Etiraf məktubu -2

(Professor Kamil Vəli Nərimanoğlu həyat yoldaşına nələri etiraf edir və nələri təlqin edir)

Kamil Vəli
Bu yazını şanlı məktub – əbədi eşq məktubu kimi də oxuya bilərsiniz, yaşlı adamın etirafı kimi də, vəsiyyəti kimi də…
başlanğıcı ötən saylarımızda
“Incimə, hər yer Dərbənd olmaz ki…”

Yadımdadır. Ilk dəfə səni Cəbrayıla aparanda doğulduğum yeri çox təriflədim. Vurğunluğumu vəcdlə izhar etdim: “Çox qədim tarix yatır bu yerlərdə” – deyəndə gülümsədin. O gülümsəməndə məhəbbət də var idi, bir az yumor, atmaca da. Çox sonralar o gülümsəmənin sirrini açdın. “Ay başına dönüm, Cəbrayıl gözəl yerdir. Buna söz yox: dağıyla, daşıyla, suyuyla, ağacıyla. Amma bu gözəlliyi insan yox, Allah özü, təbiət yaradıb. Insanların yaratdığı gözəllik abidələrdədir. Incimə, mən onu görməyincə gülümsədim, amma sən bunu deməyə qoymadın. Qəm yemə, hər yer Dərbənd olmaz ki…”.
Qərbin ən Şərqi, Şərqin də ən Qərbidir. Şimalın ən Cənubu, Cənubun ən Şimalıdır bu məkan – zaman məkanı.
…Biz dünyada yeganə nadir xalqıq ki, məğlubiyyəti qələbə kimi qəbul edib bas-bas bağıra-bağıra Çaldıran zəfərindən, Rusiya işğalından, milli dövlətin yıxımından, erməni işğalından bəhs edirik.

Biz düşmənin yerini, kimliyini unudan, zəhərli küləyin yerini dəyişik salan bədbəxt xalqıq.
Bu sözləri yazan mənəm, deyən sənsən. Yaxşı yadımdadır Azərbaycanın naqqal, mənasız televiziyalarında söz ishal edən “şairləri”, “yazarları”, “alimləri” (nə az, nə çox!) dinləyəndən sonra demisən.

Gülə-gülə, istehza ilə yox, gözündən yaş süzülərək söyləmişdin.

Siyasətdən uzun-uzun danışmağı sevməsən də, əqidənin, imanın sənin duvağın olduğunu məndən başqa bilənlər çoxdur. Əbülfəz Elçibəyin bacım, yeganə bacım dediyi də, Pənah bəyin, Əli bəyin, Isa bəyin, Arif bəyin, Vaqif Bayatlı Ödərin, Alim Qasımovun, Cəfər Qiyasinin, Əhməd Bicanın, Yavuz Akpınarın, Səlcuq Alkanın, Ismayıl Safinin… bacı, ana deyib göz üstündə tutduğu da sən olmusan.
Hər ikimizin əziz müəllimi bizim ailə qurmağımızın səbəbkarı rəhmətlik Bəxtiyar Vahabzadə hər yazımdan sonra mənə zəng edər və hər zəngindən sonra: “Qızım necədir? Onun qədrini bil. Onu uca tut. Özün də ucalarsan”, – deməyini unutmaq mümkünmü.
Üzeyir bəyin ev muzeyi

