İntiqam Əliyev: “Bu cür işlərdə qərarlar prezident aparatında verilir”
“Hakim tərkibinə etiraz məsələsinin necə həll olunacağı hələ bəlli olmadığı bir halda gənc fəal Bəxtiyar Hacıyevin işi üzrə növbəti prosesin tarixini elan edən Gəncə şəhəri Nizami rayon məhkəməsinin hakimi Emin Axundov faktiki olaraq etirazın rədd olunacağına əmin olduğunu göstərib”. Bu fikri “Turan”a müsahibəsində Hüquqi Maarifləndirmə Cəmiyyətinin sədri, Hacıyevin müdafiəçiləri qrupunun rəhbəri İntiqam Əliyev bildirib.
Əliyev xatırladıb ki, etiraz aprelin 19-da axşam verilib, lakin buna baxmayaraq, hakim prosesi növbəti günə təyin edib.
Bir qayda olaraq məhkəmələr bu halda prosesi ya qeyri-müəyyən müddətə, ya da azı bir neçə günlüyə təxirə salırlar. Bu halda isə hakim sanki etirazın rədd ediləcəyinə əvvəlcədən əmin olmuş kimi növbəti məhkəmə iclasını növbəti günə təyin edib. Hakim prosesin vaxtını müəyyən edən zaman vəkillərin fikrini aydınlaşdırmağa da ehtiyac bilməyib”, – deyə İ.Əliyev bildirib.
Lakin aprelin 20-də vəkillər icraatlarında digər işlərin olması və Hacıyevin işinin ədalətli həlli baxımından əhəmiyyəti olan bir sıra sübutların əldə edilməsi məqsədilə onlara vaxt verilməsini xahiş ediblər. Ona görə də, aprelin 20-də B.Hacıyev məhkəmə zalına gətirilsə də, vəkillərin prosesə qatılmaması səbəbi ilə məhkəmə iclası keçirilməyib. Prosesin aprelin 21-nə təyin edilməsinə gəlincə, vəkillərə bu barədə rəsmi məlumat daxil olmayıb. Eyni zamanda, hakim nəhayət vəkillərin təklifini qəbul edib və növbəti məhkəmə iclasını 28 aprel saat 11.00-a təyin edib.
Prosesin gedişi ilə bağlı şərh verən Əliyev deyib ki, işə mahiyyət üzrə baxışın ilk günündən hakimin qərəzliliyi aydın idi: “Hakim müdafiə tərəfinin faktiki olaraq bütün vəsatətlərini rədd edib. Ona görə müdafiə tərəfi hakimə və bütün məhkəmənin tərkibinə etiraz edib. Əslində, bu cür işlərdə qərarlar Gəncədə və Nizaminin adını daşıyan məhkəmənin binasında yox, Bakıda, prezident aparatında verilir”.
Əliyev güman edir ki, Aprelin 7 və 8-də hazırlıq iclasında və aprelin 19-da mahiyyət üzrə baxış zamanı baş verənlər həmin hökmün hansı məzmunda olacağını təxmin etməyə əsas verir. Eyni zamanda Əliyev hakimiyyətin bu iş üzrə onu sivil dünyanın gözündə növbəti dəfə biabır edəcək və nüfuzdan salacaq addım atmayacağına ümidini ifadə edib.
“Bəxtiyar Hacıyevin və onun kimi azadlıq uğrunda çarpışanların yolu haqq yoludur. Bu cür savaşların sonu isə mütləq haqqın yanında olur”, – deyə Əliyev qeyd edib.



