Hakimiyyətə beynəlxalq təzyiqlər artan xətlə gedəcək

«Azərbaycanda baş verənlər Qərbin diqqətindədir»

İctimai Palatanın keçirdiyi aksiyaların zorakılıqla qarşısının alınması beynəlxalq ictimaiyyətin sərt reaksiyasına səbəb olub. Artıq ATƏT, Avropa Şurası, Avropa Birliyi, ABŞ-ın Dövlət Departamenti ölkədə sərbəst toplaşmaq azadlığına qoyulan qadağa ilə bağlı narahatlıqlarını ifadə ediblər. Bəs müxalifət təmsilçiləri necə beynəlxalq ictimaiyyətdən gələn reaksiyanı ölkədəki hazırkı duruma adekvat sayırlarmı?

Fuad Qəhrəmanlı: “Azərbaycan xalqının demokratiya uğrunda apardığı mübarizəyə dəstək bu cür prinsipial deyildi”


AXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikrincə, Azərbaycandakı vəziyyətlə bağlı səslənən bu bəyanatlar reallığı tam əks etdirir. AXCP yetkilisi hesab edir ki, bu bəyanatlardan açıq şəkildə görünür ki, beynəlxalq birliyin Azərbaycanda baş verənlərlə bağlı qeyri-rəsmi koalisiyası yaranıb: “Insan hüquqlarının pozulmasına, söz və mətbuat azadlığının məhdudlaşdırılmasına, sərbəst toplaşmaq azadlığının təmin edilməməsinə indiyə qədər bu cür reaksiya verilməmişdi. Bu reaksiyalarda diqqəti cəlb edən daha bir məqam beynəlxalq birliyin vahid mövqedən çıxış etməsidir. Bu, hakimiyyətə çox ciddi bir mesajdır. Çünki əvvəllər Azərbaycan xalqının demokratiya uğrunda apardığı mübarizəyə dəstək bu cür prinsipial deyildi. Bu dəfə təhlükəsizlik və enerji maraqları demokratik prinsipləri üstələmədi”.
F.Qəhrəmanlı vurğuladı ki, Azərbaycandakı proseslər onu göstərir ki, Yaxın Şərqdə cərəyan edən hadisələr təkcə bir regiona aid deyil. Azərbaycan hakimiyyəti Qərbdən gələn demokratiya ilə bağlı haqlı tələbləri nəzərə almazsa, onlar gələcəkdə ciddi sanksiyalarla nəticələnə bilər.

Tofiq Yaqublu: “Hələlik beynəlxalq təşkilatların bəyanatları hakimiyyəti yola gətirəcək gücdə deyil”


Müsavat başqanının müavini Tofiq Yaqublunun fikrincə, beynəlxalq təşkilatların son bəyanatlarında müəyyən dəyişikliklərin olduğu nəzərə çarpsa da, onlar hakimiyyəti yürütdüyü siyasətdən əl çəkməyə vadar edəcək gücdə deyil. Məsələn, Avropa Birliyi IP-nin birinci aksiyası ilə bağlı bəyanatında narahatlıq ifadə etdiyini vurğulamışdısa, sonuncu bəyanatda bu ifadə “artan narahatlıq” ilə əvəz olunub: “Hakimiyyət gec-tez ölkədə sərbəst toplaşmaq azadlığını bərpa etməlidir. Hələlik isə hökumət beynəlxalq öhdəliklərə, imza atdığı konvensiyalara, paktlara zidd olaraq sərbəst toplaşmaq hüququnu bərpa etmir. Beynəlxalq təşkilatların bəyanatları isə hələlik nəticə vermir. Amma yürüdülən bu siyasət hakimiyyətə başucalığı gətirmir və dirəniş artdıqca beynəlxalq təzyiq də güclənəcək. Bu baxımdan yaxın zamanlarda beynəlxalq təzyiqin artan xətlə davam edəcəyini gözləmək olar. Əgər bütün bunlar da nəticə verməsə, Azərbaycana qarşı konkret beynəlxalq sanksiyaların tətbiqi real ola bilər”.

Zəfər Quliyev: “Düşünürəm ki, açıqlanan bəyanatlar vaxta uyğun və operativdir”


Siyasi şərhçi Zəfər Quliyev isə hesab edir ki, hazırkı mərhələ üçün beynəlxalq təşkilatların reaksiyası situasiyaya adekvat sayıla bilər: “Düşünürəm ki, açıqlanan bəyanatlar vaxta uyğun və operativdir. Əslində açıqlanan mövqelər kifayət qədər narahatlıq bildirən reaksiyalardır. Indiki zamanda hansısa kəskin formada Qərbdən, beynəlxalq təşkilatlardan mövqe gözləməyə dəyməz. Amma əsas odur ki, bütün bu mesajlar ona işarə vurur ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı ilə bağlı durum diqqətdə saxlanılacaq”. Azərbaycanla bağlı müxtəlif beynəlxalq təşkilatların tənqidi mövqelərinin hələ yığıldığını deyən Z.Quliyev bildirdi ki, bir müddət sonra bu bəyanatların konkret təsiri olacaq. “Azərbaycanda baş verənlər Qərbin diqqətindədir və demokratik ölkələr bu prosesi bundan sonra da izləyəcəklər. Azərbaycan hakimiyyətinin buna müqavimət göstərməsi gərəksizdir”,- deyə Z.Quliyev vurğuladı.

Xəyal