5 yaşlı qıza qarşı siyasi şantaj


Bütün dünya 17 aprel mitinqində “Azadlıq!” şüarı səsləndirən azyaşlı qızı polisimizin həbs etməsindən söz açdığı halda, Azərbaycan Uşaq Təşkilatının sədri, deputat Gülər Əhmədovanın təsisçisi olduğu “Mərkəz” qəzeti həmin uşağın anasının guya fahişə olması haqqında hədyanlar yazmağa başladı. “Yeni Müsavat” qəzetinin əməkdaşları dərhal sübut etdi ki, azyaşlı qızın anası haqqında bu məlumatları “Mərkəz” qəzetinə danışan Sevda Vəliyeva adlı qadının özü vaxtilə insan alverinə görə həbs edilib. Daxili Işlər Nazirliyinin saytından tapılan məlumata görə, “Azadlıq!”  qışqıran qızın anasını qaralayan Sevdanın özü 2006-cı ildə insan alveri ilə məşğul olduğu üçün və qadınları Pakistana apararaq cinsi istismara məruz qoyduğuna görə tutulub. Bu inkaredilməz fakt ortada olduğu halda belə, mən əminəm ki, etirazçı qızcığazın anası barədə hədyan məlumatın yayılmasında Sevda Vəliyevanın da rolu yoxdur. Varsa da, öz xoşu ilə olmayıb. Bu böhtan texnologiyaları və əməliyyatlarının necə həyata keçirildiyini anlamaq çətin deyil. Bu ölkədə “Azadlıq!” qışqıran hər kəs eyni üsulla böhtana məruz qala bilər.

Dəyərli, oxucular! Əslinə qalsa, mən kiminsə fahişə olmadığını, yaxud fahişə olduğunu sübut etmək üçün bunları yazmıram. Adından və sözündən istifadə edilən Sevda Vəliyevanın qadın alveri ilə bağlı həbs olunması da əsl mətləb deyil. Hətta tutaq ki, onun dediyi düzdür və o uşağın anası nə vaxtsa barda çalışıb. Axı hansısa qadının fahişə olması ictimai problem deyil. Məsələ qadının nə səbəbdən fahişə olmasıdır? Qadın niyə bədənini satmağa məcburdur bu ölkədə? Əsas sual budur!

Bizim dilimizdə qudurğanlıqdan, şəhvət hissindən müxtəlif münasibətlərə meyl edən qadına da fahişə deyirlər. Amma fahişə pul üçün bədənini satan qadındır. “Mərkəz” qəzeti də “Azadlıq” qışqıran uşağın anasına bu damğanı vurmağa çalışır. Hətta onun pul borcu olduğunu da yazır. Bununla da hakimiyyətə xidmət etməyə çalışırlar. Miskin bir xidmətdir. Həm də ona görə ki, bu faktlar hər şeydən öncə hakimiyyətin özünü biabır edir. Sual edirik. Niyə bu ölkənin qadını özünü satmağa məhkumdur? Imkanı olan, iş tapa bilən qadın da özünü barlarda satarmı? Bəs barları bağlamışdınız? Bəs ölkədə analoqu olmayan inkişaf nəticəsində hamı yaxşı yaşamağa başlamışdı?

Azərbaycanı talayan mövcud hakimiyyətin xidmətçiləri bu ölkədə haqqı deyənləri susdurmaq üçün ən iyrənc böhtanlara əl atarkən unudur ki, artıq hər şey tərsinə işləyir. Bizim cəmiyyət yaxşı anlayır ki, fahişə də haqqı tapdanmış adamdır bu ölkədə. Onun da etiraz haqqı var, bəlkə də hamıdan çox etiraz etməlidir pis idarəçiliyə, ədalətsizliyə. Çünki o da bir qurbandır.

Görəsən əməlləri ölkəmizi fahişəlik də daxil olmaqla hər cür bədbəxtliyə sürükləyən korrupsionerlər, yoxsa ölkədəki problemlərin məngənəsində sıxılıb bədənini satmağa məcbur olan bədbəxt qadınlar bu ölkəyə daha çox ziyan vurur?  Görəsən yaltaqlıq, vicdanını və mənəviyyatını satmaq çoxmu yaxşı şeydir? Bəlkə öz bədənini satmaq ölkəsini satmaqdan çox ziyanlıdır? 

Nəhayət, kiminsə fahişə olması bu hakimiyyətin üzərindəki ləkələri, günahları yuyurmu? Məsələn, korrupsiya ləkəsini?! Kiminsə fahişə olması hansı hakimiyyəti qoruyub ki, bizim iqtidarımızı da qorusun? Budurmu bizim azadlıqları qəsb edənlərin söykəndiyi həqiqət? Yox, bu bir şantajdır, siyasi şantajdır həm də. 5 yaşlı qızın siyasi şantajla üzləşdiyi haldır!

Bütün bunlardan sonra “Azadlıq” qışqıran o qızcığaza deməyə yalnız bir sözümüz qalır. Sən bu ölkənin fəxrisən, namususan! Ananın əlindən bərk tut, sloqanlarını isə daha ucadan söylə!