmış arxeoloji materiallar buranın qədim yaşayış məskəni olduğunu sübut edir. Pirallahı, Zığ gölü ətrafı, Şüvəlan, Mərdəkan, Binəqədi, Əmircan və s. yerlərdə e.ə. III-I minilliklərə aid arxeoloji abidələr tapılmışdır.
Bakının salındığı tarix dəqiq məlum deyil. Bəzi tədqiqatçılar Bakını Qaytara (Qanqara), Albana, Baruka və s. ilə eyniləşdirirlər. Bakıda tapılmış V-VII əsrlərə aid Sasani dəfinəsi o dövrdə buranın yaşayış məntəqəsi olduğundan xəbər verir. V-VI əsr mənbələrində Bakı “Bağavan” və “Atəş-i Baquan”, ərəb mənbələrində (X əsr) “Bakuyə”, “Bakuh”, “Baku”, rus mənbələrində (XV əsr) “Baka”, Səfəvilər dövrü farsdilli mənbələrdə “Badi kubə” adlandırılır.
Tarixən Bakı Şərqin iri şəhərlərindən olub. Şəhər iqtisadiyyatında neft və duz istehsalı əsas yer tutub. Ərəb səyyahı Əbu Düləfin (X əsr) məlumatına görə, Bakıdakı iki neft yatağından ildə təqribən 720 min dirhəm gəlir əldə edilirmiş. Feodal münasibətlərin, ticarətin və sənətkarlığın inkişafı şəhərin çiçəklənməsinə şərait yaradıb. Beynəlxalq ticarətin yolayrıcında yerləşən Bakı Şərq və Qərb ölkələri arasındakı ticarət əlaqələrində mühüm rol oynayıb. Bakıya Xəzər, Slavyan, Bizans, Çin, Iraq, Suriya, Genuya, Venesiya, Iran, Hindistan tacirləri gəlib. Bakıdan Iran, Iraq və s. ölkələrə neft ixrac olunub. Burada, eyni zamanda qiymətli ədviyyat bitkisi olan zəfəran da becərilirdi.
Bakı şəhərində və Abşeron yarımadasında insanlar çox qədim zamanlardan məskunlaşmış və burada yaşayış məntəqələri yaratmışlar. Buna səbəb Bakı şəhərinin fiziki-coğrafi şəraiti şimaldan-cənuba, qərbdən-şərqə gedən miqrasiya və ticarət yollarının kəsişməsi mərkəzində yerləşməsi (“Ipək Yolu”), iqlim şəraiti və ən qədim zamanlardan yer üzünə çıxan nafta adlanan yanacaq və enerji sərvəti olmuşdur.
Uca qalalı, başı bəlalı şəhər
9-cu əsrin 2-ci yarısında Abbasilər xilafətinin zəifləməsi və mərkəzi hakimiyyətdən uzaqlaşmaq meyllərinin qüvvətlənməsi Xilafətə tabe ölkələrdə bir sıra müstəqil dövlətlərin yaranmasına səbəb oldu. Belə dövlətlərdən biri də Şirvanşahlar idi. Bakı 10-cu əsrin axırlarında Şirvanın əsas şəhərlərindən birinə çevrildi. Əhali sənətkarlıq, ticarət, bağçılıq, bostançıliq, üzümçülük, baramaçılıq, əkinçilik, neftçıxarma, balıqçılıq və s. ilə məşğul olurdu.
Bakı 10-cu əsrdən liman şəhəri kimi məşhur idi. 11-ci əsrin sonu 13-cü əsrin əvvəllərində Bakı tərəqqi dövrü keçirirdi. 1191-ci ildə Qızıl Arslan Şamaxını tutduqda Şirvanşah 1 Axsitan müvəqqəti olaraq paytaxtı Bakıya köçürmüşdü. Şirvanşahlar şəhərin möhkəmləndirilməsinə xüsusi diqqət verirdilər. 12-ci əsrdə Bakı ikicərgəli qala divarı və xəndəklə əhatə olundu.
Qız Qalası da şəhərin müdafiə sisteminə daxil idi. 1232-35-ci illərdə Bakını dəniz tərəfdən qorumaq məqsədi ilə buxta daxilində möhkəmləndirilmiş qala tikildi. Şirvanşahlar
Xəzər dənizində güclü donanma yaratdılar.