Sənə dərs dediyim 70-ci illərin sonlarında yaşım otuzu haqlamışdı. Nə maddi, nə mənəvi baxımdan evlənməyə hazır idim. O günlərdə Bakıda küçədə yol keçərkən Bəxtiyar müəllimin maşını dayandı. Bəxtiyar müəllim “Otur oğlum, tez otur”. Mən keçib iki nəfərin əyləşdiyi arxada oturdum. “Tanış ol oğlum, Türkiyənin mədəniyyət naziri və xanımıdır”. Bəxtiyar müəllim məni də təqdim etdi. “Tələbəmdir, cavan müəllimdir, türkçüdür. Istədim tanış olasınız”. O gün mənim həyatımın dönüş, bəlkə də başlanğıc günüydü. Üzeyir Hacıbəylinin ev muzeyinə gəldik. Sən gülümsəyə-gülümsəyə qəribə bir həyəcanla qonaqlardan daha çox Bəxtiyar müəllimə və əlbəttə ki, mənə mehribanlıq göstərdin. Sən danışmağa başladın. Həyatımda o zamanacan eşitmədiyim hüzn hopmuş gözəl səsin kol dibində unudulmuş bənövşəni xatırladırdı. Gözü iri parlaq tünd qoxulu parlaq göllərdə olan boynu bükük bənövşəni haradan görə bilərdi ki? Sənin səsin artıq keçmiş, getmiş tələbə səsi deyildi, üzü dünyaya açılan öz ayaqları üstə duran ziyalı Azərbaycan qızının, araşdırmaçının səsiydi. Bu səsdən bütün ömrüm boyu doymadığım və doymayacağımı söyləsəm, oxucu məni məzur tutmasın.
Mədəniyyət naziri alim (sonradan onu terrorçular maşınına bomba qoyaraq partladıb öldürdü) sənə bir neçə qəliz sual verdi. Sənin təmkinli, səmimi, dərin və aydın cavabını qonaqlarla bərabər, mən də sevdim. Və o sevgi üstünü kül örtmüş bir məhəbbət ocağının ilk daşı oldu. Qismətdən qaçmaq olmaz. Qismətim məni xilas etdi. Sonralar sən fərqlənmə diplomunla təhsilini davam etdirib dissertasiya yazmaq istəyəndə mən: “Birinci uşaq inşallah, namizədlik dissertasiyan, ikinci uşaq doktorluq dissertasiyan olacaq” deyəndə sən də güldün, mən də. Beləliklə, sənin elmi karyeran bitmiş oldu.
Türkiyə sevgisi bizim hər ikimizin qədəri, taleyi idi. Biz bu sevgi içində Türkiyə ilə Azərbaycanı bir-birindən ayırmadıq, Türkiyənin də, Azərbaycanın da, bir Vətən, bir məmləkət olduğuna inandıq.

Bir gün mənimlə bağlı bir məclisdə məclisi aparan tələbə dostum Sabir Rüstəmxanlı zarafatla və əlbəttə ki, ərklə dedi ki, “Vallah, Kamil dostumuz, gündüzləri çayxanada, içmədiyini bilsək də, meyxanada, yasda, toyda. Səhər qəzet çıxır, Kamilin yazısı, jurnal çıxır Kamilin məqaləsi, hələ kitablarını, çıxışlarını demirəm”. Mən yerdən replika atdım ki, “Sabir, onları arvad yazır. Mən də evə gələndə imzalayıb göndərirəm çapa”.
Sənin fədakarlığın sayəsində yaşadım
Bu zarafatın içindəki həqiqəti gizlətmirəm.

Mən əvvəl yazmaq istəmədiyim və bir nəfərin acığına iki aya yazdığım doktorluq dissertasiyasını (o dissertasiya mənim başımda gənc yaşlarımdan hazır idi. Qalırdı onu ağ vərəqə köçürmək, texniki şərtləri yerinə yetirmək) sənin fədakarlığın sayəsində yazdım. Uşaqları götürüb anangilə getməyini, gündəlik yemək-içməyimi necə hazırlayıb gətirdiyini ömrüm boyu unutmuram. Bu iş əslində bir cavab idi, bir tərs sillə idi. Və mən o adamların üzünə o tərs silləni sənin sayəndə vurdum.
Indi də sən mənim əziz xanımım, əqidə dostum, söykənc yerim, gücümsən. Göydə Allah, yerdə sən və ailəm durduğu üçün dünyada məndən güclü, qüdrətli, zəngin adam olduğunu sanmıram…

