Şok olayın təfərrüatları “Azadlıq”da
Ünvanlı sosial yardım almaq istəyən 3 uşaq atası Sosial Müdafiə Mərkəzindən qovulandan sonra həyatına qəsd etdi
Olaydan təşvişə düşən rayon rəhbərliyinin Bakıdakı xəstəxananın qarşısına qoyduğu «keşikçilər» «Azadlıq»ın əməkdaşına nə təklif etdi?
Aprelin 19-da Bərdə rayonunun Qasımbəyli kənd sakini, 3 uşaq atası Cəmaləddin Yusif oğlu Paşayev özünü yandıraraq həyatına qəsd edib. Hadisəyə səbəb isə Cəmaləddin Paşayevin Bərdə Rayon Sosial Müdafiə Mərkəzində üzləşdiyi haqsızlıqlar olub.
Cəmaləddin Paşayev ünvanlı sosial yardım almaq üçün övladlarını da götürərək, Sosial Müdafiə Mərkəzinə yollanıb. Orada mərkəzin müdiri Vidadi Imanquliyevlə görüşüb. Vidadi Imanquliyevin otağında baş tutmuş görüşdə mərkəzin rəhbəri, Cəmaləddin Paşayevin ailəsinə ünvanlı sosial yardım verilməyəcəyini bildirib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb.
Cəmaləddin Paşayev 3 uşağını Bərdə rayon Sosial Müdafiə Mərkəzində qoyaraq evə qayıdıb. O, mərkəzdən edə qayıdarkən polislər onu izləyiblər. Zərərçəkmiş üzləşdiyi haqsızlığa etiraz əlaməti olaraq üstünə benzin töküb, özünü yandırıb.
Hadisənin Cəmaləddin Paşayevin evində baş verdiyi barədə məlumatlar yayılmışdı. Lakin “Azadlıq”ın araşdırmalarından sonra məlum olub ki, Cəmaləddin Paşayev özünü Tərtər çayına yaxın ərazidə yandırıb. Zərərçəkmiş rayondakı mərkəzi xəstəxanaya yerləşdirilib.
Hadisə bütün rayonda geniş ajiotaj yaradıb. Rayon rəhbərliyi olayla bağlı xəbərin geniş yayılmaması üçün fövqəladə iş rejiminə keçib. Xəstəxanaya yerləşdirilən Cəmaləddin Paşayevlə danışmağa, hadisənin təfərrüatlarını öyrənməyə çalışan özəl telekanalların bölgə müxbirləri polislər tərəfindən xəstəxanadan uzaqlaşdırılıb. Onların xəstənin özü və yaxınları ilə söhbətləşməsinə imkan verilməyib.
Cəmaləddin Paşayevin səhhəti ağır olduğundan o, Bakıya gətirilərək 5 saylı xəstəxananın yanıq şöbəsinə yerləşdirilib. Xəstəxanadan aldığımız məlumata görə, Cəmaləddin Paşayevin səhhəti ağırdır.
Hadisənin təfərrüatlarını öyrənmək üçün 5 saylı xəstəxanaya yollandıq. Yanıq şöbəsinin mühafizəçisi Cəmaləddin Paşayevin yaxınlarının xəstəxananın həyətində olduqlarını söylədi. Xəstəxananın həyətində dayanmış 90-FF-250 nömrə nişanlı “Wolkswagen” markalı avtomobildə əyləşmiş şəxs özünü Cəmaləddin Paşayevin qohumu kimi təqdim etsə də, kimliyini açıqlamaqdan imtina etdi. “Qohum” Cəmaləddin Paşayevin özünü yandırmasının “gerçək” səbəblərini söylədiyi zaman maraqlı məqamlar üzə çıxdı.
Onun sözlərinə görə, Cəmaləddin Paşayev ruhi xəstəlikdən əziyyət çəkir. Zərərçəkmiş əvvəllər də həyatına qəsd edib. Bu məlumatları bizimlə bölüşən “qohum” daha sonra yol göstərməyə də cəhd elədi: “Öyrəndin də səbəbləri, gedə bilərsən”.
Xarici görünüşündən maddi baxımdan imkanlı adama bənzəyən “qohum”a Cəmaləddin Paşayevin digər yaxınlarıyla söhbətləşmək istədiyimizi bildirdik. O, Cəmaləddin Paşayevin qardaşı Elsevər Paşayevin və digər yaxınlarının xəstəxananın yaxınlığındakı çayxanada çay içdiklərini söylədi. Xahiş elədik ki, o, Cəmaləddin Paşayevin qardaşı və yaxınlarıyla əlaqə saxlayaraq, onlarla danışmaq istədiyimizi çatdırsın. Bu xahişimizi yerinə yetirən “qohum” bizə məsləhət gördü ki, boş yerə vaxt itirməyək. Çünki Elsevər Paşayev və digərləri də onun dediklərini təkrarlayacaqlar. Yəni, Cəmaləddin Paşayevin ruhi xəstəlikdən əziyyət çəkdiyini və buna görə də özünü yandırdığını bildirəcəklər. Biz yenə də zərərçəkmişin qardaşı və digər yaxınlarıyla söhbətləşməkdə israrlı olduğumuzu bildirdik. Bu dəfə “qohum” bir qədər də sərtləşdi: “Nə lazımdır? Nəyi bilmək istəyirsən, dedim də. Necə olub, nəyə görə olub – dedim. Onlar da gəlib eyni şeyi deyəcəklər”.
Lakin geri çəkilmədiyimizi görüb, sonda Elsevər Paşayevlə əlaqə saxlayaraq, onunla danışmaq istədiyimizi çatdırdı. Bir neçə dəqiqədən sonra Cəmaləddin Paşayevin qardaşı Elsevər Paşayev və digər şəxslər xəstəxananın həyətinə gəldilər. Jurnalist olduğumuzu, Cəmaləddin Paşayevin özünü yandırmasının səbəblərini öyrənmək istədiyimizi bildirdik. Elsevər Paşayev hər şeyi danışmağa hazır olduğunu, qardaşının həyatına qəsd etməsinin gerçək səbəblərini açıqlayacağını bildirdi.
Yeri gəlmişkən, Elsevər Paşayevlə danışdığımız zaman bayaq söhbət açdığımız “qohum” müdaxilə edərək zərərçəkmişin qardaşına mane olmağa çalışdı: “Mən dedim də nə baş verib. Daha nə bilmək istəyirsən? Bu da qardaşı…”
Buna baxmayaraq, Elsevər Paşayev qardaşının özünə qəsd etməsinin səbəblərini açıqladı: “Qardaşım gedib uşaq pulu verilən yerə…”
Bu yerdə 5 saylı xəstəxananın yanıq şöbəsinin mühafizəçisi Elsevər Paşayevə müraciət edərək, onu qardaşı Cəmaləddinin çağırdığını bildirdi. Elsevər Paşayev danışmaq istəsə də, özünü zərərçəkmişin qohumu kimi təqdim edən bayaqkı şəxs ondan qardaşının yanına getməsini istədi. Beləliklə, söhbətimiz alınmadı.
Elsevər Paşayev bildirdi ki, qardaşının yanından qayıtdıqdan sonra söhbətimizi davam etdirəcəyik. Xəstəxananın həyətində gözlədiyimiz zaman həmin “qohum” yenə də hadisə barəsində onun dediklərinin düz olduğunu bildirdi və bununla kifayətlənərək getməyimizi tövsiyə etdi. Hətta minnət qoymağı da unutmadı: “Gördün, şərait yaratdım, danışdın qardaşıyla…”
Daha sonra pencəyinin sağ yaxasını göstərərək, “Nə şərait istəyirsən, yaradım sənə, çıx get…” təklifini irəli sürdü. Bu təklifin də keçərli olmadığını görən “qohum” xəstəni narahat etməməyimizi istədi.
Az sonra Elsevər Paşayev qardaşıyla görüşdən qayıdaraq Cəmaləddin Paşayevin bizimlə söhbətləşməyə hazır olduğunu söylədi. Zərərçəkmişin yanına getmək istədikdə isə “qohum” və xəstəxananın mühafizəçisi bizə mane olmağa başladı. Bu zaman gərginlik yaşandı. Əsəblərini cilovlaya bilməyən Elsevər Paşayev qardaşının yanına qayıtdı. “Qohum” da onun arxasınca xəstəxanaya – zərərçəkmişin yanına yollandı. Bir neçə dəqiqədən sonra geri qayıdan Elsevər Paşayev qardaşı Cəmaləddin Paşayevin vəziyyətinin ağır olduğunu və bu gün söhbətləşə bilməyəcəyini bildirdi. Vəziyyətin belə olduğunu görüb hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçün xəstəxanadan uzaqlaşdıq.
Amma mövzuya qayıdacağıq.
P.S. Cəmaləddin Paşayevin qardaşı və qohumlarının fotoşəkillərini çəkmək imkanımız olmadı. Lakin özünü “zərərçəkmişin qohumu” kimi təqdim edən, adını isə açıqlamayan şəxsin əyləşərək keşik çəkdiyi avtomobillərdən birinin fotoşəklini çəkə bildik.
Turan