“Mən İctimai Şuranın üzvüyəm”

Polisə təmənnasız xidmət etdiyini deyən Ata Abdullayev «Azadlıq»a daha nələri danışdı?

«Siz aidiyyatı qurumlara müraciət edin ki, bu insan orada nə gəzir?»

 

Son günlər medianın diqqətinə təqdim edilmiş bir nəfəri öz müsahibəsi ilə təqdim edirik. Ata Abdullayev deyilən bu adamla birlikdə polisin təsadüfi şəxsləri səfərbər edərək dinc siyasi aksiya iştirakçılarına divan tutması ifşa edilib. O, cinayət törədərək şərti cəza alıb. Hərçənd, onunla birlikdə ittiham edilən bir qrup şəxsdən fərqli olaraq Ata Abdullayev məhz, şərti olaraq cəzalandırılıb. Onun haqqında çıxarılan məhkəmə hökmündə məhz, by şəkildə də yazılıb: “davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən… (!) yaşayış yerini dəyişməmək vəzifəsi şərti ilə” cəzalandırılır.
Bu məsələyə daha sonra qayıdarıq, hələliksə, Ata Abdullayevin özünü dinləyin:

– Əvvəlcə özünüzü təqdim edin, kimsiniz, nə işlə məşğulsunuz?
– Mənim adım Atadır, soyadım isə Abdullayevdir. Azərbaycan vətəndaşıyam.

– Bəs nə işlə məşğulsunuz?
– Mən biznesmenəm, bizneslə məşğul oluram. Hərdən də dövlətimizin təhlükəsiziyi üçün… görürəm ki, dövlətimiz günü-gündən irəliləyir, inkişaf edir… Azərbaycanı hər yerdə tanıyırlar…

“Mən İctimai Şuranın üzvüyəm”

– Hansısa hüquq-mühafizə orqanında çalışırsınız?
– Xeyr, heç bir hüquq-mühafizə orqanında çalışmıram. Mən Ictimai Şuranın üzvüyəm.

– Söhbət hansı şuradan gedir?
– Yəqin, siz çox şeyləri bilsəniz də, bunu bilmirsiniz. Bunu öyrənmək üçün aidiyyatı insanlardan soruşa bilərsiniz ki, Ictimai Şuranın üzvüyəm.

– Aidiyyatı insanlar kimdir?
– Aidiyyatı insanlar, qurumlar. Məni orda görümüsünüzsə, (aksiyaları nəzərdə tutur-red) siz aidiyyatı qurumlara müraciət edin ki, bu insan orda nə gəzir? Hansısa quruma müraciət etminisizmi ki, bu insan orda nə gəzir?

– Heç bir qurum sizinlə bağlı məsələyə aydınlıq gətirmir…
– Aydınlıq gətirmirlər, bəlkə, nə bilim istəmirlər…

“Dedim axı, İctimai Şuranın üzvüyəm”


– Bizim üçün maraqlıdır ki, siz hüquq-mühafizə orqanlarında çalışmaya-çalışmaya hansı əsasla aksiyalara müdaxilə edirsiniz…
– Hüquq-mühafizə orqanlarında təmənnasız çalışmaq da olur. Vacib deyil ki, məvacib alasan. Bu vətəndaşlıq borcu kimi də ola bilər, irsən gələn bir şey ola bilər. Baxın, biz burada dalaşsaq, kimi çağıracaqsınız, polis gələcək düzdü? Gəlib araşdıracaq və tədbir görəcək. Indi mən də məsələn, şənbə-bazar günləri vaxt tapıb şəhərin mərkəzinə çıxıram, gəzməyə, görürəm kimsə qışqırır, söyüş söyür, mən bunu pis qarşılayıram…

– Bu məsələlər üçün polis var, amma siz polis deyilsiniz, mülki vətəndaşsınız…
– Mən dedim axı, Ictimai Şuranın üzvüyəm.

– Bu qurumun üzvü olmağınız sizə əsas verir ki, aksiyalara müdaxilə edəsiniz?
– Bəli, birbaşa əsas verir.

– Bu şuranın rəhbəri kimdir?
– Onu özünüz aidiyyatı qurumlara sual verib öyrənərsiniz. Mən ancaq onu deyə bilərəm ki, Ictimai Şuranın üzvüyəm. Bir də ki, mən Ilham Əliyev hakimiyyətinə qarşı çıxanlara qarşıyam. Çünki Ilham Əliyev çox şey edib. Şəhərdəki dəyişiklikləri görmürsünüz? Bircə Qarabağ problemidir, o da həllini tapacaq, mən buna inanıram.

– Bu sizin mövqeyinizdir və buna görə heç kim sizə heç nə demir…
– Amma qaldı ki, şəhərin mərkəzində qışqırmaq, hay-küy salmaq, bu, düzgün deyil.

“İctimai Şuranın üzvü kimi bu məsələlərə qarışa bilərəm”

– Etiraz etmək hər bir vətəndaşın hüququdur. Siz Ilham Əliyevi dəstəkləyirsiz, onlar da etiraz edir…
– Bir haldaki qanunla danışrsınız, onda qanunla Bibiheybətdə yer ayrılıb. Getsinlər ora. Mən ora gəlib onların işinə qarışsam, bu başqa məsələ. Amma şəhərin mərkəzində bir vətəndaş kimi də, Ictimai Şuranın üzvü kimi də qarışa bilərəm, köməkliyimi göstərə bilərəm.

– Axı aydın deyil ki, siz hansı əsasla insanları tutursunuz?
– Tutmaq deyirsiniz… Bəlkə birinin ürəyi ağrayır, kömək edib aparıram onu maşına, həkim çağırırlar…

– Yox mən jurnalist olaraq aksiyalarda iştirak etmişəm və şahidi olmuşam ki, siz aksiya iştirakçılarını həbs edirsiniz… 
– Jurnalist kimi iştirak etmisiniz. Bəlkə hansısa jurnalisti tutmuşam, vurmuşam?

– Şahvələd Çobanoğlunu tutmusuz?
– Şahvələd Çobanoğlu söyüş söyürdü, mən də dedim söymə, onu sakitcə kənara çəkirdim…

– Şahvələd Çobanoğlunu tanıyanlar bilir ki, onun leksikonunda söyüş yoxdur…
– Yox niyə ki, hamı söyür…

– Məlumatlara görə barənizdə 7 il şərti cəza var…
– Azərbaycan qanunlarında 7 il şərti cəza var? Daha deyin ömürlük cəza almışam da. Bir də ki bu suala cavab vermək istəmirəm. 7 il almışam, 5 il, 3 almışam və ya almamışam…

– Ümumiyyətlə, sizin barənizdə məhkəmə hökmü varmı?
– Ümumiyyətlə, insan barəsində məhkəmə hökmü ola da bilər, olmaya da bilər. Insandı da. Məhkəmə adamı öldürən bir yer deyil. Insanın cəzası ola bilər, çəkə bilər. Amma bu o demək deyil ki, insan bütün azadlıqlardan məhrum edilə bilər.

– Mən konkret cavab istəyirəm: Sizin barənizdə məhkəmə hökmü var ya, yox?
– İndi mən də sizə sual verim: Siz deyirsiniz ki, işsizlikdir, vəziyyət pisdir, mən bununla razılaşmıram. Siz deyə bilərsiniz ki, Əli Kərimli gündə bahalı kostyumlar geyinir, cangüdənləri var, maşını var, hansı pulla edir bunları?

– Onda siz də deyin məsələn, Səyavuş Novruzov bahalı kostyumları, maşınları, evləri hansı pulla alıb?
– Əli müəllim təkzib versin, mən də Səyavuş Hovruzovun adından deyərəm.

“Neft Akademiyasında terroru birinci mən xəbər vermişəm”

– Burda söhbət sizin aksiyalara qanunsuz müdaxilənizdən gedir…
– Yaxşı siz də yazırsınız ki, mən barlardan pul yığıram…

– Biz elə şey yazmamışıq…
– Başqası yazıb siz də ona istinad etmisiniz, niyə məndən soruşmurdunuz?