Səbr və dözüm, yüz acını yeyərlər bir şirinin xatirinə – ürək genişliyi prinsipi sənin mənə münasibətinin əfv səhifəsi olub.
Əvvəla, həyatım boyu spirtli içki içməmişəm. Ancaq içki içənləri də kafir-filan saymamışam, onların şeytan əhli deyil, Allah əhli olduğuna da inanmışam.
Içki məclislərinin (əlbəttə, hamısı yox) müdriklik havası, xoş, ilıq, rahatlandırıcı iqlimi aqil üçündür.
Yazıçıların, alimlərin, siyasət adamlarının elə cahil, özü də azərbaycanlıların cahilliyinə – orta hesab hesablanmış “dahiliyinin”, “alimnümalığı”nın dünya standartları ilə qiyməti – qomu beş qəpikdir.

Mən rəhmətliklər Vidadi Məmmədovun, Natiq Səfərlinin, Mir Bəsirin sədr olduğu “Şən həyat” kolxozunun, Hikmətin, Əminin, rəhmətlik Ibadın, Kəbleyinin məclislərini (bəzisi mey, bəzisi çay məclisi) dadı-tamı, səviyyəsi, əlahiddə atmosferi də həyatın bir cilvəsidir. Əlbəttə ki, o uzun gecələr (bir replikanı xatırladım səhərə az qalmış bir dostumun “müəllim, qatıq içmə, yuxun gələr” sözünü…) uzun söhbətlər nərdin “uzunu” ilə birləşəndə bu uzunluqda ailə nizamını az zərbə vurmur.

Bu zərbələri görməzlikdən gələnlərdən, üzümə heç vaxt vurmayanlardan biri, birincisi sən olmusan. Sən heç vaxt “Ciddi alimsən, qələm əhlisən, siyasət, fikir adamısan” deyib, mənim azadlığımı əlimdən almadın. Sən o yerlərin arifini də, avarasını da tanıyırdın və mənə inandığın üçün o özgürlüyü mənə vermişdin (və indi də vermisən).
Sən gözəl bilirsən ki, namaz qılıb, oruc tutub yetim malı yemək, ali qədrlərin ətəyini öpmək dindarlıq deyil. Din – insanın Allaha açılan qapısı, pəncərəsidir, ya baxarsan, ya da keçib gedərsən.

Məscidə getməyib məclisə gedən biçarə dərvişin, qeyri-xətti-bulanıq məntiqin yaradıcısı Molla Nəsrəddinin Allahın ən yaxınında olduğuna inanmamaq mümkünsüzdür…   
Əxlaq ibadət yerlərində qorunmur, təmizlənmir. Əxlaq insanla Allah arasındakı mübhəm yolda, görünməz müstəvidə qorunur. Allaha sevgi və qorxu vicdan ağrısı, haqq ədalət duyğusu adamların içində olsa da, adamsız yerdə dəyərini, qiymətini, varlığını itirmir.

Mən oğlanlarımın şəxsi və ictimai yaşamından, qurduqları ailədən çox razıyam. Şükür Allahın böyüklüyünə. Biri rəsmiləşən, o biri rəsmiləşmə yolunda olan bu evlilik nə qədər gözəl olsa da, mən dost-tanış, qohum-qardaş, qonum-qonuşu arasında sənin kimi mücadilədə böyüyən, sonsuz güc və iradə sahibi insan görə bilmədim.

Heç təsadüfi deyil ki, səninlə bir ocaq qurduqdan sonra 10 il kafedra müdiri olmuşam. Xaricə gedib yüksək maaşa çalışan elm adamı olmuşam, Baş nazirin müavini olmuşam, işsiz olmuşam, təqib altında yaşamağa məcbur olmuşam, təklənmişəm, özümünkülərdən də, özgələrdən də dəyənəklər yemişəm, bu illər ərzində heç vaxt nə mətbəximin temperaturu dəyişib, nə mənim, nə də uşaqlarımın geyim-gecimi, nə də mənim insanlara münasibətim, nə də əqidəm…

P.S. Bu yazını bitirəndə bir gerçəyi tapdım: gerçək dünyanın dahisi anadır, xəyali dünyanın dahisi ata. Mən anaların əlini öpməyi tərcih etdim…