“2 milyon manat bir rayon üçün gülünc məbləğdir”

Nemət Əliyev: «Bir körpünün tikintisinə on milyonlarla pul ayırırlar, böyük əhalisi olan rayonlara isə qəpik-quruş çatır»

Prezident Ilham Əliyev Astara, Masallı və Salyana səfər edəndən sonra bu rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə sərəncam imzalayıb. Sərəncama əsasən, prezidentin ehtiyat fondundan bu rayonların hər birinə 2 milyon manat məbləğində vəsait ayrılması nəzərdə tutulub. Maraqlıdır ki, 2 milyon manat yüzminlərlə əhalisi olan bu rayonların hansı dərdinə dərman olacaq?
Iqtisadçı ekspert Nemət Əliyev deyir ki, Azərbaycan hökuməti bir körpünün tikintisi üçün milyonlarla pul ayırır, böyük əhalisi olan rayonların payına isə qəpik-quruş düşür: “Məsələn, Masallının əhalisi 200 mindən çoxdur. Bu cür böyük bir rayon üçün 2 milyon manat nədir? Əlbəttə ki, heç nə. Bu sözün əsl mənasında gülünc məbləğdir. Necə olur ki, bir körpünün tikintisinə smeta dəyərindən qat-qat artıq məbləğdə vəsait ayırırlar, amma böyük əhalisi olan rayonların  sosial-iqtisadi inkişafını 2 milyon manatla sürətləndirmək istəyirlər?”.  
N.Əliyev bildirir ki, ayrılan məbləğ həmin rayonlarda kosmetik dəyişiklik etməkdən başqa bir işə yaramayacaq: “Nəzərə alsaq ki, bu pullar həmin rayonların icra hakimiyyətlərinə veriləcək, burada korrupsiyanın olması birmənalıdır. Çox böyük ehtimalla pulun bir hissəsini bəzək-düzək işlərinə ayırıb, qalanınını da mənimsəyəcəklər. Amma məsələ ondadır ki, korrupsiya olmasa belə, həmin vəsait hesabına rayonda heç bir ciddi iş görmək mümkün deyil. Belə çıxır ki, bunların məqsədi bir balaca abadlıq işləri apararaq gələn qonaqlarda rayonun vəziyyətinə dair çaşdırıcı fikir yaratmaqdır. Gələnlər desin ki, inkişaf var. Başa düşmürlər ki, ucaltdıqları və rənglədikləri hasarların arxasında yaşayan camaatın güzarını bərbaddır. Kosmetik dəyişikliklə bu vəziyyətə çarə qılmaq olmaz”.