13-cü əsrin 30-cu illərində monqollar Bakıya hucum edib, uzunmüddətli mühasirədən sonra şəhəri aldılar. Bakıda neft çıxarılması və ticarət tənəzzülə uğradı. 14-cü əsrin ortalarına doğru Bakıda ticarət (xüsusilə dəniz ticarəti) yenidən canlandı. Gilan və Şamaxı ipəyinin beynəlxalq ticarətdə əhəmiyyətinin artmasi ilə əlaqadar Bakının iqtisadi mövqeyi yüksəldi. 14-cü əsrdən Bakıdan Qızıl Orda, Moskva knyazlığı, Avropa ölkələri və s. yerlərə müxtəlif mallar, xüsusən ipək, xalça və s. ixrac edilirdi. Bakıdan Həştərxana, Orta Asiyaya və Xəzərin cənub sahillərinə də mal daşınırdı. 14-cü əsrin 2-ci yarısında Bakının iqtisadi və siyasi rolunun artmasi ilə əlaqədar olaraq Xəzər dənizi bəzən Bakı dənizi də adlanırdı (bu, 1375 ildə katalan dilində hazırlanmış atlasla göstərilir). Bakıda indiyədək qalan tarixi-memarliq abidələri – Buxara karvansarası(14-cü əsr), Qız Qalası yaxınlığında Multani (hind) karvansarası (15-16-cı əsrlər) və s. Şərq ölkələri ilə geniş ticarət əlaqələrinin mövcudluğunu sübut edir. Bakıda hind tacirləri yaşayırdı.
Şirvanşah 1 Xəlilüllahın dövründə (1417-62) Bakıda mühüm tikinti işləri aparıldı. Şirvanşahlar sarayı kompleksi də bu dövrdə tikilmişdir. Bakıda ticarət, sənətkarlıq inkişaf edir, iqtisadi və mədəni həyat yüksəlirdi. 15-ci əsrin 2-ci yarısında Böyük Moskva knyazlığı ilə ticarət daha da genişləndi və diplomatik əlaqələr yaradıldı.
1501-ci ildə Şah Ismayıl Şirvana hücum edərək Bakını aldı. Səfəvi hökmdarı 1 Təhmasib 1538-ci ildə Bakının da daxil olduğu Şirvanı Səfəvilər dövlətinə birləşdirdi. Səfəvi-Osmanlı müharibələri zamanı 1578-ci ildə Osmanlı ordusu Bakını tutdu. 1607-ci ildə şəhər yenidən Səfəvilərin hakimiyyəti altına keçdi… Səfəvilər dövründə Bakıda mis pullar buraxılırdı. Bakı və Abşeron əhalisinin xeyli hissəsi xalçaçılıqla məşğul olurdu. 16-18-ci əsrlərdə sənətkarlıq, xüsusilə xalçaçılıq daha da inkişaf etdi. Bakıda toxuculuq da mühüm yer tuturdu. 17-18-ci əsrlərə aid tarixi abidələr bu dövrdə Bakıda memarlıq və həkkaklığın da inkişaf etdiyini göstərir.
Zamanın rüzgarlarına dayanan paytaxt
Bakının tarixi ilə bağlı maraqlı faktlar verən bir mənbə də kənd və yer adlarıdır. 1870-ci il siyahısında Bakıda 41 kənd olduğu qeyd edilir. Məsələn, Maştağa Bakının ən böyük kəndidir. Bu kəndin adı vaxtilə burada məskən salmış massaget tayfasının adı ilə bağlıdır. Buzovna – Maştağa ilə qonşu, əsasən əkinçilik və bostançılıqla məşğul olan kənddir. Yerlilər öskürəyə qarşı burada bitən buzovna adlı otdan istifadə etdikləri üçün kəndin adı da Buzovna qalıb. Maştağadan sonra Bakının ikinci böyük kəndi Balaxanıdır. Kəndin adı iki sözdən əmələ gəlib: bala – yuxarı, hündür və xana – ev deməkdir, Balaxanı qədim zamanlarda karvansaraların giriş qapısı üstündə olan kiçik otağa deyərdilər.
Suraxanı kiçik bir kənd olsa da, öz ağ nefti və daimi yanar odları ilə bütün şərqdə şöhrət tapıb, burada həmçinin atəşpərəstlik dininin məbədi də yerləşir. Kəndin adı isə iki sözdən əmələ gəlib: sürx – qırmızı və xana – ev.
Binə kəndi Bakı kəndləri içində ən təzəsidir. Bu kənd qədim Kürkənd kəndinin xarabalıqları yanında salınıb. Kəndin yeri vaxtilə nardaranlıların binələri olub. Bir müddət sonra isə yaşayış məskəninə çevrilib.
Qala kəndi – Abşeronda ilk qala burada tikildiyi üçün kənd də Qala adlandırılıb.
Türkan kəndi – Monqolların Azərbaycana hücumundan əvvəl türkmən tayfaları Xəzər dənizinin cənub və şimal sahilləri ilə irəliləyərək Xəzərin qərb sahillərinə və Azərbaycana yayılmışdılar. O zamanlar türkmənlər sadəcə olaraq Türkan adı ilə də məşhur idilər. Bu tayfaların bəziləri Xəzərin qərb sahillərinə daimi məskən salmışlar və Türkan kəndinin adı da görünür, bu yerlərdə yaşamış türkmənlərin adı ilə bağlıdır.
Ulu keçmişdən bu günə yol gələn qədim paytaxtın hər qarışı uzaq tarixdən soraq verir. Bu izlər onun əsrlərə qarşı dayanan Qız Qalasında, Şirvanşahlar Sarayında və neçə-neçə tarixi abidəsində qorunur və nəsildən-nəslə ötürülür.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir