Dövlət başçısına inanıb ölkəyə yarım milyon manatlıq toyuq məhsulu gətirən iş adamına gömrükdə nə deyilib?
İlham Əliyevin inhisarçılığa qarşı mübarizə barədə etdiyi çıxışları sahibkarlardan birini ziyana salıb. Həmin sahibkar Şirvan bölgəsindədir. Adı da bizə bəllidir, sadəcə bəzi səbəblərdən açıqlamaq istəmirik.
Məlumatlara görə, bu sahibkar dövlət başçısının inhisarçılığa qarşı çıxışlarından ruhlanaraq ölkəyə yarım milyon manat dəyərində toyuq məhsulu gətirib. Lakin gömrükdə üzləşdiyi hadisə onu şoka salıb. Hadisə belə olub. Sahibkarın gətirdiyi məhsul gömrüyə daxil olanda dərhal onu çağıraraq deyiblər ki, bu kimin malıdır. O isə malın özünə məxsus olduğunu deyib. Gömrük əməkdaşlarının cavabı isə belə olub: “Sənə kim deyib ki, ölkəyə toyuq məhsulu gətirəsən”. Çaşbaş qalan sahibkar Ilham Əliyevin çıxışlarını əsas gətirib. Bu halda gömrük rəhbərliyi sahibkara bildirib ki, bu dəfə sənə güzəşt edirik, malını məlum şirkətə öz qiymətinə satıb, pulunu götür və bir də belə özbaşınalıq eləmə. Sahibkara bildirilib ki, növbəti dəfə onun gətirdiyi mal gömrükdə çürüyə bilər. Sahibkar “ziyanın yarısından qayıtmaq da xeyirdir” prinsipinə əməl edib, gömrük rəhbərliyinin təklifi ilə razılaşıb.
İnformasiya şöbəsi