– İndi soruşuruq, buyurun aydınlıq gətirin ki, Nəsimi polis idarəsinin rəisi Məmməd Mikayılovla hansı əlaqələriniz var?
– Məmməd Mikayılov polis rəisidir. Mən Nəsimi rayonunda yaşayıram. Insan yaşadığı rayonda polis rəisini də, icra başçısını da tanıya bilər. Amma mənim onunla şəxsən tanışlığım yoxdur. Heç bir əlaqəm yoxdur. Onu da deyim ki, mən heç vaxt kiminsə biznesini idarə etməmişəm. Ümumiyyətlə inanmıram ki, hansısa polisin biznesi olsun.

– Bundan sonra da aksiyalara çıxacaqsınız?
– Bəli, çıxacam. Əlim- ayağım bağlı deyil ki… Özü də mən gəzməyə çıxıram, aksiyaya çıxmıram.

– Amma aksiyalara müdaxilə edirsiniz, insanların hüquqlarını tapdalayırsınız…
– Mən heç kimin hüquqlarını tapdalamıram. Ilham Əliyev Azərbaycanın prezidentdir. Onu söyən məni söymüş kimidir.

– Onu heç kim söymür. Bir də ki, siz qanunla etiraz edə bilərsiniz… Amma camaatı həbs edirsiniz…
– Mən heç kimi tutmuram. Kiməsə qandal vurmuşam? Olub ki, görmüşəm kimsə qışqırır, söyüş söyür çəkmişəm kənara demişəm sakit ol.

– Sizin polislə birgə aksiya iştirakçılarını həbs etməyinizlə bağlı fotolar var…
– Polis aparıb yaxınlaşmışam ki, nə olub? Düşünmüşəm ki, bəlkə səhhəti pisdir. Bir də heç polisə müqavimət göstərərlər?

– Bunun üçün qanun var…
– Yenə deyirəm, mən heç kimi tutmamışam, yapışmışam, kömək etmişəm. Mən polis deyiləm ki, kimisə həbs edəm.

– Siz mülki geyimdə olursunuz polislər sizi hardan tanıyır ki, sizə heç nə etmir. Məsələn, mən mülki geyimdə çıxsam, dərhal məni aksiya iştirakçısı kimi həbs edərlər…
– Gəlin sizə bir söz deyim. Azərbaycan Dövlət Heft Akademiyasında faciə baş verəndə ilk olaraq mən polisə xəbər vermişəm. Atəş səsləri eşidib xəbər vermişəm. Orda hamımızın anası-bacısı, qohum-əqrabası oxuya bilərdi. Mən xəbər verməsəydim, ölənlərin sayı daha çox ola bilərdi. Pis eləmişəm qardaş?

“İnqilab olsa, özümü öldürərəm”

– Yaxşı eləmisiz. Amma burda insanların sərbəst toplaşmaq azadlığından gedir…
– Sərbəst toplaşmaq azadlığı o demək deyil ki, asayişi pozasan…

– Bunun üçün polis var…
– Yox bir dəqiqə, yolu kəsirlər, narahatçılıq olur…

– Dedim axı bunun üçün polis var…
– Hər bir vətəndaşın borcudur ki, öz ölkəsininin polisinə xidmət etsin. Mən də təmənnasız xidmət edirəm… Yazırsınız ki, barlardan pul yığıram, gedək araşdırma aparın…

– Onu “Bizim Yol” qəzeti yazıb…
– SIZIN YOL qəzeti yazıb, məhkəmədə cavab verəcək. Sonda deyim ki, mənə deyirlər inqilab olsa neyləyərsən. Inqilab olsa mən özümü öldürərəm.

– Niyə?
– Çünki inqilab olmayacaq. Çünki hər kəs kimə səs verdiyini yaxşı bilir. Bu, Ilham Heydər oğlu Əlirzanın nəvəsidir…

P.S. İndi söz rəsmi qurumlarındır: Bu “Ictimai Şura” nə deməkdir? Bu “Ictimai Şura” adlandırılan qrupda kimlər toplaşıb? Onların hamısımı Ata Abdullayev kimi məhkumlardır? Biz də araşdırmağa çalışacağıq.

Vidadi Məmmədov